Sağlamlıq üçün böyük əhəmiyyəti olan bitkilərdən biri də sarımsaqdır. Onun tərkibində çoxlu miqdarda vitaminlərin, efir yağlarının, fitonsidlərin, müxtəlif kükürdlü birləşmələrin olması ondan konserv sənayesində, məişətdə, kolbasa istehsalında ədva kimi və xüsusən də təbabətdə geniş surədə istifadə olunmasına zəmin yaradır.
Respublikanın torpaq-iqlim şəraiti sarımsağın əkilib becərilməsi üçün əlverişlidir.
Sarımsaq bitkisinin qida maddələri ilə zəngin, strukturlu, kifayət qədər nəmliyi olan, quru və soyuq küləklərdən mühafizə olunan torpaqlarda əkilməsi əlverişlidir.
Sarımsaq üzvi və mineral gübrələrə daha çox tələbkar olduğundan, şum qabağı hər hektara 30-40 ton çürümüş peyin, 3-4 sen. superforfat verilməlidir.
Fosfor gübrəsinin payız əkinində torpağa verilməsi bitkilərin soyuğa davamlılığını artırır, məhsulun keyfiy-yətinə müsbət təsir göstərir və soğanaqların uzun müddət saxlama qabiliyyətini yüksəldir. Növbəli əkində sarımsağın kələm, xiyar və paxlalılardan sonra əkilməsi məsləhətdir.
Əkin üçün torpağın hazırlanması
Sarımsaq üçün torpağı becərməyə üzləmədən başlamalı, torpaq quru olarsa, əvvəlcə nəmləndirici suvarma aparılmalı və sonra 27-30 sm dərinlikdə ön kotancıqlı kotanla şumlama aparılmalıdır. Sahənin hamar və kələ-kötür olmaması üçün şumdan sonra disklənməli və malalanmalıdır.
Peyinin hamısı, superfosfat gübrəsinin ¾ hissəsi əsas şum altına, qalan hissəsi isə azot və kalium gübrəsi ilə birlikdə yemləmə şəklində verilməlidir.
Sahədə qış aylarında su toplanmaması üçün çöküntülər olmamalıdır, əks təqdirdə, bu sarımsağın çürüməsinə və bakterial xəstəliklərin əmələ gəlməsinə səbəb olar.
Əkin üçün sarımsağın hazırlanması
Sarımsağı əkilməmişdən qabaq dişlərinin iriliyinə görə fraksiyalara ayırmaq lazımdır. Bu işdə SLS-7 markalı maşından da istifadə etmək olar.
Bu bitkinin məhsuldarlığı dişlərin ölçüsündən asılıdır. Əkin iri dişlə aparıldıqda iri, xırda dişlə aparıldıqda isə xırda soğanaqlar alınır. Buna uyğun olaraq məhsuldarlıq da artıb-azalır.
Dişin iriliyindən asılı olaraq (3-8 q dişlər) hektara 800-1000 kq əkin materialı sərf olunur.
Əkin və ona qulluq işləri
Respublikanın torpaq-iqlim şəraitindən asılı olaraq sarımsağın payızda- sentyabr-oktyabr ayında əkilməsi məqsədəuyğundur. Dişlər payızda 4-5 sm dərinliyə basdırılmalıdır. Əkin cərgəvi üsulla, cərgələrin arası 45 sm, dişlərin arası 4-5 sm olmaqla aparılır. Lent üsulu ilə əkin aparılarsa, lentlərin arası 50-60 sm, cərgə arası isə 15-20 sm götürülməlidir. Payızda əkilmiş sarımsaq dekabr-yanvar aylarında 4-5 yarpaq əmələ gətirir və qışı yaxşı keçirir.
Sarımsağın dişləri 2-30C temperaturda cücərməyə başlayır. Dişlər cücərdikdən sonra onların böyüməsi üçün 2-50C istilik kifayətdir. 15-20 dərəcədə dişlər formalaşır, 20-250C-də isə soğanaqlar yetişir.
Sarımsaq bitkisi şaxtaya davamlıdır. Payızda əkilimiş və yaxşı inkişaf etmiş sarımsaq bitkisi 2-50C şaxtaya davam gətirir.
Sarımsaq torpağın və havanın nəmliyi 60-70% olduqda normal böyüyüb inkişaf edir.
