11.1.jpg
11.jpg

Yerkökü bitkisinin xəstəlikləri

 

     Yerkökü bitkisinin xəstəlikləri aşağıdakılardır:

1. Qara çürümə (Alternarioz) Alternaria radicina Meier, Drechsl, et Eddy, Macrosporrium caratae Ell. Et. Lanq.)

2. Ağ çürümə (Skleretinoz) (Sclerotinia libertiana Fuckl.)

3. Boz çürümə (Botrytis cinerea Fr.)

4. Quru çürümə (fomoz) (Phoma rostrupii Sacc.)

5. Rizoktonioz (keçə xəstəliyi) (Rhizoctania violacea Tul.)

6. Unlu şeh (Erysiphe umbelliferarum D.B.)

7. Yalançı unlu şeh (Plasmopara nivea Schrot.)

8. Qaraayaq (Baccilus phytophthorus App.)

9. Bakterioz (Xanthomonas corotae Dows.)

10. Bakterial yaş çürüməsi (Erwinia carotovora (Jan) Holl. Bacillus carotovarus Jan.)

 

Qara çürümə xəstəliyi (Alternarioz)

 (Alternaria radicina M.D.et E.)

 

Bu xəstəliyə yerkökü bitkisi vegetasiyanın müxtəlif mərhələlərində yoluxa bilir. Birinci ili əkilən bitkilərdə bu xəstəlik cücərtilərdə qaraayaq xəstəliyi kimi özünü göstərir. Bu vaxt yarpaqlar saralır, quruyur və ya çürüyür. Rütubətli havada onların üzərində yaşımtıl-qəhvəyi rəngdə kif örtüyü, göbələyin spordaşıyıcıları əmələ gəlir. Yerkökünü anbarlarda saxladıqda bu xəsətliyin əlamətləri fomoz xəstəliyinin əlamətlərinə çox oxşayır. Bu vaxt fomoz xəstəliyində olduğu kimi meyvənin yanlarında və təpə hissəsində azacıq basıq formada quru ləkələr əmələ gəlir. Xəstələnmiş toxumanı kəsdikdə içərisi qara kömür rəngində olur. Toxumluq kökümeyvələrin təpə böyümə nöqtəsi xəstəliyə tutularsa, çətir yarpaqlar və gövdə əmələ gətirmir. Xəstəlik meyvədən gövdəyə keçir və gövdənin aşağı hissəsi qaralır. Xəstəliyin yoluxma mənbəyi bitkinin toxumu və bitki qalıqlarıdır. Bu xəstəlik yerkökü, cəfəri, cırhavuc, kərəviz bitkilərininə zərər verir (şəkil 1).

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə əməl etmək, yerkökü əkilmiş sahəyə həmin bitkini 3-4 ildən sonra əkmək.

2. Toxumu zərərsizləşdirmək üçün 520 C suda 15 dəqiqə saxlamaq, sonra soyuq su ilə yaxalayıb qurutmaq və 80 %-li tiram  preparatı (3-5 q /kq) və ya 35 %-li metalaksil (3 q/kq) preparatı ilə dərmanlamaq.

3. Toxumluq yerkökünü toxum almaq məqsədilə anbara yığmaqdan qabaq 80 %-li tiram preparatı (3-5 kq/tona) ilə dərmanlamaq.

4. Birinci il səpilmiş yerkökü sahəsini 20 %-li Bordo bulamasının 1 %-li  məhlulu ilə çiləmək, toxum məqsədilə yığılacaq meyvələrin mexaniki zədələnməsinə və şaxta vurmasına yol verməmək.

 

Ağ çürümə (sklerotinoz) xəstəliyi

(Sclerotinia Libertiana Fuckl.)

 

Yerkökü bitkisinin saplağında və yarpaq damarlarında qəhvəyi-boz ləkələr əmələ gəlir. Meyvənin lət hissəsi boşalır, rəngi boz çürümədə olduğu kimi dəyişilmir. Yoluxmuş kökümeyvənin üzərində ağ pambıq kimi örtük əmələ gəlir. Xəstəlik yerkökü meyvələri üzərində topalar şəklində yığılır. Bu xəstəlik toxumluqlara zərər verir. Toxum məqsədilə əkilən xəstə yerkökü bitkisi çətir əmələ gələn kimi çürüyür. Xəstəlik, yoluxmuş yerkökü meyvəsi və torpaq vasitəsilə yayılır (şəkil 2).

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə riayət etmək.

2. Torpağa lazımi normada kalium və fosfor gübrələri vermək.

3. Toxumluq  materialını  anbara  qoymamışdan  qabaq hər 10 kq meyvəyə 150-200 q hesabı ilə təbaşir tozu ilə tozlandırmaq.

 

Boz çürümə xəstəliyi (Botrytis cinerea Fr.)

