Xiyarın xəstəlik və zərərvericiləri
Qeyri-infeksion xəstəlikləri
Xiyarın aşağı temperatur nəticəsində zədələnməsi və yaxşı tozlanmaması zamanı yarpaqlar solur, onların üzərində mozaika əmələ gəlir. Meyvələrin üzərində qeyri-bərabər mozaik ləkələr əmələ gəlir, adətən meyvələrin uc hissəsi ağ olur.
Virus və bakteriya xəstəlikləri
Xiyar mozaikası (Cucumis virus-1. Smith.)
Bitkinin erkən inkişaf fazalarında inkişafdan qalmasına, buğumaralarının qısalmasına səbəb olur. Yarpaqların üzərində xlorotik zonalar formalaşır, çox vaxt köhnə yarpaqların damarları arasında toxumada saralma müşahidə edilir. Yarpaqların tünd yaşıl hissələri qırışmış qabarıq forma alır. Eyni əlamətlər meyvələrin üzərində də olur (şəkil 1).
Yaşıl xiyar mozaikası bitkinin boy atmasını ləngidir, cavan yarpaqlarda və gövdənin ucunda açıq rəngli mozaik əlamətlərlə tünd ləkələr növbələşir. Çiçəklərin çox hissəsi tökülür, əmələ gəlmiş meyvələr isə kiçik olur (şəkil 2).
Mübarizə tədbirləri:
1. Növbəli əkin sisteminə riayət etmək.
2. Xiyar bitkisini meyvə ağacları və kolluqlardan (mənənənin kütləvi çoxaldığı yer) aralı əkmək.
3. Alaq otlarına və mənənələrə qarşı vaxtaşırı mübarizə aparmaq.
Bakterioz (Pseudomonas lachrymans E.F. Sm. Et. Bryan Car.)
İlkin əlamətləri yarpağın damarları arasındakı hissələrdə nəm ləkələrin əmələ gəlməsilə müşahidə olunur. Bəzən bu ləkələrin ətrafı sarı rəng alır. Ləkənin orta hissəsi nekrozlaşır və yarpağın üzərində çoxsaylı deşiklər əmələ gəlir (şəkil 3). Meyvələrin üzərində nekroz müşahidə olunur və onlar deformasiyaya uğrayır.
Mübarizə tədbirləri:
1. Növbəli əkin sisteminə əməl etmək.
2. Dərin şum aparmaq, bu zaman bitki qalıqları torpağın qalın qatına düşür, xəstəlik törədiciləri məhv olur.
3. Toxum materialını sağlam bitkilərdən götürməli, toxumu 80 %-li tiram (3 q/kq) preparatı ilə dərmanlamalı.
4. Sahədə 20%-li Bordo bulamasının 1%-li və ya 50%-li mis oksixlorun 0,4%-li məhlulu ilə çiləmə aparmalı.
Bakterial soluxmanın ilkin əlamətləri bitkidə soluxmuş sahələrin, sonradan isə bütün bitkinin soluxması və quruması kimi müşahidə olunur. Yarpaq saplaqları başlanğıcda yaşıl qalır, sonra isə saralır və quruyur. Gövdə uzun müddət normal görüntüdə qala bilir (şəkil 4)
Göbələk xəstəlikləri
Qaraayaq (Rhizoctonia spp.Phythum spp.)
Əsasən istixanalarda əkin sıxlığı yüksək olan şitillərdə torpağın və havanın rütubətliliyinin yüksək, havalanmanın isə pis olduğu şəraitdə əmələ gəlir. Bu xəstəlik xüsusən cücərtilər əmələ gəldikdən sonra ilk həftələrdə müşahidə olunur (şəkil 5).
Mübarizə tədbirləri:
1. Şitilləri dezinfeksiy etmək.
2. Şitil yetişdirəndə aqrotexniki tədbirlərə düzgün əməl etmək.
3. Sağlam şitilləri pikirovka etmək, xəstə şitilləri isə atmaq lazımdır.
Perenossporoz və ya yalançı unlu şeh (Pseudoperenospora cubensis. Rostow L.)
