
Pomidorun xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
Pişik sifəti (Cat face)
Bu qeyri-infeksion xəstəlik aşağı və ya həddən artıq yüksək temperatur nəticəsində müşahidə olunur və meyvənin deformasiya olunmasına səbəb olur (şəkil 1).
Meyvənin çatlaması
Əsasən intensiv və qeyri-bərabər suvarma nəticəsində baş verir və sortun və ya hibridin qabıqüstü örtüyünün qalınlığı da burada müəyyən rol oynayır (şəkil 2).
Çiçəklərin töklüməsi və içiboş meyvələrin əmələ gəlməsi
Adətən istixanada əlverişsiz becərmə şəraitində müşahidə olunur. Əlverişsiz becərmə şəraiti dedikdə, normadan aşağı və ya yuxarı temperatur və rütubət, bəzi pestisidilərin və boy maddələrinin çiçəkləmə dövründə düzgün istifadə edilməməsi nəzərdə tutulur. Belə şəraitdə adətən meyvələrin içi boş olur və toxum əmələ gəlmir (şəkil 3)
Təpə çürüməsi (Baccillus mezentericus)
Əsasən bitkidə kalsium gübrəsinin çatışmazlığına və qeyri-bərabər suvarmaya görə baş verir. İkinci və üçüncü salxımlardakı yaşıl meyvələrin uc hissəsində nəm yayğın qonur rəngli ləkə əmələ gəlir. Sonradan xəstəlik yuxarıdakı digər salxımlara da keçir. Yüksək atmosfer rütubətliliy şəraitində ətrafdakı saprofit göbələklər və bakteriyalar yaranmış ləkənin çürüməyə çevrilməsinə səbəb olurlar. Zədələnmiş meyvələr daha tez yetişməyə başlayır (şəkil 4).
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə pomidoru 3 ildən sonra əkmək.
2. İstixanalarda pomidor bitkisini 0,5 %-li kallium xlorid məhlulu ilə çiləmək.
3. Sistemafik olaraq bitkiləri Ca (NO3)2 və ya CaCl2 gübrələri ilə qidalandırmaq (10 kq/ha fertizasiya, 10 gündən bir 2 kq/ha normasında foliyar və ya yarpaqdan yemləmə).
Yarpaqların qeyri-infeksion qıvrılması
Səbəbləri: normadan artıq azot gübrəsinin verilməsi, fosfor, kalium, sink elementlərinin çatışmazlığı, intensiv suvarma, normadan çox budama. Belə əlamətlər əvvəlcə aşağı yarpaqlarda yaranır, sonradan isə yuxarıya doğru yayılmağa başlayır. Yarpaqlar orta damar boyu qıvrılır və kövrək olduqları üçün asan ovulur. Belə bitkilərdə adətən bitkinin çiçəkləri tökülür. Əkin sahəsinə həddən çox və tam çürüməmiş peyin verdikdə də yarpaqlarda qıvrılma və yanma müşahidə oluna bilər (şəkil 5).
VİRUS VƏ BAKTERİYA XƏSTƏLİKLƏRİ
Tomat mozaikası
Nicotina virus-1 R. Sm.
Xəstəlik bitkinin yuxarı yarpaqlarının qeyri-bərabər inkişafına, yarpaqların rənginin açıq sarı olmasına və yaşıl meyvələrin üzərində xlorozun əmələ gəlməsinə, yetişmiş meyvələrin isə sarı ləkələrlə boyanmasına səbəb olur (şəkil 6).
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək.
2. Toxumu ancaq sağlam bitkilərdən götürmək və onu 1 %-li kalium permanqanat məhlulu ilə dərmanlamaq lazımdır. Səpindən qabaq toxumu 80%-li tiram (Hektaş Hektiram Forte) preparatı ilə 3-4 q/kq normas;nda dərmanlamaq.
3. Şitilləri həftədə bir dəfə üzsüz süd məhlulu ilə (1/10 nisbətində) çiləmək.
4. Avadanlıq və alətləri 40 %-li formalin preparatının 2 %-li məhlulu ilə dezinfeksiya etmək.
5. Virusları yayan həşəratları (mənənə, trips, ağqanadlı və s.) məhv etmək.
Qara bakterial ləkəlilik (Xanthomonas campestris pv. vesicatoria Dow.)
Yarpaqların və meyvələrin üzərində qara, kiçik, düzgün formada olmayan sulu ləkələr əmələ gəlir. Güclü sirayətlənmiş yarpaqlar saralır və tökülür (şəkil 7).
