Noxud bitkisinin xəstəlikləri
Unlu şeh xəstəliyi
(Erysiphe communis crav.f.phaeoti. Jack)
Bu xəstəliyə tutulan bitkinin yarpaqlarının üst hissəsində, gövdəsində və qınlarında ağ və ya una oxşar örtük əmələ gəlir. Sonradan bu örtük sıxlaşır və qalınlaşır, boz rəng alır. Onun üzərində göbələyin kleytotetcilərinin qara rəngli meyvə bədəncikləri əmələ gəlir. Onlar sonradan sıxlaşır, qalınlaşır və boz rəng alır. Həddindən artıq xəstələnmiş bitki orqanları kobudlaşır və məhv olur. Bu göbələklər apressoliyaları vasitəsilə bitki orqanı üzərində toxuma yapışır, hüceyrənin daxilinə isə göbələyin qaustoriləri girir. Göbələyin konidiləri rəngsiz, kleytotetsiləri şar şəklində olur. Bitkinin vegetasiyası dövründə xəstəlik göbələyin konidiləri və bitki qalıqları vasitəsi ilə yayılır.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək.
2. Məhsul yığıldıqdan sonra sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.
3. Bitkinin vegetasiyası dövründə sahələrdə 80%-li kolloid kükürdün (Basf Kumulus) 0,4%-liməhlulu ilə çiləmə aparmaq və 10%-li penkanazol (Iqc Almaz) 0,4-0,6 l/ha, 25%-li azoksistrobin (Adama Azimut) 0,6 l/ha preparatlarından istifadə etmək.
Yalançı unlu şeh (Peronospora) xəstəliyi
Xəstəlik geniş areala malikdir. Rütubəti yüksək olan zonalarda daha çox yayılmışdır. Bitkilərin qönçə əmələ gətirmə dövründə xəstəliyin daha çox ziyan verməsi müşahidə edilir. Bu xəstəliyə bitkinin bütün yerüstü hissəsi tutulur. Xəstəlik zamanı yarpağın üstündə ağımtıl, yaxud sarımtıl dairəvi ləkələr, alt səthində isə ləkələrin üzərində bozumtul-bənövşəyi tor kimi örtük əmələ gəlir. Gövdənin və qının üzərində də dağınıq, ağımtıl ləkələr və bu ləkələrin üzərində bozumtul-qəhvəyi örtük yaranır. Bitkinin inkişafının başlanğıcında bu xəstəliyə bitkilərdə buğumarası, yarpaqlar və qınlar zəif inkişaf edir, qısaboylu forma alır, əmələ gələn dənlər çox cılız olur. Göbələk hüceyrə aralarına girərək, mitselilər, xəstə toxumanın xaricə çıxan konidi spordaşıyanlarını əmələ gətirirlər ki, bunlardan da sporlar yaranır. Konidi daşıyanlar qəhvəyi-bənövşəyi rəngdə olub, qurtaracağında ellipsvari rəngsiz və ya sarımtıl rəngdə konidiləri yerləşir.
Yalançı unlu şeh xəstəliyi tez-tez yağış yağanda və havanın rütubəti yüksək olanda sürətlə inkişaf edir.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, bitkiləri növbələşdirmək lazımdır.
2. Toxum sağlam bitkilərdən götürülməlidir.
3. Əkini 80%-li sineb (Agria Sineb) hektara 3-4 kq, 70%-li teofenat metil (Hektaş Quartette) 0,8 kq/ha, 50%-li benomil (0,6 kq/ha) və başqa preparatların məhlulu ilə də çiləmək olar.
Bitkinin bütün yerüstü hissələri bu xəstəliyə tutulur. Xəstə bitkilərin yarpaqları üzərində bozumtul quru ləkələr, qonur haşiyə ilə əhatə olunmuş üzərində qara nöqtələr şəklində göbələyin piknidiləri yerləşir. Xəstə gövdələr və qınlar üzərində basıq ləkələr əmələ gəlir. Sonradan bu ləkələr üzərində külli miqdarda piknidiləri olan yaralara çevrilir. Göbələk qın qapaqlarının arasında onun içinə girib, dənə daxil olur. Xəstəliyə tutulmuş toxumlar cücərmə qabiliyyətini itirir və ya zəif cücərtilər əmələ gətirir. Həddindən artıq xəstə toxum qırış-qırış olur və üzərində açıq-sarı ləkələrə təsadüf edilir (şəkil 1).
Yağışlı havada və temperaturu 20-250 C-də olan havada xəstəlik sürətlə inkişaf edir. Göbələyin piknidi sporları yağış damcıları və küləklə asanlıqla yayılır.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə paxlalı bitkiləri 3-4 ildən sonra əkmək lazımdır.
