Sarımsağın   ən çox yayılmış xəstəlikləri  aşağıdakılardır

                      Yalançı unlu şeh xəstəliyi

(Peronospora destructor Casp.)

                                                       

Unlu şeh xəstəliyi bitkilərdə patogen göbələklər tərəfindən törədilən xəstəliklər qrupudur. Bu xəstəlik iki cür olur: həqiqi unlu şeh və yalançı unlu şeh (şəkil 1).

Yalançı unlu şeh xəstəliyi Peronosprora destructor Casp. göbələyi tərəfindən törədilir. Həqiqi unlu şeh xəstəliyini isə Erysiphe ailəsindən, sumkalı (Askomycota) sinfindən olan Leveillula tanrika göbələyi törədir.

Sarımsağın yalançı unlu şeh xəstəliyi aşağıdakı əlamətlərə görə fərqlənir:

– sarımsağın yarpaqlarında və gövdələrində xəstəliyə tutulmuş ağımtıl yaşıl, sarı və ya qəhvəyi rəngə çalan oval və ya silindirvari sahələr əmələ gəlir;

– əlverişli şəraitdə (nəm və mülayim) infeksiyaya tutulmuş yarpaqlar boz-bənövşəyi rəngli sporlarla örtülür;

– yarpaqlar qıvrılır və məhv olurlar;

– xəstəlik inkişaf edərkən bütöv yarpaq səthinin üstünü tutur.

Bu göbələk bitki qalıqlarında və xəstəliklə sirayət olunmuş bitkilərdə mitseli şəklində qışlayır. Güman edilir ki, göbələyin sporları torpaqda qalaraq cavan sarımsağın köklərində infeksiya törədə bilir.

Xəstəliyin inkişafı üçün əlverişli şərait gecə saatlarında havanın temperaturu +5...+10 0C və gündüz saatlarında +15...+18 0C kimi qalxanda, həmçinin yarpaqlarda 1,5-7 saat ərzində nəmlik olanda baş verir. Belə şəraitdə xəstəlik sürətlə inkişaf edir. Preonosporoz xəstəliyin böhran vəziyyəti yarpaqlarda 11 saatdan çox nəmlik qalanda baş verir. Bu vəziyyətdə göbələk 3 gün ərzində bitkiləri zədələyir.

Yalançı unlu şeh xəstəliyinə tutulmuş sarımsaq bitkilərinin yarpaqlarında mitselilərin sporları yenidən konidi adlanan törədicilər əmələ gətirir. Beləliklə, bitkilərdə təkrar yoluxma gedir və tədricən yarpaqlar məhv olana kimi bu proses davam edir. Sarımsaqda yalançı unlu şeh və unlu şeh xəstəliklərinin qarşısını almaq üçün aşağıdakı profilaktik tədbirləri həyata keçirmək lazımdır.

– pH-ı 6-dan aşağı olan turş torpaqlar göbələklərin inkişafına münbit mühit yaradır və belə torpaqlar sarımsaq yetişdirmək üçün yararsızdır;

– sağlam əkin materialından istifadə edilməli;

– sarımsaq yaxşı havalandırılan torpaqda əkilməli;

– həftədə 2 dəfə yarpaqların uclarını xəstəlik olub-olmaması məqsədi ilə yoxlamalı;

– yağış  yağdırmaqla suvarmadan istifadə etməməyə çalışmalı, əgər bu labüddürsə, suvarmanı səhər saatlarında aparmaq lazımdır ki, gecə düşənə kimi yarpaqlar qurusun. Gecə vaxtı yarpaqlar yaş olanda yalançı unlu şeh xəstəliyi daha sürətlə inkişaf edir.

– əkindən qabaq dişlər 8 saat ərzində 400 C temperaturda quru saxlanılmalı və ya 15-30 dəqiqə ərzində 42-500 C-də yaş şəkildə saxlanılaraq sonra qurudulmalıdır.