Mübarizə tədbirləri. Səpin üçün yüksək reproduksiyalı sağlam toxumlardan istifadə olunmalıdır. Toxumlar 20 dəqiqə müddətində 48-500 C temperaturlu qaynar suda saxlandıqda qismən infeksiyadan azad olunur. Sahədə bitki qalıqlarının məhv edilməsi, dərin dondurma şumu, növbəli əkinə əməl edilməsi, toxumların səpin qabağı dərmanlanması vacibdir. Vegetasiya dövründə bitkilər 300-400 q/100 l suya normasında 50% mis oksixlorla (Urania Funguran) dərmanlanır.
Bakterial xərçəng (Corynebacterium michyganance (E.F. Sm) Jens)
Bu xəstəliklə yoluxan bitkilərin əvvəlcə yarpaqları solur, yarpaqların saplaqlarında palıdı rəngli yumurcuqlar əmələ gəlir. Yarpaqların solması aşağıdan yuxarı baş verir. Gövdənin kəsiyində boş sarı özəyi görmək mümkündür. Meyvənin qabığında ağ rəngli ləkələr əmələ gəlir. Bu ləkələri quş gözü də adlandırırlar. Bu xəstəlik meyvənin həm içini, həm çölünü zədələyir (şəkil 8).
Mübarizə tədbirləri.
1. Ancaq sağlam meyvələrdən toxum götürmək lazımdır.
2. Toxum 48-500 C suda 20 dəqiqə müddətində dezinfeksiya edilməlidir.
3. Növbəli əkin sisteminə əməl edilməlidir.
4. Bütün bitki qalıqları yığılıb məhv edilməlidir.
Kök xərçəngi
Yoluxmuş bitkinin köklərində kiçik ölçülərdə şişlər müşahidə olunur. Əsas infeksiya mənbəyi yoluxmuş torpaq və bitkilərdir. Kök xərçənginin törədicisi yalnız təzə əmələ gəlmiş zədələr vasitəsilə kökə daxil olduğuna görə köklərin maksimum az zədələnməsinə nail olmaq lazımdır (şəkil 9).
Gövdə xərçəngi
Əsasən istixanalarda müşahidə olunur. Xəstəliyə, əsasən, gövdə yoluxur, çox az hallarda yarpaqlar yoluxa bilir. Gövdələrin aşağısında palıdı rəngli batıq ləkələr əmələ gəlir və saqqıza bənzər şirə axır. Belə bitkilərin çiçəkləri tam inkişaf edə bilmir, meyvələrin üzərində eyni əlamətlər görünə bilər. Bu xəstəlik soyuq və nəm havada və aşağı temperatur şəraitində inkişaf edir (şəkil 10).
Göbələk xəstəliklər
Septorioz (ağ ləkəlilik) (Septoria lycopersici Speq.)
Pomidorda kütləvi olaraq meyvələrin yetişdiyi dövrdə müşahidə olunur. Əsasən aşağı yarusdakı yarpaqlar yoluxur, çox az hallarda gövdə və meyvələr yoluxa bilir. Yarpaqlar üzərindəki ləkələrin ortası açıq, qıraqları isə tünd rəngdə olur. Yarpaqlar tədricən qıvrılır və quruyur (şəkil 11).
Mübarizə tədbirləri. Növbəli əkinə əməl etməklə, pomidoru əvvəlki əkin yerinə 3-4 ildən sonra qaytarmalı, dərin şum aparmalı, dezinfeksiya edilmiş qruntda pomidor şitillərinin becərilməsi, alaqlarla mübarizə, xəstəliyin ilkin əlamətləri göründükdə 20%-li bordo bulamasının (Hektaş Bordo) 1%-li məhlulu, 50%-li mis xloroksidin (Urania Funguran) 0,4%-li suspensiyası ilə çiləmələr aparmaq əhəmiyyətlidir.
Qonur ləkəlilik (Kladosporioz) (Cladisporium fulvum Cke.)
Yarpaqların alt tərəfində açıq boz, bulanıq məxməri ləkələr şəklində müşahidə olunur. Sonradan ləkələr qonur rəng alır və yarpağın üst hissəsinə yayılır. Yarpaqlar qıvrılır, quruyur və bitki məhv olur. Yarpağın üst tərəfinfə örtük əmələ gəldiyinə görə bu xəstəliyi unlu şehlə dəyişik salırlar (şəkil 12).
Mübarizə tədbirləri.
1. İstixanalarda məhsul yığımından sonra bitki qalıqlarını yığıb məhv etmək.
2. İstixanaları kükürd tozu və ya kükürd firşəngi ilə yandırmaqla (hər m3-ə 30-40 q) dezinfeksiya etmək.