2. Toxumu əkin qabağı 80%-li tiram (Hektaş Hektiram Forte) preparatı ilə (3-4 q/kq)dərmanlamaq lazımdır.
3. Sahələrdə 80%-li sinebin (Agria Sineb) 0,5-0,75%-li ( 2,0-4,0 kq/ha) və ya 80%-li kolloid kükürdün (Basf Kumulus) 1%-li məhlulları ilə çiləmə aparmaq.
Kök çürümə xəstəliyi
Paxlalı bitkilərdə bu xəstəliyi törədən torpaqda yaşayan göbələklərdir. Bu xəstəliyə tutulmuş bitkilər vaxtından qabaq soluxur və quruyur. Bu zaman kökün boğaz nahiyəsində, gövdənin əsasında bozarma, tutqunlaşma baş verir (şəkil 2).
Xəstə bitkiləri dartdıqda torpaqdan asanlıqla çıxır, bunun səbəbi köklərin zəif olması, qaralması və ovulub tökülməsidir.
Torpaq lazımı qədər qızmadığı və havada rütubətlilik yüksək olduğu və faraş səpin aparıldığı zaman bu xəstəlik kütləvi inkişaf edir.
Xəstəliyin yoxulma mənbəyi torpaqdır.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə paxlalı bitkiləri 5-6 ildən sonra əkmək lazımdır.
2. Toxumu əkin qabağı 80%-li tiram, Hektaş Hektiram Forte (3-4 q/kq toxuma)preparatı ilə dərmanlamaq lazımdır.
3. Əkini 80%-li sineb (Agria Sineb) - 3-4 kq/ha, 70%-li teofenat metil (Hektaş Quartte) - 0,8 kq/ha, 50%-li benomil (0,6 kq/ha) və başqa preparatların məhlulu ilə də çiləmək olar.
Fuzarioz xəstəliyi
Bu xəstəlik bitkilərdə özünü kök çürüməsi kimi biruzə verir. Xəstəlik bitkilərdə cücərti dövründən qın əmələ gələnə qədər müşahidə edilir. Bu xəstəliyə tutulmuş bitkilərin yarpaqları saralır, bükülür, quruyur və tökülür. Köklər bozarır və ölür. Rütubətli havada xəstə bitkilərin kök boğazında və bəzən gövdənin əsasında ağ və ya bənövşəyi örtük və onun üzərində narıncı, yaxud açıq-çəhrayı rəngli yastıqcıqlar əmələ gəlir (şəkil 3).
Kökün fuzarioz çürüməsi isti havalarda və rütubət az olan dövrlərdə daha sürətlə inkişaf edir.
Göbələk qida borularına daxil olaraq, orada tıxac əmələ gətirir. Belə xəstə bitkilər məhsul vermir. Xəstə bitkilərdə əmələ gələn toxum tam yetişmir, cılız olur və özündə infeksiya gəzdirir.
Toxumun dərin səpilməsi (8-9 sm) bitkinin bu xəstəliyə tutulmasına şərait yaradır.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə və səpinin dərinliyinə riayət etmək.
2. Toxumu dərin səpmək.
3. Bitkilərin çiçəkləməsindən qabaq yemləmə gübrələri (N. P. K) vermək.
4. Toxumu yaxşı təmizləmək və 80%-li tiram (Hektaş Hektiram Forte) preparatı ilə 3-4 q/kq normasında dərmanlamaq lazımdır.
Adi yaşıl mozaika xəstəliyi
Bu xəstəliyə bütün paxlalı bitkilər tutulur. Xəstəliyin başlanğıcında yarpaqlar yaşıllığını itirir, kobudlaşır və bükülür.
Xəstə yarpaqların saplaqları qısalır. Yarpaqlarüzərində qovuqvarı qabaqcıqlar əmələ gəlir. Xəstəliyin təsiri nəticəsində bitki inkişafdan qalır. Adi mozaika xəstəliyi bitkinin vegetasiyası dövründə bitki şirəsi və eləcə də müxtəlif növ mənənələrvasitəsilə yayılır.
Xəstəliyin təsiri nəticəsində məhsuldarlıq aşağı düşür.
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə paxlalı bitkiləri 3-4 ildən sonra əkmək məsləhətdir.
2. Toxumçuluq sahəsi adi səpinlərdən azı 1 km aralıda yerləşdirilməlidir.
3. Toxum ancaq sağlam bitkilərdən götürülməlidir.
4. Xəstəliyin keçiriciləri olan mənənələrə qarşı mübarizə aparmalı.
NOXUD BİTKİSİNİN ZƏRƏRVERİCİLƏRİ
-
Noxud mənənəsi (Acyrthosiphon pisi Kalt.)
-
Noxud dənyeyəni (Bruchus pisorum L.)