 

Bu xəstəliyə tutulmuş kökümeyvələr, ağ çürümədə olduğu kimi, yumşaq olur, lakin burada toxumlar boz rəngdə olur. Kökümeyənin üzərində kütləvi boz örtük əmələ gəlir ki, bu da göbələyin spordaşıyan lifləridir. Xəstəliyin konididaşıyanları uzun olub, qurtaracağı ağac şəklində budaqlanmışdır. Konidi lər oval formada bir hüceyrəli olur, rəngsizdir. Bu xəstəlik kökümeyvələrə anbarda saxlama müddətində daha çox zərər verir. Xəstəlik torpaq və yoluxmuş əkin materialı vasitəsilə yayılır. Boz çürümə, həmçinin, bir çox tərəvəz və texniki bitkilərə də zərər verir (şəkil 3).

Mübarizə tədbirləri: ağ çürümə xəstəliyinə qarşı aparılan kimidir.

 

Quru çürümə (fomoz) xəstəliyi

(Phoma rostrupii Sacc.)

 

Kökümeyvəlilər quru çürümə xəstəliyinə ən çox saxlama dövründə yoluxurlar. Xəstələnmiş kökümeyvə üzərində boz rəngdə azacıq basıq formalı ləkələr müşahidə edilir. Bu ləkələrin altında olan toxumlar quru, qara çürümədən fərqli olaraq qəhvəyi rəngdə olur. Xəstəliyin ilk əlamətləri sürətlə inkişaf etdikdə kökümeyvə kəpək kimi olub, boşalır. Bu zaman göbələyin ağ rəngli mitselləri müşahidə edilir (şəkil 4).

Göbələyin piknidiləri anbarlarda qışın orta aylarında və bəzən daha gec əmələ gəlir. Xəstəlik kökümeyvənin baş və ayaq hissəsindən başlayır. Xəstə kökümeyvələri ikinci il toxum məqsədilə əkdikdə toxumluq yaxşı inkişaf etmir. Kökümeyvənin xəstələnmiş sahəsi quruyur, boz rəng alır və üzəri tutqun nöqtələrlə (göbələyin piknidləri ilə) örtülür. Belə əlamət bitkinin çiçək çətirlərində də müşahidə edilir.

Xəstəliyin yoluxma mənbəyi toxum, kökümeyvə və sahələrdə qalan bitki qalıqlarıdır.

Mübarizə tədbirləri: qara çürümə xəstəliyində olduğu kimidir.

 

Rizoktonioz  xəstəliyi (Rhizoktonia violacea Tul)

 

Bu xəstəlik həm açıq sahədə, həm də anbarlarda müşahidə olunur. Xəstələnmiş meyvələrin səthində boz, qurğuşun rəngində boz örtüklü çəhrayı ləkələr olur. Bəzən qara rəngli kiçik yalançı sklerotsilər əmələ gəlir. Saxlama dövründə kökümeyvələr bu xəstəlikdən çürüyür. Toxumluq bitkilərdə xəstəlik nəticəsində yarpaqlar saralır, bükülür, kiçilir və quruyur. Yoluxma mənbəyi torpaq və kökümeyvələrdir. Bu xəstəlik yerkökündən əlavə çuğundur, turp, cəfəri bitkilərinə də zərər verir.

 

Mübarizə tədbirləri:

1. Növbəli əkin sistemi aparılan sahədə yerkökü bitkisi dörd ildən sonra əkilməlidir.

2. Torpağa əhəng verilməsi məsləhətdir.

3. Toxum materialını 80 %-li tiram (3-5 q/kq), 35 % metalaksil (2-3 q/kq)  preparatları ilə  dərmanlamaq lazımdır.

 

Unlu şeh xəstəliyi (Erysiphe communis f. brass Gerv.)

 

Xəstə yarpaqlar üzərində çox çətin nəzərə çarpan ağ rəngli mitseli örtüyü əmələ gəlir. Xəstəlik törədən göbələk bütün yayı öz konidiləri ilə yayılır. Vegetasiyanın sonunda bu örtüklər üzərində göbələyin qışlama dövrünün kleystokarpiləri yaranır. Xəstəlik külək və cücülər vasitəsi ilə yayılır. Xəstəliyi törədən göbələklər bitki qalıqları üzərində qışlayır. Xəstəlik yerkökünün vegetasiyasının əvvəllərində müşahidə edilməsinə baxmayaraq, vegetasiyanın ikinci yarısında daha çox ziyan vurur. Quraqlıq illərində xəstəlik sürətlə inkişaf edir (şəkil 6).