Mübarizə tədbirləri.   640 q/kq mankozeb + 80 q/kq metalaksil və ya mefonaksam) preparatlarından 2-3 dəfə (2,5 kq/ha),  250 q/l azoksistrofin  (0,6-1,0 l/ha) 2-3 dəfə,  600 q/kq mankozeb + 90 q/kq dimetomorf (2 kq/ha) 2 dəfə   çiləmə aparmaq lazımdır.

 

Boğaz çürüməsi xəstəliyi

(Botrytis allii Munn.)

                                                                               

Boz çürüməni törədən Botrytis göbələyin 360-dan çox növü vardır. Belə hesab olunur ki, bunlardan ən çox ziyan verənlər – Botrytis alli, Botrytis aclada və Botrytis porridir (şəkil 2).

Bu xəstəliyə yoluxma xəstə əkin materialından və torpaqda qışlayan göbələklərin mitselilərindən keçə bilər. Bu göbələk soğanaqları anbarda saxlama dövründə zədələyir. Zədələnmiş soğanaqların üzərində əvvəlcə boz örtük, sonradan isə qara kütlə əmələ gəlir. Yoluxma sarımsaq hələ sahədə olarkən yarpaqların quruması, köhnəlməsi dövründə başlayır. Göbələk soğanağın boğazından daxil olaraq onun çürüməsinə səbəb olur. Xəstəlik zəif inkişaf etdiyi üçün, sahədən soğanaqları yığanda onu müşahidə etmək mümkün olmur. Sonradan soğanağın yuxarı hissəsi yumşalır, boz rəng alır və asanca ovulur. Soğanağın qabıqları arasında boz tüklü örtük və onun üzərində qara, yastı sklerosidilər əmələ gəlir. Yaxşı yetişməmiş soğanaqlarda bu xəstəlik daha sürətlə inkişaf edir. Yoluxma mənbəyi toxum materialı və bitki qalıqlarıdır. Xəstəlik göbələyin konidiləri vasitəsilə yayılır. Yağışlı havada sarımsağın gec yığılması, ağır torpaqlarda əkilməsi, bitkilərin yalançı unlu şeh xəstəliyi ilə yoluxması, vegetasiya dövrünün sonlarında yüksək dozada azot gübrələrindən istifadə edilməsi bu xəstəliyin yayılma riskini artırır.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlərə əməl edilməli. Sarımsaq sahədə tam yetişdikdən sonra yığılmalıdır.

2. Məhsul yığıldıqdan sonra açıq havada və ya çardaq altında 8-10 gün müddətində 30-350 C temperaturda qurudulmalıdır.

3. Növbəli əkinlərə əməl edilməlidir.

4. Fosfor gübrələrindən kifayət qədər istifadə edilməlidir.

5. Saxlanmaya hazırlanmış sarımsaq çeşidlərə ayrılmalı, sağlam olmayan hissə çıxdaş edilməlidir.

6. Gübrələmə rejiminə düzgün riayət edilməli, vegetasiyanın başlanğıcında azot gübrələrindən, sonra isə fosfor və kaliumdan istifadə edilməlidir.

7. Botrytis alli göbələyinin sporlarının külək vasitəsi ilə yayılmasının qarşısını almaq üçün sarımsaq soğandan aralı əkməlidir.

8. Sahədən bitki qalıqları və çürümüş soğanaqlar yığılıb məhv edilməlidir.

9. Kimyəvi mübarizə tədbirləri kimi, ilk növbədə, toxum    25 q/l fludoksanil  (2 l/t),  80% tiram (3 kq/t) preparatları ilə dərmanlanmalıdır. Əkin sahələrində   375 q/l syprodinil+250 q/l fludioksanil (1 l/ha), 640 q/kq mankozeb + 80 q/kq metalaksil və ya metonaksam (2,5 kq/ha)  - 2-3 dəfə,   600 q/kq mankazeb + 90 q/kq dimetomorf (2 kq/ha)  preparatlarından   istifadə etmək olar.