İlkin əlamətləri yarpaqlarda meyvə əmələgəlmə dövründə görünür. Yarpaqların üzərində damarlarla məhdudlaşmış sulu qeyri-düzgün formalı ləkələr əmələ gəlir, yüksək rütubətlilik şəraitində yarpağın alt hissəsində boz-bənövşəyi və ya qara örtük əmələ gəlir. Yoluxmuş yarpaqlar orta damar boyu qıvrılır və tədricən quruyurlar. Yarpaq üzərindəki ləkələr getdikcə birləşərək yarpağı tam əhatə edir. Ləkələrin ortasında toxuma nekrozlaşır, yarpaqlar quruyur, ancaq tökülmür. Yarpaqların kənarları yuxarı doğru qıvrılır (şəkil 6).
Unlu şeh (Epysiphe Cichoracearum, Sphaerotheca fuliginea)
Adətən bitkinin yarpaqları və gövdəsini unlu örtüklə örtür, çiçəklərin isə yalnız az bir qismi meyvə tutur. Əlamətlər başlanğıcda zəif görünən ağ örtük kimi yarpağın alt hissəsində görünməyə başlayır. Sonradan yarpağın üst hissəsində ağ yumru ləkələr əmələ gəlir. Yarpaqlar deformasiya olur, dalğalı səth alır, qıraqları isə quruyur. Belə örtük tədricən yarpaq saplağına və gövdəyə yayılır. Meyvələr yoluxmur, lakin xırda, büzülmüş və acı olurlar. Güclü yoluxma zamanı bitki bütövlükdə məhv ola bilir (şəkil 7).
Askoxitoz (Ascochyto cucumis Faurtr et. Roum.)
Əlamətləri bitkinin bütün yerüstü hissələrində, yarpaqlarda, gövdələrdə, bığcıqlarda və meyvələrdə əmələ gəlir. Xəstəlik kütləvi meyvə əmələgəlmə dövründə daha aktivləşir. Yarpaqların üzərində böyük dairəvi açıq xlorotik və ya parlaq yaşıl rəngli ləkələr əmələ gətirir. Gövdə üzərində quru boz ləkələr olur. Meyvələr üzərində askoxitoz meyvənin saplaq tərəfindən və yaxud uc hissəsindən yoluxmaya başlayır. Toxuma quruyur, piknidlərlə örtülür və getdikcə yaş çürümə tipi kimi dağılır. Bəzən də meyvələrin uc hissəsində pas rəngli çürüntü əmələ gəlir (şəkil 8).
Mübarizə tədbirləri:
1. Növbəli əkin sisteminə əməl etmək, sahədən bitki qalıqlarını yığıb məhv etmək.
2. Sahələrdə 50 %-li benomilin 1%-li, (0,8-1,0 kq/ha), 50 %-li mis oksixlorun 1 %-li məhlulları ilə çiləmə aparmaq.
3. Toxum ancaq sağlam bitkilərdən götürülməli və 80 %-li tiram preparatı ilə dərmanlanmalıdır.
Antraknoz (Colletotrichum langenarium E.et H.)
Yarpaqlarda, gövdədə və meyvədə əmələ gəlir. İlkin simptomlar şitillərin kök boyuncuğu sahəsində batıq palıdı rəngli ləkələr kimi görünə bilir. Yarpaqların və gövdənin üzərində antraknoz sarımtıl və ya palıdı rəngli ləkələr əmələ gətirir. Adətən, bu ləkələr yarpağın qıraqlarında və ya damarlararası hissədə əmələ gəlir və sonradan birləşə bilirlər (şəkil 9).
Alternarioz (Alternaria spp.)
Əhəmiyyətli dərəcədə bitkinin mexaniki zədələnmiş hissələrindən başlayır. Xəstəlik aşağı yarusdakı yarpaqlarda çox kiçik, azacıq qabarmış, quru, açıq-palıdı rəngli, bütün yarpaq səthinə dağılmış şəkildə ləkələr əmələ gətirir. Ləkələr dairəvi formada olur, bəzən də damarlarla məhdudlaşdırılır (şəkil 10).