3. Toxum materialını 80%-li tiram (Hektaş Hektiram Forte) preparatı ilə 3 q/kq normasında dərmanlamaq lazımdır.
4. Xəstəliyin ilk əlamətləri görünən kimi bitkiləri 2,5-3,0 kq/ha, 75 %-li sineb (Agria Sineb), 50%-li mis hidroksid (Urania Funguran) (2,0 kq/ha) mankozeb (Hektaş Fumazin), 2 kq/ha 80%-li maneb (Hektaş Hektaneb), 1,75 kq/ha 80%-li metiram (Basf Polyram) preparatları ilə çiləməli. Bunu 10-15 gündən bir təkrar etməli və yığıma 20 gün qalmış dayandırılmalı.
Alternarioz (Alternaria solani)
Xəstəliyin əlamətləri bitkinin bütün yerüstü orqanlarında tünd palıdı, demək olar ki, qara rəngli yayılmış ləkələr şəklində müşahidə olunur. Rütubətli havada bu ləkələr qara örtüklə örtülür. Vaxtı ötmüş şitillərin kökə yaxın hissəsində qara ləkələr əmələ gəlir və gövdənin bu hissəsi çürüyür. Yüksək dərəcədə xəstəliklə sirayətlənmiş yarpaqlar quruyur. Meyvələrin üzərində quru və çatlamış qara ləkələr görünür və bu ləkələr meyvənin xeyli hissəsini əhatə edə bilir. Havanın yüksək rütubətliliyi və bitkinin üzərində su damcılarının olduğu şəraitdə xəstəlik daha intensiv inkişaf edir (şəkil 13).
Fitoftora (Phytophtore infestans De Baur.)
Fitoftora xəstəliyi yarpaqların, gövdənin və meyvələrin üzərində qonur və ya palıd rəngi ləkələrin əmələ gəlməsinə səbəb olur. Yarpağın alt tərəfində ağ örtük yaranır. Xəstəliyin ilk əlamətləri torpağa yaxın aşağıdakı yarpaqlarda görünür. Ləkələr yarpağın qıraqlarında və uc hissəsində əmələ gəlməyə başlayır (şəkil 14).
Cənub fitoftorası
İlk olaraq kök boyuncuğunun qaralması və deformasiya olması ilə başlayır və bitki çürüyür. Bu əlamət tədricən gövdə boyu yuxarı yayılır və üzərində ağ örtük əmələ gəlir. Bu xəstəliyə yoluxmuş meyvələr tökülür (şəkil 15).
Qaraayaq
(Rizoktonioz) (Pythium aphanidermatum Fiter.)
Xəstəlik əsasən şitillərdə müşahidə olunur və bitkinin kökündən keçid hissəsində torpağın üstünə yaxın yerdə sulu və açıq palıdı rəngli dairəvi ləkələrin əmələ gəlməsinə səbəb olur. Zədələnmiş toxuma getdikcə qaralır, gövdə nazilir və çürüyür. Bu xəstəliyi bir neçə fitopatogen göbələklər əməl gətirir (şəkil 16).
Mübarizə tədbirləri.
1. Şitilləri dezinfeksiya etmək.
2. Şitil yetişdirəndə aqrotexniki tədbirlərə düzgün əməl etmək.
3. Sağlam şitilləri pikirovka etmək, xəstə şitilləri isə atmaq lazımdır.
Unlu şeh (Erysiphe communis (Wallr.)
f. sp. solani lycopersici Jacz.)
Bu xəstəlik yarpaqlarda, yarpağın saplağında və gövdədə ovulan ağ (qonur çalarlı ola bilir) örtük əmələ gətirir. Xəstəlik yarpağın hər iki tərəfində inkişaf edir, ləkələr nekrozlaşır və toxuma məhv olur. Unlu şeh nisbi rütubətin aşağı, temperaturun isə yüksək olduğu şəraitdə daha geniş yayılır (şəkil 17).
Fuzarioz (Fusarium Oxysporium Schl.)