Sarımsaq az zəhmət tələb edən faydalı bitkidir. Onun əkini payız fəslinə düşdüyü üçün ona yaza qədər heç bir aqrotexniki qulluq göstərmək lazım gəlmir.
Sarımsağa qulluq alaqetmə, torpağı yumşaltma, bitkilərə yemləmə gübrələri vermə və suvarmadan ibarətdir.
Kütləvi çıxış alınana qədər əkin sahəsində əmələ gələn alaq otları məhv edilməli, çıxışdan sonra bitkilərin dibi yumşaldılmalıdır. Əkinin su yığılmayan sahələrdə aparılması məsləhətdir. Həddindən artıq su, xüsusilə payız əkinində sarımsağa pis təsir göstərir.
Gübrələnməsi
Birinci yemləmə ilk həqiqi yarpaqlar, ikinci yemləmə soğanaqlar əmələ gəldikdə, üçüncü isə ikincidən 15-20 gün sonra verilməlidir. Yemləmədə peyin şirəsindən istifadə etmək daha xeyirlidir.
Yığım
Sarımsaq üçün yığım vaxtının düzgün müəyyən edilməsi çox əhəmiyyətlidir. Sarımsaq yetişdikdə, kök boğazı boşalır, yarpaqlar saralır və gövdə yerə yatmağa başlayır. Yığıma 20 gün qalmış suvarılma dayandırılmalıdır. Yığımı həddən artıq gecikdirdikdə və torpaqda nəmlik artdıqda soğanaqda əlavə köklər əmələ gəlib inkişaf edir, soğanaqlarda və dişlərdə olan quru qabıq partlayır və dişlər oturacağından aralanıb tökülür.
Çıxarılmış sarımsaq 2-3 həftə ərzində sahədə qurudulur. Sonra onu əlavə qurutmaq üçün çardaq altına sərmək lazımdır. Soğanaqlar tam quruduqdan sonra saplaqlar 4-5 sm qalmaqla kəsilir.
Sarımsağın xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri
Yalançı unlu şeh (Peronospora) –Xəstəliyi törədən göbələk olub, yarpaqlarda boz-bənönşəyi örtük əmələ gətirir, sonra isə bu örtüklər saralır. Xəstəliyin təsiri nəticəsində sarımsağın yarpaqları soluxur, bitki zəifləyir və nəticədə məhv olur.
Mübarizə tədbirləri: – toxum materialı Tiram tərkibli preparatlardan biri ilə dərmanlanmalı;
-sarımsaq bitkisi cücərməyə başladığı dövrdə profilaktika məqsədilə sahə 80%-li sinebin 0,4%-li məhlulu və 1%-li Bordo məhlulu ilə çiləmə aparılmalı;
-sarımsaq əkilən sahələrdə cücərtilər əmələ gələn 4 həftədən sonra bitki hüceyrələrinə daxil olaraq xəstəliyin sporlarını məhv edən Ridomil qold (2,5 kq/ha) və ya Revus (0,6 l/ha) preparatlarının birindən istifadə edərək çiləmə aparılmalı;
Sahələrdə ilkin çiləməni bitkinin 3-4 yarpaq mərhələsində Bravo (3,0 l/ha), sonrakı mərhələlərdə Ridomil qold (2,5 kq/ha) və ya Revus (0,6 l/ha) preparatlarının birindən istifadə etmək səmərəlidir.
Soğanaqlar inkişaf etdikcə bitkilər digər xəstəliklərlə də sirayətlənə bilər, bu dövrdə Kvadris (0,8-1,0 l/ha) preparatının soğan bitkisinin bütün yarpaq xəstəliklərinə qarşı istifadəsi məsləhətdir və preparat yaşıllaşdırıcı təsirə malik olaraq bitkinin fotosintezini yüksəldir, keyfiyyətini yaxşılaşdırır və məhsuldarlığı artırır.
Havanın mənfi streslərinə, eləcə də herbisidlərin istifadəsi zamanı əmələ gələn streslərə qarşı İzabion (2,0 l/ha) biogübrəsi ilə çiləmə aparmaq səmərə verir. İlk çiləmənin soğanaqların əmələ gəlmə mərhələsində, sonrakı çiləmələrin isə 15-20 gün interval ilə aparılması tövsiyə olunur.