 

Fuzarioz gövdə çürümə xəstəliyi

(Fusarium oxysporium Schl.F.)

                                                        

Bu göbələk sarımsağı həm tarla şəraitində, həm də saxlama dövründə yoluxdurur. Cavan bitkilərin yarpaqları saralır və məhv olur. Yarpağın məhvi uc hissəsindən başlayır və bütün yarpağı əhatə edir. Cavan soğanaqların kökündə və üst yarpaqlarında ağ zərif mitselilər və yarımsulu çürümələr əmələ gəlir. Çürümüş nahiyənin üstündə xaş-xaş boyda qara rəngli sklorosidilər əmələ gəlir. Əgər sahədə bitkilərin xəstələnməsi gec başlayarsa, yarpaqlar saralır. Xəstəlik yığım zamanı daha çox müşahidə olunur. Bu zaman sarımsağın dibində kiçik sklerosidilər olan ağ mitselilər çox aydın görünür (şəkil 3).  İsti və yüksək nəmlik xəstəliyin sürətlə inkişafına şərait yaradır. Göbələyin sklerosidiləri torpaqda qışlayır.

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək;

2. Əkin üçün sağlam dişlər, soğanaqlar seçmək;

3. Dişləri əkindən qabaq 80%-li tiram preparatı ilə 3-5 q/kq,   140 q/l imidakloprid+150 q/l pensikuron preparatı ilə 2-3 l/t dozasında dərmanlamaq. Milçəklər tərəfindən xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə onlara qarşı 40%-li demetoat  (2 l/ha), 65%-li malation (1,5 l/ha) preparatlarından istifadə etmək lazımdır. 

Ağ çürümə xəstəliyi

(Sclerotium cepivorm. Bark.)

                                                            

Bu göbələk sarımsağı həm çöl şəraitində, həm də saxlama dövründə yoluxdurur. Cavan bitkilərdə yarpaqlar baş tərəfdən saralmağa başlayır və nəticədə məhv olur. Yoluxmuş bitkinin köklərində və üst qatlarında yumşaq ağ mitselilər əmələ gəlir. Sarımsağın dişləri sulu, yumşaq forma alır və çürüyür,  zədələnmiş toxumaları üzərində çox kiçik, qara rəngli sklerosidilər əmələ gəlir. Saxlanma dövründə sarımsağın xəstə soğanaqları üzərində kütləvi sürətdə qara sklerosidilər olan ağ mitselilər əmələ gəlir. (şəkil 4). Xəstəliyin mənbəyi torpaq və xəstə soğanaqlardır.

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək;

2. Sarımsağı sahədən tam yetişdikdən sonra yığmaq;

3. Anbarlara sarımsağı yığmamışdan qabaq tam qurutmaq;

4. Sarımsaq dişləri əkindən qabaq Kortiram forte, Yungo forte fungisidləri ilə 3-4 kq/t dozasında, zərərvericilərə qarşı   140 q/l imidakloprid+150 q/l pensikuron   preparatı ilə - 2-3 l/t hesabı ilə dərmanlanmalıdır. Bu xəstəliyə qarşı həmçinin 40 %-li formalindən (40 ml/120 l suya) istifadə etmək mümkündür. Bunun üçün əkilməyə hazırlanmış sarımsaq dişləri tənzifdə 10-15 dəqiqə formalin məhluluna salınır, sonra çıxarılıb suyu süzülənə kimi asılır və 1,5-2 saat brezentin arasında saxlanılır.

         Pas xəstəliyi

(Puccinia porri Wint., P. allii Rud.,

Melamspora allii – polulina Kleb.)

 

Bu xəstəlik soğanda və sarımsaqda təsadüf olunur. Göbələklər yarpaqları zədələyərək kiçik nöqtəli sarı yastıqcıqlar əmələ gətirir. Nəticədə yarpaqlar pas xəstəliyindən saralır və quruyur. Yarpaqların üzərindəki yastıqcıqlar göbələyin yay sporlarından ibarətdir. Xəstəlik bu sporlar vasitəsilə yayılır. Göbələk qışı teleytosporlar halında keçirir və bu zaman yarpaqlarda qara yastıqcıqlar əmələ gəlir.