Xəstəliyin ilkin əlamətləri bitkinin aşağı yarpağnda əmələ gəlir və sonra yuxarı hissəsinə yayılır. Yarpaqlar açıq və sarı rəng alır. Yarpaq damarları daha açıq rəngdə olur, yarpaq saplaqları deformasiyaya uğrayır, yarpaq qıvrılır, sonra tökülür. Gövdənin en kəsiyinə baxdıqda ötürücü sistemin borularının qonur rəngdə olduğu görünür. Xəstəliyin son etaplarında bitkinin kök sistemi də məhv olur (şəkil 18)
Boz çürümə (Botritys sineria)
Bitkinin bütün yerüstü orqanlarında müşahidə olunur. Köhnə yarpaqlarda gövdənin aşağı hissəsində açıq-qonur ləkələr əmələ gəlir. Gövdədə ləkələr qonur və ya boz, başlanğıcda quru, sonradan az nəm olur, gövdə qabığı çatlayır. Xəstə bitkinin yarpaqları saralır, aşağıdan yuxarı soluxur və tədricən bitki quruyur. Meyvənin saplağa bitişik hissəsində boz-qonur ləkə əmələ gəlir və getdikcə yayılaraq meyvənin tam çürüməsinə səbəb olur. Yüksək rütubətli şəraitdə bitkinin bütün xəstələnmiş hissələrində boz örtük əmələ gəlir (şəkil 19).
Mübarizə tədbirləri:
1. Növbəli əkin sisteminə əməl etmək.
2. Məhsul yığımından sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.
3. Toxum materialı 80 %-li tiram (3-4 q/ kq) və ya 65 %-li fentiuram (4 q/ 1 kq) preparatı ilə dərmanlanmalı.
4. Sahələrdə bitkiləri Fludoksanil+syprodinil - 0,4-0,5 l/ha, 80 %-li kuprazon (hektara 2,4-3,2 kq) preparatların məhlulları ilə çiləmək.
Antraknoz (Colletotrichum atramentarium Taub)
Bitkinin yarpaq və gövdəsində müşahidə olunmasına baxmayaraq, əsasən yetişmiş meyvələr üzərində güclü inkişaf edir. Xəstəlik meyvələrin üzərində 5-15 mm ölçüdə batıq yastı yumru və ya oval nəm ləkələr yaradır (şəkil 20).
Fomoz (Phomopsis vexans)
Bu xəstəlik pomidorun meyvələrində 3-4 sm ölçüdə qonur ləkələr əmələ gətirir. Adətən bu ləkələr meyvənin saplağa bitişik hissəsində əmələ gəlir, zədələnmiş hissə batıq kimi görünür, getdikcə çürümə meyvənin içərisinə doğru yayılır. Xəstəlik həm yaşıl, həm də yetişmiş meyvələrdə müşahidə olunur (şəkil 21). Ətraf mühitin yüksək rütubətliliyi və normadan artıq azot gübrəsindən istifadə bu xəstəliyin geniş yayılmasına səbəb olur.
Ağ çürümə (Sclerotinia sclerotiomum de Bary)
Nəm çürüntü ləkələri şəklində bitkinin bütün yerüstü orqanlarını yoluxdurur. Əksər hallarda mexaniki zədələr olan yerlərdə əmələ gəlir (şəkil 22).
POMİDORUN ƏSAS ZƏRƏRVERİCİLƏRİ
Məftil qurdu (Agrotis spp.)
Məftil qurdu əsasən pomidorun kökləri ilə qidalnmaqla bitkinin kök sisteminə neqativ təsir edir və gövdənin içərisinə daxil olmaqla bütün ötürücü sistemi zədələyir (şəkil 23).
Danadişi (Gryllotalpa gryllotalpa L.)
Danadişiyə peyinlə və ya bitki çürüntüləri ilə zəngin torpaqlarda daha çox rast gəlinir. Onlar torpağın 15 sm-lik dərinliyində yuva düzəldərək oraya üç yüzə qədər yumurta qoyur. Danadişi bitkinin kökləri ilə qidalanmaqla bitkinin məhsuldarlığına zərər vurmaqdan başqa, torpağa da ziyan vurur. Bitki köklərindən başqa onlar həşaratlarla və yağış qurdları ilə də qidalanırlar. Torpağın dərin qatlarında qışlayırlar (şəkil 24).
Mənənələr (Aphis gossyp. Glov.)
Mənənələr bitkinin şirəsilə qidalandıqlarına görə yarpaq damarlarının rəngini dəyişir, xloroz və yarpaqların qıvrılmasına səbəb olur. Zərərverici yarpağın alt hissəsində qidalanır. Mənənələr həmçinin, bəzi virus xəsətliklərini digər bitkilərdən pomidorun üzərinə daşıya bilir. Zərərverici adətən cavan yarpaq və zoğlarda məskunlaşır, qışı alaq otları üzərində və istixanalarda keçirirlər (şəkil 25).