Qara kif (Aspergiluus niger)
İlkin əlamətləri boz-sarı, quru və azacıq qabarmış ləkələr şəklində əmələ gəlir. Nəmli hava şəraitində yarpaqların alt hissəsində tünd örtük əmələ gəlir. Yüksək dərəcəli yoluxma zamanı güclü nekroz müşahidə edilir və yoluxmuş toxuma tökülür (şəkil 11). Xəstəliyin inkişafı üçün havanın yüksək rütubəti və yüksək temperaturu münbit hesab edilir. Kəskin temperatur dəyişikliyi də xəstəliyin inkişafına yardım edir.
Fuzarioz soluxma (Fusarium Oxisporium Sch f. Niveum Bilai.)
Xəstəliyin əlamətləri bitkinin bütün inkişaf fazalarında müşahidə edilə bilir. Yoluxmuş cücərtilər torpağın üzərinə çıxmadan məhv olurlar. Kiçik şitillər saralır və yatırlar. Bitkinin çiçəkləmə və meyvə əmələgətirmə dövründə gündüz bitki uc hissədən soluxur, gecə saatlarında isə bərpa olunur. Getdikcə bitki gündüz tam solur, nə gecə, nə də suvarmadan sonra bərpa olunmur. Kəskin formada yoluxma zamanı bitki qəfildən solur və quruyur. Xəstələnmiş bitkilərin meyvələri çox acı olurlar. Bitkinin kök boyuncuğunda yaralar əmələ gəlir və gövdə uzununa çatlayır (şəkil 12).
Vertisilyoz soluxma (Verticillium albo-artum Rein et Berth.)
İlkin əlamətləri bitkinin çiçəkləməsindən öncə əmələ gəlir. Yoluxmuş bitkilər inkişafdan dayanır, buğumaraları qısalır və tünd yaşıl rəngli olurlar. Alt yarpaqlar solurlar, onların üzərində tədricən yayılan xlorotik ləkələr əmələ gəlir. Yoluxmuş yarpaqlar saralır, nekrozlaşır və tökülür (şəkil 13). Xəstəlik bütün bitkiyə yayılır və bitkini deformasiyaya uğradır. Bitkinin kökləri sağlam görünür, ancaq en kəsiyinə baxdıqda örtücü sistemin qonurlaşması müşahidə olunur.
Kök və gövdə çürüməsi (Fusarium spp. Phythum spp. Rizochtonia spp.)
Müxtəlif patogen göbələklər tərəfindən yaradılır. Patogen şitil fazasında bitkinin tam məhv olmasına səbəb ola bilir. Meyvə əmələgəlməsi fazasından öncə kök çürüməsi kimi inkişaf edə bilir. Yoluxmuş bitkilər rənglərini dəyişmədən solur və sonra da quruyurlar. Gövdənin torpağa yaxın hissəsində və kökün üzərində sulu, qara, xoşagəlməz qoxulu ləkələr əmələ gəlir. Yoluxmuş toxumalar tez məhv olurlar (şəkil 14).
Ağ çürümə (skleretinioz) (Sclerotinia sclerotiorium (d. By) Korf. et Dumont.)
Bitkinin bütün orqanlarını yoluxdura bilir. Adətən bitkinin mexaniki zədələr olan hissəsində inkişaf etməyə başlayır. Yoluxmuş bitkilər saralır və meyvələri ilə birlikdə quruyurlar. Yoluxmuş toxuma yumşalır, ağ örtüklə örtülür və sonradan məhv olur. Adətən meyvələr texniki yetişkənlik dövrü yoluxur və meyvələrdə dərin çürümə əlamətləri və ağ örtük müşahidə olunur (şəkil 15).
Boz çürümə (Botrytis cineria)
Yoluxmuş yarpaqlarda formasız böyük bozumtul və ya palıdı rəngli ləkələr olur. Bu ləkələr tədricən boz ovulan örtüklə ortülür. Bəzən ləkələrin qırağı sarımtıl toxuma ilə əhatə olunur. Bitkinin meyvələri adətən rütubətli havada uc tərəfindən xəstəliyə yoluxur. Saxlanma zamanı belə meyvələrin yoluxmuş hissəsi bol yumşaq boz örtüklə örtülür (şəkil 16).