-
Noxud uzunburunu (Sitono lineatus L.)
-
Beşnöqtəli uzunburun (Tychius quinguepunctatus F.)
-
Noxud meyvəyeyəni (Laspeyresia nigricana Steph.).
Noxud mənənəsi
(Acyrthosiphon pisi Kalt.)
Mənənələr içərisində ən iri növ olub, qanadsız formalar 4-4,5 mm, qanadlı fərdlər isə 5,4 mm-dir. Tünd yaşıl rəngdədir. Yumurta mərhələsində yonca və s. paxlalı bitkilər üzərində qışlayır. Yumurtası uzunsov oval formadadır, rəngi qaradır. Yazda may ayının əvvəllərində yumurtadan çıxır. Sürfələr inkişaf edib yetkin mərhələyə keçdikdən sonra dişilər 50-yə qədər diri sürfələr doğurlar. Sonra qanadlı dişilər əmələ gəlir və onlar paxlalı bitkilərin üzərinə yayılırlar. Onlar bu bitkilər üzərində çoxalaraq, çox məhsuldar dişilər əmələ gətirirlər. Bir dişi fərd 120-170 yumurta qoya bilər. Payızda dişilərin qoyduğu yumurtalar qışlayır. Zərərverici il ərzində 10-15 nəsil verə bilir. Bir nəslin inkişafı 8-15 gün çəkir. Mənənənin çoxalması və zərərverməsi rütubətli havalarda daha yüksək olur. Mənənə kaloniyaları bitkilərin yuxarı yarusunda toplanır, cavan zoğlar və yarpaqlar üzərində qidalanır. Nəticədə bitki inkişafdan qalır, zədələnmiş bitkinin qidalanması çətinləşir (şəkil 4).
Noxud, mərcimək, çöl noxudu, su fındığı, yonca, xəşənbül, xaşa və s. paxlalı bitkilərə zərər verir.
Mübarizə tədbirləri.
1. Səpindən qabaq toxumu 80%-li sayfos preparatı ilə (100 kq dənə 1 kq preparat) dərmanlamaq lazımdır.
2. Sahələrdə mənənəyə qarşı 65%-li malation (Hektaş Hekthion) (0,5-1,2 kq/ha), 35%-li imidakloprid (Hektaş Hekvidor 350 SC) (0,3-0,5 kq/ha), 20%-li asetamprid (Hektaş Hekplan) (0,4-0,5 kq/ha) preparatları ilə çiləmə aparılmalı. Çiləmə məhsul yığımına 15-20 gün qalmış dayandırılmalıdır.
3. Məhsul yığımına 30 gün qalmış 25%-li deltametrin (Hektaş Deltharin) preparatı ilə 0,2 kq/ha normasında çiləmə aparmaq olar.
Noxud dənyeyəni
(Bruchus pisorum L.)
Böyüklüyü 4-5 mm-dir, oval şəkilli, bozumtul-darçını rəngdə, qanadın qurtaracağında ağımtıl xaç şəkilli ləkə vardır (şəkil 5). Yumurtası 1 mm olub, sarı-kəhraba rəngdədir. Sürfəsi ayaqsızdır, yoğundur, uzunluğu 6 mm-dir. Böcək mərhələsində onlar noxud dəninin içində, anbarlarda çatlar arasında və müxtəlif gizli yerlərdə qışlayırlar. Böcəklər noxud bitkisi çiçəkləyən dövrdə görünməyə başlayır. Onlar çiçək ləçəkləri ilə qidalanırlar. Dişilər cavan paxla üzərinə yumurta qoyurlar. Bir dişi fərd 200-dən çox yumurta qoyur. Yumurtadan çıxan sürfələr paxlanı deşib, sütül (cavan) dənlərin içinə girir. Bir dəndə bir sürfə inkişaf edə bilər. Sürfə dənin içində qidalanaraq, orada da puplaşır. Əmələ gələn böcəklərin əsas hissəsi dənin içində, bir qismi payızda torpaqda və ağac qabıqlarının altında qışlayır. Bu zərərverici ilə zədələnmiş noxud kütləsinin 40%-ə qədərini və cücərmə qabiliyyətinin 75-80%-ni itirir.
Mübarizə tədbirləri.
1. Anbarlarda toxumu zərərsizləşdirmək üçün brometil (30-100 q/m3), 550 q/l dixlofos (15ml/100m3, 100m3 üçün 1 litr su istifadə olunur) preparatları ilə dezinfeksiya aparmaq lazımdır.
2. Sahələrdə 65%-li malation (Hektaş Hekthion) preparatı ilə 1,5 l/ha normasında məhsul yığımına 30 gün qalana qədər çiləmə aparmaq lazımdır.
