
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda kitabların təqdimatı təşkil olunmuşdur

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni nəşr edilmiş “Tərəvəz, bostan və kartof bitkilərinin becərilməsi texnologiyasi və fenoloji təqvimi” və “Tərəvəz, bostan və kartof bitkilərinin ilkin toxumçuluğu və əkinlərinin aprobasiya qaydaları” adlı kitablarının İnstitutda 16 avqust 2019-cu il tarixdə təqdimatı keçirilmişdir. Tədbirdə İnstitutun rəhbərliyi və əməkdaşları iştirak etmişdir. “Tərəvəz, bostan və kartof bitkilərinin becərilməsi texnologiyasi və fenoloji təqvimi” adlı kitabı özündə ölkəmizdə geniş şəkildə becərilən tərəvəz, bostan və kartof bitkilərinin aylar üzrə becərilməsi texnologiyası və bölgələrdən asılı olaraq onların fenoloji təqvimi haqqında məlumatları əks etdirir. Kitabdan istifadə etməklə tərəvəzçi fermerlər il boyu əkin sahələrindən görüləcək işləri planlaşdıra, ayrı-ayrı bölgələrdə bitkilərin inkişaf fazalarını izləyə və tərəvəz bitkilərinin becərilməsi texnologiyasını proqramlaşdıra bilərlər. Tərəvəzçi fermerlər üçün stolüstü kitab ola biləcək bu əsər həmçinin kənd təsərrüfatı mütəxəssisləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. İkinci “Tərəvəz, bostan və kartof bitkilərinin ilkin toxumçuluğu və əkinlərinin aprobasiya qaydaları” adlı kitabda isə tərəvəz, bostan və kartof bitkilərinin ilkin toxumçuluğunun bioloji əsasları, sorttəmizləmə, sortmüayinə və əkinlərin aprobasiya qaydaları, fərdi toxumçuluğun spesifik xüsusiyyətlərinin elmi-nəzəri və təşkilati əsasları izah edilmiş və bu işlərin bitkilərin məhsuldarlığının artırılmasında oynadığı rol göstərilmişdir. Kitabdan ilkin toxumçuluq və aprobasiya işləri ilə məşğul olan alimlər, doktorantlar, magistrantlar, tələbələr, aprobatorlar, toxumçu aqronomlar, fermerlər və bu sahə ilə məşğul olan həvəskar tərəvəzçilər faydalana bilərlər. Yekunda tədbirdə iştirak edən institut alimləri və elmi işçilər kitablar haqqında xoş fikir və münasibətlərini bildirmişdirlər.