XİYARIN ƏSAS ZƏRƏRVERİCİLƏRİ
Danadişiyə peyinlə və ya bitki çürüntüləri ilə zəngin torpaqlarda daha çox rast gəlinir. Onlar torpağın 15 sm-lik dərinliyində yuva düzəldərək oraya üç yüzə qədər yumurta qoyur. Danadişi bitkinin kökləri ilə qidalanmaqla bitkinin məhsuldarlığına zərər vurmaqdan başqa torpağa da ziyan vurur. Bitki köklərindən başqa həşaratlarla və yağış qurdları ilə də qidalanırlar. Torpağın dərin qatlarında qışlayırlar (şəkil 17).
Mənənələr (Aphis gossyp. Glov.)
Bitkinin şirəsilə qidalandıqlarına görə yarpaq damarlarının rəngini dəyişir, xloroz və yarpaqların qıvrılmasına səbəb olur. Zərərverici yarpağın alt hissəsində qidalanır. Mənənələr həmçinin, bəzi virus xəstəliklərini digər bitkilərdən xiyarın üzərinə daşıya bilir. Zərərverici adətən cavan yarpaq və zoğlarda məskunlaşır, qışı alaq otları üzərində və istixanalarda keçirirlər (şəkil 18).
Xiyar milçəyi (Ghortophila florileqa Left.)
Milçəyin tırtılları daha çox təhlükəlidir, onlar xiyarın cücərtilərini zədələyir və nəticədə cücərtilər məhv olur ya da boy atsalar da az məhsul verirlər. Milçəklər payızda öz yumurtalarını torpağa qoyur və yazda bu yumurtalardan tırtıllar çıxır (şəkil 19). Peyin verilmiş sahələr milçəkləri daha çox cəlb etdiklərinə görə peyinin şumun altına verilməsini təmin etmək lazımdır.
.
Tor gənəsi (Tetranychus urticae Koch.)
Gənə məskunlaşmış yarpaqların üzərində ağ və ya gümüşü nöqtələr əmələ gəlir və sonradan onlar birləşərək yarpaqlara mərmər rəngi verir. Yarpaqlar torla örtülür və üzəri qaralır. Zədələnmiş bitkilər 20 %-ə qədər və daha çox su buxarlandırırlar. Gənələr daha çox quraqlıq şəraitdə zərər verirlər. Bitkinin bütün orqanlarında məskunlaşır və qidalanırlar (şəkil 20).
Ağqanadlılar (Bemisia tabaci)
Bitki üzərindəki zədələri mənənələrin zədələrinə bənzəyirlər və onların mövcudluğunu yalnız müşahidə nəticəsində təsdiqləmək olar. Yumurtalarını əsasən yuxarı yarusdakı yarpaqların altına qoyurlar. Bu həşaratlar da bir çox fitopatogen virusların yayıcılarıdır. Eyni vaxtda bitkinin üzərində kəpənəyin bütün inkişaf mərhələrini müşahidə etmək olar (şəkil 21).
Tripslər (Thrips spp.)
Yarpaqları zədələyir, özlərinin qonur-qara rəngli ifrazatları ilə yarpaqları və çiçəkləri çirkləndirir və 50-dən çox xəstəlik törədicilərini yayırlar. Xiyarda yalnız 3-4 növünə rast gəlinir. Bitkinin şirəsini sormaqla və ya çiçək tozcuğu ilə qidalanaraq bitkini zəiflədir və meyvə tutmasına təsir edir. Zədələnmiş yarpaqlar daha çox su buxarlandırır, tez qocalır və quruyurlar (şəkil 22).
Nematodlar (Meloidoyune spp.)
Nematodlar silindrik şəkildə olurlar. Dişiləri erkəklərdən daha böyük olurlar. Əsasən torpaqda, suda və çürüməkdə olan üzvi maddələrdə yaşayırlar. Bəzi növləri də bitkilərdə bəslənir və bu nemotodları “Bitki paraziti nematodları” adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və kök nematodları qruplarına bölünürlər: Xiyara ən çox zərər verən kök nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan isə palıdı rəngli şişlər əmələ gəlir. İlkin əlamət kimi bitkinin uc yarpaqlarının qıvrılması və açıq-yaşıl rəngə boyanması müşahidə olunur (şəkil 23). Nematodlar torpaq, su, inventar, əkin materialı və s. vasitəsilə yayılır.