3. Ərzaq noxudunu zərərsizləşdirmək üçün dəni toxum qurudulan yerlərdə 1,5 saat müddətində 55-600 C-də qızdırmaq lazımdır.
Noxud uzunburunu
(Sitono lineatus L.)
Böcəyin uzunluğu 3,5-5,6 mm-dir. Bədənin üzərində ağımtıl zolaqlar vardır. Böcək mərhələsində tökülmüş yarpaqlar, bitki qalıqları altında və torpaqda qışlayırlar. Böcəklər yazda qışlamadan çıxıb əvvəl çoxillik paxlalı bitkilər üzərində qidalanır, sonra birillik paxlalı bitkilər üzərinə keçirlər. Yazda çoxillik və birillik paxlalı bitkilər üzərində əlavə qidalanırlar. Böcəklərlə zədələnmiş cücərtilər çox vaxt tələf olur. Mayalandıqdan sonra dişi fərd torpağın üst qatına 1500-ə qədər yumurta qoyur. Yumurtadan çıxan sürfələr torpağa girib, köklərdə azot toplayan bakteriyaların yumrularında qidalanırlar. Nəticədə bitki inkişafdan qalır və köklərdə azotun miqdarı azalır. Bundan əlavə böcəyin sürfələri bitkinin kökünü yeyir. Sürfələrin inkişafı 30-40 gün çəkir. Sonra sürfələr torpaqda puplaşırlar. 8-12 gündən (adətən iyul ayında) sonra puplardan böcəklər çıxır. Bu zərərverici ildə bir nəsil verir (şəkil 6).
Bir və çoxillik paxlalı bitkilərə zərər verir.
Mübarizə tədbirləri.
1. Faraş səpin aparılmalı və torpağı vaxtında becərməli.
2. Səpindən qabaq toxum materialı 80%-li tiram (Hektaş Hektiram Forte) preparatı ilə 3-5 q/kq normasında dərmanlanmalı.
3. Sahələrdə məhsul yığımına 20-30 gün qalmış 65%-li malation (1,5 l/ha), 10%-li alfa sipermetrin (Hektaş Supertakimetrin) preparatları ilə (0,5 l/ha) çiləmə aparmaq.
Beşnöqtəli uzunburun
(Tychius quinguepunctatus F.)
Ölçüsü 3,5-5 mm uzunluqdadır, darçın rəngindədir. Yumurtası ağ rəngdədir, uzunsovdur, 1 mm böyüklükdədir. Sürfəsi ağımtıl-krem rəngində, ölçüsü 6-7 mm-dir. Yetkin mərhələdə bitki qalıqları və torpağın üst qatında qışlayır. Yazda böcəklər bitkilərin yarpaq, qönçə, gövdə və qını üzərində qidalanır və orada çoxalır. İldə bir nəsil verir (şəkil 7).
Mübarizə tədbirləri.
1. Faraş səpin aparılmalı və torpağı vaxtında becərməli.
2. Səpindən qabaq toxum materialı80%-li tiram (3-5 q/kq toxuma) preparatı ilə dərmanlanmalı.
3. Sahələrdə məhsul yığımına 20-30 gün qalmış 65%-li malation (Hektaş Hekthion) -1,5 l/ha, 10%-li alfa sipermetrin (Hektaş Supertakimetrin) (0,5 l/ha)preparatları ilə çiləmə aparmaq.
Noxud meyvəyeyəni
(Laspeyresia nigricana Steph.)
Güvələr fəsiləsinə mənsub olan bu kəpənəyin qanadları açılmış halda 12-17 mm-dir. Kəpənəyin ön qanadları tünd-boz rəngdə olub, üzərində kəsik-kəsik xətlər vardır. Yumurtası oval formadadır, uzunluğu 0,7-0,8 mm-dir. İri yaşlı tırtıllar sarı rənglidir, uzunluğu 10-12 mm-dir. Bu zərərverici tırtıllar mərhələsində barama içərisində, torpaqda qışlayır. Yazda kəpənəklər uçur və öz yumurtalarını paxlalı bitkilərin yarpağı, gövdəsi və meyvəsi üzərinə qoyurlar. Yumurtadan çıxan tırtıllar qının içinə girir və orada qidalanır. Ehtimal ki, ildə bir nəsil verir (şəkil 8).
Mübarizə tədbirləri.
1. Məhsul yığıldıqdan sonra bitki qalıqlarını yığıb sahədən çıxarmalı, payızlıq dondurma şumu aparmalı.
2. Kəpənəklər yumurta qoyduğu dövrdə sahələri 65%-li malation, (Hektaş Hekthion) -1,2 l/ha, 5%-li lambda siqaltron (Hektaş Maestro ) -0,5 l/ha və digər preparatlar ilə çiləməli.