Pas xəstəliyinə tutulmuş bitkilər zəif inkişaf edir və onlardan alınan məhsul keyfiyyətsiz olur.

Mübarizə tədbirləri. 

1. Növbəli əkin sistemindən düzgün istifadə edilməli, yoluxmuş torpaq sahəsinə soğanaqlı bitkilər 5-6 ildən sonra əkilməlidir.

2.Məhsul yığıldıqdan sonra bitki qalıqları sahədən yığılıb məhv edilməli və dərin şum aparılmalıdır.

3.Sarımsaq əkiləcək xəstə torpaq əkindən qabaq kükürd və əhəng qarışığı ilə (56 kq kükürd+1,2 kq əhəng  1 hektara) dezinfeksiya edilməlidir.

4.Toxum materialı səpindən qabaq 40%-li formalində (40 ml/120 l suya) isladılıb 2 saat brezentin arasında saxlanılmalı və ya  25 q/l fludoksanil – (2 l/t), 80% tiram (3-4 kq/t) preparatı ilə dərmanlanmalıdır. Sarımsaq əkinlərinin arasına bioloji preparat olan Fitosporin M (15 ml/10 suya) suda qarışdırılaraq çilənilir. Xəstəliyin əlamətləri müşahidə olunduqda   mis oksixlor + mankazeb + metalaksil (2 l/ha),  640 q/kq mankazeb +80 q/kq mefonaksam (2,5 kq/ha),  350 q/kq mis-hidroksid (2 kq/ha) preparatlarının verilməsi də müsbət nəticələr vermişdir (şəkil 5).

 

Bakterioz xəstəliyi

(Erwina caratowora (Jen) Holl.)

                                                               

Bu xəstəliyə soğan və sarımsaq soğanaqları vegetasiyanın axırında tutulur. Yığım zamanı xəstə soğanağı sağlamdan ayırmaq çox çətindir. Yalnız soğanağı kəsdikdə sağlam hissələrin arasında tutqun, sarı-qonur rəgli yumşaq hissə müşahidə olunur. Məhsul yığımından 2-3 ay sonra xəstə soğanaqlar boğaz nahiyəsində yumşalır, çürüyür və pis iy verirlər (şəkil 6). Xəstə soğanaqları əkdikdə alınan cücərtilərin yarpaqları sarımtıl rəng alır. Zoğ inkişafından qalır, əyilir, torpağa düşərək quruyur. Bu xəstəlik sarımsağın dişlərini yoluxdurur və müxtəlif formada özünü göstərir. Xəstəlik dişlərin qabığı üzərində müşahidə olunur. Xəstəliyin sarımsaq dişləri üzərində əmələ gətirdiyi yaralar dairəvi, oval və qeyri-müəyyən formada olur. Xəstəlik sürətlə inkişaf etdikdə bütün sarımsaq dişlərinin üzərini örtür. Xəstəlik saxlama dövründə daha çox müşahidə edilir. Xəstəliyin keçiriciləri soğan milçəyi, soğan vızvızası, soğan tripsi və soğan gənəsidir.

Mübarizə tədbirləri.

1. Bitkiləri növbələşdirmək lazımdır. Sarımsağı digər soğanaqlı tərəvəz bitkilərindən sonra əkmək olmaz.

2. Sahədən yığılmış sarımsağı anbara yığmazdan qabaq yaxşı qurutmaq lazımdır. Sarımsağın saxlama temperaturu 0-20 C, nəmliyi 65%-dən aşağı olmalıdır.

3. Sarımsağın zərərvericiləri ilə müntəzəm mübarizə aparılmalıdır.

4. Yağış yağdırma üsulu ilə suvarma aparılmamalıdır.

5. Əkin materialının zədələnməsinə yol verilməməlidir.