Tripslər (Thrips tabaci)
Tripslər yarpaqları zədələyir, özlərinin qonur-qara rəngli ifrazatları ilə yarpaqları və çiçəkləri çirkləndirir və 50-dən çox xəstəlik törədicilərini yayırlar. Pomidorda onların yalnız 3-4 növünə rast gəlinir. Bitkinin şirəsini sormaqla və ya çiçək tozcuğu ilə qidalanmaqla bitkini zəiflədir və meyvə tutmasına təsir edir. Zədələnmiş yarpaqlar daha çox su buxarlandırır, tez qocalır və quruyurlar (şəkil 26).
Gənələr (Tetranychus viennensis, Tetranychus urticae,
Panonychus ulmi, Bryobia rubrioculus, Cenopalpus pulcher)
Gənələrin pomidorda 3-4 növünə rast gəlinir. Gənələr məskunlaşmış yarpaqların üzərində ağ və ya gümüşü nöqtələr əmələ gəlir və sonradan onlar birləşərək yarpaqlara mərmər rəngi verir. Yarpaqlar torla örtülür və üzəri qaralır. Zədələnmiş bitkilər 20 %-ə qədər və daha çox su buxarlandırır. Gənələr daha çox quraqlıq şəraitində zərər verirlər. Bitkinin bütün orqanlarında məskunlaşır və qidalanırlar.
Akarisit gənələr xəstə bitkilərin köklərində məskunlaşır və bitkinin məhvi prosesini tezləşdirirlər. Zədələnmiş köklərin üzərində palıdı rəngli çürüyən toxuma görünür, bitki solur və torpaqdan asanlıqla çıxarıla bilir. Zədələnmiş toxumaların üzərində adi gözlə görünə bilən çoxlu ağımtıl gənələr olur (şəkil 27).
Sovkalar (Agrotis spp.)
Bu zərərvericinin bir neçə növü, o cümlədən pomidor və pambıq sovkaları pomidor bitkisinə zərər verir. Sovkaların tırtılları gövdənin və meyvənin içərisinə yerləşərək onlara qarşı mübarizəni çətinləşdirir. Sovkalar yarpaq və meyvələrlə qidalanaraq onların üzərində qaba izlər buraxırlar. Yarpaqları tam yeyərək bitkinin üzərinə yaşılı-qonur ifrazatlar buraxırlar. Gövdələrdə və meyvələrdə kanallar açır və onların içərisində boşluqlar yaradırlar. Dişi sovkalar öz yumurtalarını yarpağın alt tərəfinə və bitkinin genertaiv orqanlarının üzərinə qoyurlar (şəkil 28).
Ağqanadlılar (Bemisiz tabaci)
Ağqanadlıların bitki üzərindəki zədələri mənənələrin zədələrinə bənzəyir və onların mövcudluğunu yalnız müşahidə nəticəsində təsdiqləmək olar. Yumurtalarını əsasən yuxarı yarusdakı yarpaqların altına qoyurlar. Bu həşəratlar da bir çox fitopatogen virusların yayıcılarıdır. Eyni vaxtda bitkinin üzərində kəpənəyin bütün inkişaf mərhələlərini müşahidə etmək olar (şəkil 29)
Güvələr (Tuta absoluta)
Pomidorda Pomidor güvəsinə (Tuta absoluta) və Kartof güvəsinə rast gəlinir. Güvələrin tırtılları yarpaqların, gövdələrin və meyvələrin içərisinə daxil olur və zədələnmiş yarpaqlar quruyur, meyvələr isə görkəmini itirir. Tırtıllar yarpağın içərisində qidalanmağa üstünlük verirlər. Ona görə də yalnız sistem təsirli dərmanlarla mübarizə aparmaq lazımdır (şəkil 30).
Nematodlar (Meloidogune Spp.)
Nematodlar silindrik şəkildə olurlar. Dişiləri erkəklərdən daha böyük olurlar. Əsasən torpaqda, suda və çürüməkdə olan üzvi maddələrdə yaşayırlar. Bəzi növləri də bitkilərlə bəslənir və bu nemotdoları “Bitki paraziti nematodları” adlandırırlar. Bu nematodlar yarpaq, gövdə və kök nematodları qruplarına bölünürlər. Pomidora ən çox zərər verən kök nematodlarıdır. Köklərdə əvvəlcə sarı, sonradan isə palıdı rəngli şişlər əmələ gəlir. İlkin əlamət kimi bitkinin uc yarpaqlarının qıvrılması və açıq-yaşıl rəngə boyanması müşahidə olunur. Nematodlar torpaq, su, inventar, əkin materialı və s. vasitəsilə yayılır (şəkil 31).

















