Mübarizə tədbirləri:

1. Tarlada bitki qalıqlarını məhv etmək.

2. Sahədə və onun kənarlarında olan alaq otlarını məhv etmək.

3. Növbəli əkin sisteminə riayət etmək.

4. Bitkiləri 80 %-li kolloid kükürdlə (4-6 kq/ha), 100 q/l penkonozal (0,6-0,8 l/ha) preparatları ilə çiləmək.

Yalançı unlu şeh xəstəliyi  (Perenospora brassicae Caum.)

 

Bu xəstəliklə yoluxmuş bitkilərin ləpəsi və yarpaqlarının üst tərəfində sarı, yaşıl və boz ləkələr, alt tərəfində isə zəif ağ örtüklər əmələ gəlir. Bu ləkələr tədricən böyüyür, yarpaq saralır və quruyur. Gövdə üzərində tutqun, parıldayan ləkələr əmələ gəlir və rütubətli havada onların üzəri ağ örtüklə örtülür. Zədələnmiş cavan zoğlar eybəcərləşir və quruyur. Xəstəlik toxum materialı və bitki qalıqları vasitəsilə yayılır. Rütubətli hava şəraitində xəstəlik daha sürətlə inkişaf edir (şəkil 7).

Mübarizə tədbirləri:

1. Bitkilərə aqrotexniki qaydada qulluq edilməlidir.

2. Toxumlar 80 %-li TMTD preparatı ilə dərmanlanmalıdır.

3. Toxumluq sahələrdə xəstəlik baş verən kimi 1 %-li Bordo məhlulu ilə çilənməlidir.

 

Qaraayaq xəstəliyi (Baccilus phytophthorus App.)

 

Bu xəstəliyi törədən bakteriya yerkökünün kök boğazında olur. Nəticədə bu nahiyə qaralır, bitki soluxur və nəhayət məhv olur (şəkil 8).

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Toxumu 80 %-li tiram (3q/kq toxuma) və ya 35 %-li metalaksil (2 q/kq toxuma) preparatları ilə dərmanlamaq lazımdır.

 

Bakterioz xəstəliyi (Xantlomonas corotae D.)

 

Bu xəstəliyə birinci il səpilmiş yerkökü bitkisi və toxumluqlar tutulurlar. Xəstələnmiş bitkinin yarpaqları altında əvvəlcə kiçik sarı ləkələr əmələ gəlir, sonradan bu ləkələr sürətlə tutqunlaşır, tutqun boz və qəhvəyi rəng alır. Belə xəstə yarpaqlar saralır və quruyub məhv olur (şəkil 9).

Toxumluq bitkilərin gövdəsində tutqun-boz sulu ləkələr və ya zolaqlar əmələ gəlir. Bitkinin buğum bəndləri xəstələndikdə toxumalar yumşalır, qaralır və quruyur. Yerkökünün meyvəsi üzərində qəhvəyi ləkələr və ya yaralar əmələ gəlir. Xəstəlik toxum vasitəsilə yayılır. Eyni zamanda xəstəlik bitki qalıqlarında və kökümeyvələrin üzərində olur. Bu yerkökünün geniş yayılmış xəstəliyidir.

Mübarizə tədbirləri:

1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə yerkökü bitkisini 3-4 ildən sonra əkmək.

2. Toxumu 80 %-li tiram preparatı ilə (3-5 q/kq toxuma) dərmanlamaq.

3. Birinci il bitkiləri 20 %-li Bordo bulamasının  1 %-li mayesi ilə çiləmək.

4. Anbarda saxlama müddətində temperatur 0,2-10 C, nisbi rütubət isə 85-90 % olmalıdır.

 

Bakterial yaş çürümə xəstəliyi (Erwinia carotovora (Jan) Holl.)

 

Bu xəstəlik yerkökü bitkisini hələ sahədə ikən yoluxdura bilir. Kökümeyvənin ayaq  hissəsində sulu ləkə əmələ gəlir, nəticədə bitki məhv olur. Saxlama zamanı xəstə meyvələr çürüyür və xoşa gəlməyən iy verir. Anbarlarda xəstəliyin yayılması xəstə meyvənin sağlam meyvə ilə təması zamanı baş verir. Xəstəliyin mənbəyi bitki qalıqlarıdır. Bu xəstəlik yerkökü bitkisindən əlavə cəfəri, kərəviz, cırhavuc bitkilərini də yoluxdurur (şəkil 10).

Mübarizə tədbirləri:

1. Anbarda saxlamaq üçün sağlam meyvələr seçilməlidir.

2. Saxlama müddətində anbarda temperatur 0-20 C, nisbi rütubət isə 80-85 % olmalıdır.

3. Saxlama zamanı kökümeyvələri 80 %-li tiram (2 kq/t) preparatı ilə dərmanlamaq lazımdır.

 

YERKÖKÜ BİTKİSİNİN ZƏRƏRVERİCİLƏRİ

 

Yerkökü uzunburunu (Liparus coranatus Gz.)