6. Kimyəvi preparatlardan 25 q/kq mandipropamid+ 245 q/kq – misxloroksid (2-3 kq/ha),   4,2 % sumoksanil + 39,8% mis xloroksidi– (2,5 kq/ha) ilə vegetasiya ərzində 3 dəfə çiləmə aparılır.

 

Sarımsağın zərərvericiləri

Tütün tripsi

(Thrips tabaci lind.)

 

1-2 mm böyüklükdə cücüdür. Yetkin və sürfə mərhələsində bitki qalıqları altında və torpağın 0-5 sm dərinliyində qışlayır. Aprelin başlanğıcında qışlamadan çıxıb birəotu, boymadərən, at yemliyi, otsarmaşıq, şalğam, çobanyastığı və s. alaq otları üzərində qidalanır. Dişilər mayalandıqdan sonra yumurtasını bitkinin yuxarı yarusunda yerləşən yarpaqların damarları boyunca napenxuma qatının altına qoyurlar. Yumurta qoyma prosesi 15 günə qədər çəkir. Bir dişi fərd 25-dən 65-ə qədər yumurta qoyur. Tütün tripsinin yumurtasının inkişafı 4-7, sürfə mərhələsi 8-9, nimfa mərhələsi 4-5, imaqo (yetkin) dövrü 14-18, bir nəslin inkişafı isə 22-29 gün davam edir. Tütün tripsi ildə 5-6 nəsil verir (şəkil 7.)

Yetkin fərdlərin və sürfələrin soğan bitkisi üzərində qidalanması nəticəsində əvvəlcə bitki üzərində ağ ləkələr əmələ gəlir, sonralar bu ləkələr ağ zolaqlara çevrilir, kütləvi yoluxmuş yarpaqlar yaşıllığını itirir və belə yarpaqlar quruyub tökülür.

Tütün tripsi soğandan başqa xiyara, qabağa, yemişə, soyaya, tütünə, pambığa, kartofa, turşəngə, kənəfə zərər verir.

Mübarizə tədbirləri:

1. Alaq otlarını müntəzəm sürətdə məhv etmək, bitki qalıqlarını sahədən çıxarmaq.

2. Torpaqda 25-30 sm dərinlikdə herik şumu aparmaq. Bu tədbir tripsilərin kütləvi məhv olmasına səbəb olur.

3. Sarımsaq sahələrində kimyəvi mübarizə tədbiri kimi 20%-li malation (3 l/ha), 10%-li sipermetrin (0,5 l/ha), 40%-li demtoat (2 l/ha) preparatları ilə çiləmək.

 

Soğan milçəyi

(Delia antigua Mg.)

                                                         

Çox kiçik milçək olub, 6-8 mm böyüklükdədir. Qanadları şəffaf, bədəninin rəngi sarı, boz və bəzən qara olur (şəkil 8). Pup mərhələsində torpağın 10-20 sm dərinliyində yalançı barama içərisində qışlayır. Milçəklər may ayında, təxminən yasəmən və albalı çiçəkləyəndə uçmağa başlayırlar. Mayalanmış dişilər yumurtalarını bitkilərin yaxınlığında torpağa qoyurlar. Yumurtaları uzunsov olub, ağ rəngdədir. Yumurtanın uzunluğu 1-2 mm-dir. Dişi milçək yarpağın, pulcuğun, soğanın və sarımsağın yanına qrup halında bir neçə ədəd yumurta qoyur, 3-8 gündən sonra yumurtadan sürfələr çıxır. Yumurtadan çıxan sürfələr qurdvari olub, ağ rənglidir. Ölçüsü 8-10 mm-dir. Sürfələr soğanaqlara daxil olub, qidalanır, nəticədə bitki qaralır və quruyur. Sürfələrin inkişafı 15-20 gün çəkir. Tırtıllar qidalandıqdan sonra bitkinin altında torpağa girir və orada puplaşır. İldə 2-3 nəsil verir. Birinci nəsil iyunda, ikinci isə iyul-avqustda zərər verir. Sarımsaq bitkisinin ən qorxulu zərərvericilərindəndir. Milçəklərin uçuşa başlaması ən təhlükəli dövr sayılır. Uçuşa başlayan milçəklərə yumurta qoymağa imkan verilərsə və daha təhlükəli olan halda tırtıllar sarımsağa düşərsə, onlara qarşı mübarizə aparmaq çox çətin olur.

