
Respublikamızda aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarıyla, o cümlədən müxtəlif növ tərəvəzlərlə təmin olunması işində öz funksiyasını yerinə yetirən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu yarandığı gündən bu vaxta qədər uzun bir inkişaf yolu keçmiş, bu sahədə xeyli işlər görmüş və hazırda da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməkdə davam edir.
Azərbaycanda tərəvəzçiliyin inkişafı keçən əsrin əvvəllərində xalq seleksiyaçıları tərəfindən tərəvəz sortlarınını yaradılması ilə başlamışdır. 1934-cü ildə Ümumittifaq Bitkiçilik İnstitutunun Azərbaycan filialının yaradılması və orada əsasən tərəvəz bitkilərinin dünya kolleksiyasının öyrənilməsi, 1946-cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qusarçay Zona Təcrübə Stansiyasının yaradılması və burada seleksiya və aqrotexnika sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi, tərəvəzçiliyin elmi əsaslarla inkişafının Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılana qədər keçdiyi tarixi yolun qısa xülasəsidir. Respublikamızda kənd təsərrüfatının ən vacib sahələrindən biri kimi tərəvəzçiliyin daha da inkişaf etdirilməsi məqsədi ilə 1965-ci ilin iyun ayında Azərbaycan SSR-nin Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən Tərəvəz bitkiləri şöbəsinin bazasında Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılmış və həmin ildən də müstəqil elmi-tədqiqat institutu statusu ilə fəaliyyətə başlamışdır.
İnstitut 1994-cü ildən “Tərəvəz-Toxum” Elm İstehsalat Birliyinə çevrilmiş, 2000-ci ildən isə yenidən Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarı ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli 748 nömrəli Fərmanı ilə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.
Strurktur etibarı ilə institut elm və istehsalat şəbəkələrindən ibarətdir. Elm şəbəkəsinə tədqiqat işləri ilə məşğul olan şöbə və laboratoriyalar, istehsalat şəbəkəsinə isə üç təcrübə stansiyası, bir dayaq məntəqəsi və bir yardımçı təcrübə təsərrüfatı daxil olub, geniş tədqiqat işlərinin aparılmasını təmin edir.
İnstitut 1965-ci ildən indiyə qədər institutda tərəvəz, bostan və kartof bitkilərinin 150-dən çox sortu yaradılmışdır ki, onlardan da 67-i rayonlaşmış, 41 sort isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində sınaqdan keçirilir.
İnstitut yarandığı vaxtdan bu günə qədər, genefondda toplanmış müxtəlif tərəvəz, bostan və kartof bitkilərinin 6000-dən çox yerli və xarici mənşəli kolleksiya nümunələri öyrənilmiş, qiymətləndirilmiş və seleksiya məqsədləri üçün seçilmişdir. İnstitutun tabeli qurumlarında tərəvəz, bostan və kartof sortlarının məhsuldarlığının artırılması istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticəsi olaraq, yeni sortların, ailələrin və təmiz xətlərin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, zərərverici və xəstəliklər kompleksinə qarşı əlverişli mübarizə tədbirlərinə, məhsulların saxlanması və emalına aid yeni, səmərəli təkliflər işlənib hazırlanaraq fermerlərə təklif olunmuşdur.