 

İri böcək olub (8-15 mm), bədəninin rəngi qaradır. Ön döşünün üzərində ağ rəngli zolaqlar vardır. Sürfə mərhələsində torpaqda qışlayır. Yazda qışlamadan çıxan sürfələr yerkökü və sairə çətirçiçəkli bitkilərin kökləri ilə qidalanır. Qışlamaya qədər qidalandıqdan sonra ikinci il yenidən qışlayır və ikinci ilin yazında torpağın 10-20 sm dərinliyində puplaşır. Dişi böcəklər yazda və payızda öz yumurtasını kök boğazına qoyurlar. Bir nəslin inkişafı iki il çəkir. Böcəklər yerkökü, çuğundur və sair çətirçiçəkli bitkilərlə qidalanır və onlara zərər verirlər (şəkil 11).

Mübarizə tədbirləri:

1. Toxum səpinindən qabaq 65 %-li tiametaksam (2 q/kq) preparatı ilə dərmanlanmalı.

2. Böcəklərə qarşı sahələrdə 20 %-li malation (3 l/ha), 40 %-li demetoat (1,5-2,0 l ha) preparatları ilə çiləmə aparmalı.

 

Yerkökü milçəyi (Psila rosae F.)

 

Bədəninin uzunluğu 4-5 mm olub, qara rəngli, parıldayandır. Bu milçək pup mərhələsində torpaqda qışlayır. Bəzən anbarlarda kökümeyvələrin içərisində də qışlaya bilir. Milçəklərin uçması may, iyun aylarına təsadüf edir. Milçək yumurtasını bitki köklərinin yanına və bəzən bitkinin kök boğazına 1-2 ədəd olmaqla qoyur. Bir dişi fərd 100-200 yumurta qoyur. Bu zərərvericinin yumurta qoyma prosesi 1-1,5 ay davam edir. Rüşeymin inkişafı 5-15 günə başa çatır. Sürfələr kökün, meyvənin içərisinə girib qidalanır və onun daxilində yollar açırlar. Zədələnmiş kökün meyvələri kobudlaşır, öz dadını itirir.

Sürfələrin inkişafı bir aya kimi davam edir. Onlar torpağa girir və orada puplaşırlar. Yay aylarında 15 gündən sonra yalançı baramalardan yeni nəslin milçəkləri uçmağa başlayır. Birinci nəslin sürfələri iyun-iyul, ikinci nəslin sürfələri isə avqust - sentyabr aylarında zərər verirlər (şəkil 12).

Mübarizə tədbirləri:

Toxumu səpindən qabaq 60 %-li Emidakloprid (2 q/kq) və ya 35 %-li tiametoksam  (3 q/kq) preparatı ilə dərmanlamaq lazımdır.

 

Çətirçiçək güvəsi (Depressaria daucella Den. Et. Schiff.)

 

Bədəncə çox böyük olmayan (qanadı açıq vəziyyətdə 18 mm-ə kimi) kəpənəkdir. Bu zərərverici kəpənək mərhələsində müxtəlif gizli sığınacaq yerlərində qışlayır. Kəpənəklərin uçması may ayında müşahidə olunur. Kəpənəklər yumurtalarını yuxarı yarpaqlara və çiçəklər üzərinə qoyurlar. Yumurtalar kiçik (0,5 mm), oval formada, açıq yaşıl rəngdədir. İyun ayında tırtıllar görünməyə başlayır.

Tırtıllar açıq-sarı rəngli olub, başları qaradır. Bu tırtılların səciyyəvi xüsusiyyəti onların çiçək çətirini tor ilə örtməsidir. Tırtıllar yerkökü bitkisinin qönçəsi, çiçəyi və toxumu ilə qidalanır. Sonra bitkinin qönçəsi üzərində puplaşır. Avqust ayında puplardan yeni nəslin kəpənəkləri uçur və onlar payızın axırında qışlamaya gedirlər. Yerkökünün toxumlarına, şüyüdə, cırhavuca zərər verir.

Mübarizə tədbirləri:

1. Çətirlər üzərindən tırtılları əl ilə yığmaq, çox zədələnmiş çətirləri məhv etmək.

2. Toxumluq sahələrdə 40 %-li demetoat (1,5-2,0 l/ha), 2,5 %-li deltametrin (0,3 l/ha) preparatları ilə çiləmə aparmaq.

1.1.jpg
1.jpg
2.jpg
2.1.jpg
3.jpg
3.1.jpg
4.jpg
4.1.jpg
5.1.jpg
5.jpg
6.jpg
6.1.jpg
7.1.jpg
7.jpg
8.jpg
9.jpg
9.1.jpg
10.jpg
10.1.jpg
12.1.jpg
12.jpg
13.1.jpg
13.jpg