Boğaz çürümə – Bu göbələk sarımsağı anbarda saxlama dövründə zədələyir. Göbələk sarımsağın boğazından daxil olaraq onun cürüməsinə səbəb olur. Xəstəlik göbələyin mitselləri vasitəsilə yayılır.
Mübarizə tədbirləri: sahəni bitki qalıqlarından təmizləmək, çürümüş sarımsaqları yığıb məhv etmək, əkin materialını qabaqcadan Tiram tərkibli preparatlardan biri ilə dərmanlamaq.
4 illik əkin dövriyyəsinə əməl olunmalıdır. Əkin və səpin üçün sağlam materialdan istifadə edərək, erkən səpin və əkin aparmaq tövsiyə olunur.
Sarımsaq bitkisinin ilkin inkişaf mərhələsində azot, vegetasiyanın ikinci yarısında isə fosfor –kalium mineral gübrələrindən səmərəli istifadə olunması məsləhətdir. Əkindən 8-9 həftə sonra azot gübrələrindən istifadə səmərəsizdir.
Son zamanlar boğazçürümə xəstəliyinə qarşı Bravo, Kvadris və Sviç preparatları mis və mankozeb tərkibli preparatlara nisbətən daha səmərəlidir və məhsul yığımına 7-14 gün qalmış preparatlardan son dəfə istifadə edilməlidir.
Soğan milçəyi–Ən qorxulu zərərverici olub, həm də sarımsaq bitkisinə böyük ziyan verir. 2,5-3,5 mm böyüklüyündə olan bu kiçik milçək pup mərhələsində torpağın 10-20 sm dərinliyində yalançı barama içərisində qışlayır, milçəklər may ayında uçmağa başlayırlar. Mayalanmış dişilər yumurtalarını bitkilərin yaxınlığında torpağa qoyur, 3-8 gündən sonra yumurtadan sürfələr çıxır. Sürfələr sarımsaq başına daxil olub qidalanır, nəticədə bitki saralır və quruyur.
Mübarizə tədbirləri: toxum materialı səpindən qabaq Diazinon tərkibli preparatlardan biri ilə dərmanlanmalıdır.
Zəzərvericinin gözlənilən uçuşundan 2-3 gün əvvəl Aktara (0,4 kq/ha) preparatı ilə profilaktiki çiləmə aparılmalı, zərərvericinin ikinci nəsli əmələ gəldikdə Aktara (0,2 kq/ha) + Karate Zeon (0,2 l/ha) preparatlarının qarışığından və ya Hektaş Diazinon (0,7 l/ha) preparatından istifadə etməklə mübarizə aparılmalıdır.
Soğan milçəyi aşkar edildikdə bitkinin ətrafının Bordo məhlulu ilə 2-3 dəfə çilənməsi tövsiyə olunur.
Soğanın gövdə nematodu–sarımsağın əkin materialında və torpaqda qışlayan, çox kiçik (1-1,5 mm) ölçülü sapvari ağ rəngdə qurddur. Bu nematod qurumuş halda çürümüş sarımsaq tullantılarında, sahələrdə yoluxmuş bitki qalıqlarında, torpaqda bir neçə il qala bilir.
Rütubətli və yağışlı havalar zərərvericinin yayılmasına və zərər verməsinə zəmin yaradır və nəticədə sarımsaqlar quruyur və cürüməyə başlayır.
Mübarizə tədbirləri: sağlam əkin materialından istifadə etmək və növbəli əkin sisteminə riayət etmək; sarımsaq bitkisini kələm, xiyar və pomidor bitkisindən sonra yetişdirmək lazımdır;
– sarımsaq nematodla sirayətlınmiş sahəyə yalnız 4-5 ildən sonra əkilə bilər. Eyni zamanda, soğanaqlar 10-15 dəqiqə 400C və ya 2-4 dəqiqə 550C temperaturlu su ilə isladılır. Cərgələr arasına gülümbahar (календулa) bitkisinin əkilməsi səmərəlidir.
– vegetasiya müddətində Oxamyl tərkibli Heksamyl SL (3 l/ha) preparatı ilə çiləmə aparmaq tövsiyə olunur.
Yuxarıda qeyd olunanlara ciddi surətdə əməl olunmalıdır.