Mübarizə tədbirləri.

1. Faraş səpin aparılması bitkilərin zədələnməsinin qarşısını alır.

2. Kimyəvi mübarizə tədbiri kimi 65 %-li malation (1-1,5 l/ha), 5%-li lambda siqaltron (0,5 l/ha) istifadə edilir. Qorxuducu tədbirlər kimi 200 q kül, 1 xörək qaşığı tütün tozu və üyüdülmüş istiot qarışdırılaraq 1m2 sahəyə tökülür.

3. Torpaqda olan zərərvericilərə qarşı   25%-li xlor-pirifos (25-50 kq/ha) preparatrından   istifadə olunur.

Soğan güvəsi

(Acrolepia assectella Zell.)

                                        

Kiçik kəpənəkdir, uzunluğu 8 mm-ə qədərdir və gecələr uçur. Bitki qalıqları altında və digər gizli yerlərdə pup və kəpənək mərhələsində qışlayır. Aprelin axırı, mayın əvvəllərində havanın temperaturu gecələr 10-120 C-dən yuxarı olduqda kəpənəklər soğan və sarımsaq yarpaqlarının alt hissəsinə, çiçək zoğuna və çiçək üzərinə yumurta qoyurlar. Bir dişi fərd 100-ə qədər yumurta qoya bilir. Yumurtaqoyma prosesi iki həftəyə qədər davam edir. 5-7 gündən sonra yumurtadan tırtıl çıxır. Tırtıllar sarımtıl-yaşıl rəngdə olub, uzunluğu 10-11 mm-dir. Tırtıllar yarpağın içində və bitkinin zoğunda qidalanır, yarpağın daxili toxumasını yeyərək uzununa əyri zolaqlar əmələ gətirir. Zədələnmiş yarpaqlar saralır və quruyub məhv olur. Tırtılların inkişafı 12-16 gün çəkir. İldə iki-üç nəsil verir.

Yağışlı, soyuq günlərdə güvənin inkişafı zəifləyir. Sarımsağın həm vegetativ, həm də generativ hissələrinə  ziyan verir. Zədələnmiş yarpaqlar və gövdələr soluxur, deformasiya olunur və məhv olurlar. Tırtıllar açılmamış çiçək qönçələrinə və topalarına daxil olub onları məhv edə bilirlər. Soğan güvəsi (şəkil 9) xüsusilə zəif inkişaf etmiş və boyu geri qalmış bitkilərə daha çox ziyan verir.

Mübarizə tədbirləri.

1. Məhsul yığımından sonra sahələr bitki qalıqlarından, alaq otlarından təmizlənməli, növbəli əkinlər tətbiq edilməlidir.

2. Sarımsaq yığıldıqdan sonra sahədə dərin şum aparılmalıdır.

3. Əkinlər yaxşı hava keçirən ərazilərdə yerləşdirilməli, çünki güvənin kəpənəkləri, bir qayda olaraq, 100-200 m-dən uzağa uça bilmirlər. Lakin güclü küləklər bu zərərvericiləri uzaq məsafələrə yaya bilər.

4. Zərərvericinin yayılmasının qarşısı müəyyən dərəcədə yüngül zolaqlı torlardan istifadə edilərək gecə vaxtı örtməklə alına bilər. Bu torlar gündüz vaxtı asanlıqla yığılır, lakin gecə düşənə kimi onları yenidən yerinə qaytarmaq lazım gəlir.

5. Toxumluq sahələrdə tırtıllara qarşı mübarizə məqsədi ilə 65%-li malation (1-1,5 l/ha), 35 %-li imidokloprid (0,3-0,5 l/ha), 48%-li  xlor-prifos (1,0-1,5 l) preparatları ilə çiləmə aparılmalıdır. Sarımsaq sahələrində həmçinin    50 q/l lambda-siqaltron  (0,2 l/ha),   100 q/l alfa-sipermetrin (0,1-0,15 l/ha) preparatlarından 2 dəfə 10 gün ara verməklə istifadə olunur.

 

Soğanın gövdə nematodu

(Ditylenchus dipsaci Kuhn.)

 

Çox kiçik (1-1,5 mm) sapvari ağ rəngdə qurddur. Bu soğanaqlarda, toxumda və torpaqda qışlayır.

Bu nematod qurumuş halda soğan və sarımsaq tullantılarında bir neçə il qala bilər. Əlverişli şərait yaranan kimi, yəni nəmlik olduqda onlar torpağa keçir və fəaliyyətə başlayırlar. Nematod torpaqdan bitkinin kökünə keçir və fasiləsiz olaraq bir neçə nəsil  çoxalır (şəkil 10). Növün normal inkişafı üçün optimal temperatur 200 C-yə yaxındır. Fəaliyyətin aşağı temperatur astanası 7-90 C arasındadır. Nematod ilə yoluxmuş sarımsaq bitkisi inkişafdan qalır, yarpaqların ucu çürüyür və çatlayır. Həddindən artıq yoluxmuş bitki məhv olur (şəkil 11).

Nematod sahələrdə yoluxmuş bitki qalıqlarında və bəzən torpaqda qalır. Rütubətli və yağışlı havalar zərərvericinin yayılmasına və zərər verməsinə zəmin yaradır. Nematodun zərər verməsi sarımsağı anbarlara yığandan sonra da davam edir, soğanaqlar quruyur və şürüməyə başlayır.

Əsasən soğana, sarımsağa, bəzən cəfəri, cır havuç, pomidor və xiyara da zərər verir.

Mübarizə tədbirləri.

1. Sağlam əkin materialından istifadə etmək.

2. Növbəli əkin sisteminə riayət edilməli, sələf bitkisi kimi dənli bitkilər, kələm, çuğundur və yem bitkilərindən istifadə edilməlidir. Soğan və sarımsaq əkilmiş sahələrə yalnız 3-4 ildən sonra onların əkilməsi məsləhətdir.

3.Torpağı nematoddan zərərsizləşdirmək üçün əkindən 20 gün qabaq 85%-li Tiazon (1000 l/h) torpağın əkin qatı dərinliyinə, 50%-li texniki DDF preparatı (1000-2000 l/h) verilməlidir. Nematosidlər torpağa veriləndə torpağın temperaturu 10-120 C-dən aşağı olmalıdır. Bununla belə, nematodlara qarşı kimyəvi preparatlardan istifadə edilməsi, onların külli miqdarda tələb olunduğu və çox toksik olduğu üçün ətraf mühiti güclü surətdə çirkləndirir və ekologiyaya böyük ziyan vurur. Bu preparatlar uzun müddət torpaqda parçalanmır, zərərvericilərə onların təsir müddəti qısa olur, istifadə etmək üçün xüsusi texnika tələb olunur.

Bütün bunlara görə nematodlara qarşı mübarizə aparmaqdan ötrü sələf bitkilərini seçmək lazımdır.

Sarımsağı zədələyən nematodlardan heç biri lüpin, faseliya və dənli bitkilərə (çovdardan başqa) zərər verə bilmir. Buna görə sarımsağı nematodlar tərəfindən zədələnməyən bitkilərdən sonra əkmək lazımdır. Pomidor, xiyar, noxud, şəkər çuğunduru, qarabaşaq, qabaq, bibər,  kartof kimi gövdə nematodlarına qarşı davamlı olmayan bitkilərdən sonra sarımsaq əkmək məsləhət görülmür.

1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg
10.jpg
11.jpg