top of page
xiyar.jpg

Xiyar dad və müalicə əhəmiyyətinə görə böyük maraq kəsb edən, dünya xalqlarının mətbəxini bəzəyən və hal-hazırda geniş yayılmasına ehtiyac duyulan bir bitkidir. Müxtəlif xəstəlikləri sağaldıcı xüsusiyyətləri, ləzzətli dadı, iyi, qidalılığı olan xiyardan həm təzə, həm də duza qoyulmuş halda bütün il boyu istifadə olunur ki, bu da onun geniş halda yayılmasına səbəb olmuşdur.

Xiyar bitkisinin 94-97%-ni bioloji su, yalnız 3-6%-ni isə quru maddə təşkil edir. Lakin bu azacıq quru maddənin tərkibində çoxlu miqdarda mürəkkəb və qiymətli birləşmələr vardır ki, bu da insan orqanizmi üçün faydalı olan lazımi mineral duzlar, üzvü turşular, fermentlər, efir yağları və vitaminlərdən ibarətdir. Xiyarın gülündə K, Na, Mg, Fe, Ca, kükürd duzlarına və mikroelementlərə rast gəlinir. Həmin maddələrin əksəriyyəti qələvilik xüsusiyyəti daşıdığı üçün çörək, ət, pendir və başqa yeyintilərlə daxil olan bəzi yararsiz turşuları neytrallaşdırır.

Bu bitkinin şirəsi bəzi şişlərin qarşısını alır, böyrəklərdə olan daşları əridir. Xiyar meyvəsinin şirəsindən və toxumlarından ayrılan emulsiyadan ciyər, sinə, böyrək xəstəliklərində, qızdırmada və s. istifadə edilir.

 Xiyarın rayonlaşdırılmış sortları 

Müxtəlif  vaxtlarda yetişən (tezyetişən və gecyetişən), müxtəlif məqsədlər-dən ötrü (duza qoyulmuş və təzə halda yemək üçün süfrə sortları) hər zona üçün rayonlaşdırılmış və perspektiv sortlardan istifadə etmək məsləhətdir.  Respublikamızda xiyarın Konkurent, Feniks 640, Kirovabadskiy mestnıy, Şedriy 118, Parad, Azəri sortları açıq, Moskva istixana hibridi və Stella sortları isə örtülü sahədə becərilmək üçün rayonlaşdırılmışdır.

Konkurent – yaz və yay səpinləri üçün məsləhət görülür. Arılar vasitəsilə tozlanır, konservləşdirilməyə yararlıdır, tezyetişəndir, məhsuldardır, uzun tağlıdır, yumurtalığının üzərindəki tükcüklərin rəngi qaradır, meyvələri ovalvari, silindirvaridir. Unlu şeh xəstəliyinə davamlıdır.

Yerli Kirovabad – yay səpinləri üçün məsləhət görülür. Arılar vasitəsilə tozlanır.

Şedriy 118 – tezyetişəndir, salat və konservləşdirmək üçün yararlıdır. Əsas tağı orta uzunluqdadır. Meyvələri əsas tağın üzərində əmələ gəlir. Meyvələrin rəngi açıq-yaşıl, üzəri yarım sığallıdır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Məhsuldarlığı hektardan 170-250 sentnerdir. Saxlanmaya və daşınmaya davamlı sortdur. Meyvələri uzun müddət öz rəngini saxlama qabiliyyətinə malikdir. Meyvələrinin uzunluğu 12-15 sm, çəkisi 100-120 qramdır.

Parad – Arılar vasitəsilə tozlanandır. Tezyetişəndir. Salat üçün istifadə edilir. Yüksək keyfiyyət və əmtəəlik göstəricilərinə malik olmaqla bir dəfəyə məhsulun çox hissəsini verir. Əsas tağı orta uzunluqdadır, yumurtalığının üzəri ağ tükcüklərlə örtülüdür. Yüksək dad keyfiyyətinə malikdir, məhsuldarlığı hektardan 184 sentnerdir. Xəstəlik və zərərvericilərə nisbətən davamlıdır. Yay səpinləri üçün məsləhət görülür.

Azəri – ortayetişəndir, gözəl dad keyfiyyətinə malikdir. İstər təzə halda, istərsə də duza qoyulmuş, marinadlaşdırılmış və konservləşdirilmiş halda istifadəyə yararlıdır. Xəstəlik və zərərvericilərə qarşı (unlu şeh və ylançı unlu şeh) davamlı, uzun müddət məhsul vermə qabiliyyətinə malik, məhsuldar (350-400 sent/ha), iqtisadi cəhətdən faydalı sortdur. Həm yaz, həm də yay (təkrar əkində) dövründə becərilir, əmtəəlik keyfiyyətini itirmir. Bu sortun digər xiyar sortlarından daha bir fərqi ondadır ki, bir meyvədən toxum çıxımı meyvənin ölçüsündən və toxum yuvasından asılı olaraq çoxdur (12-15 qram) 1000 toxumun çəkisi 28-35 qramdır. 1 hektardan 36-40 sentner toxum məhsulu götürmək mümkündür.

 Xiyar bitkisinin becərilmə texnologiyası 

Xiyar üçün əsas sələf bitkiləri çoxillik otlar, pomidor, dənli və dənli paxlalılar, kökümeyvəlilər, kələm, soğan, kartof və s. hesab olunur. Xiyarı 3-4 ildən sonra əkildiyi yerə qaytarmaq olar. Xiyarın becərilməsi üçün  mexaniki tərkibcə yüngül, qida maddələri ilə zəngin münbit torpaqların olması vacibdir. Yüksək və keyfiyyətli məhsul almaq üçün şumun vaxtında aparılması əsas şərtdir.

Torpağın hazırlanması

Torpaqda nəmliyin qorunub saxlanması və yağıntı zamanı qida maddələrinin itkisinə yol verməmək üçün payızda bütün bitkilərin vegetasiyası başa çatdıqdan sonra dondurma şumunun qumlu və yüngül mexaniki  tərkibli torpaqlarda bir dəfə, ağır gillicəli torpaqlarda isə iki dəfə aparılması məsləhətdir. Şumaltına hər hektara üzvi gübrənin 75%-i  verilir və sahə şumlanır. Peyinin qalan 25%-i və təsiredici maddə hesabı ilə 30 kq/ha  NPK əkin qabağı becərmədə (pərşum) torpağa verilir və sahə üzlənir.

Gübrələnməsi 

Xiyar bitkisindən yüksək məhsul əldə etmək üçün əsas şərtlərdən biri də sahənin gübrələrlə təmin olunmasıdır. Xiyar bitkisi üçün ən yaxşı gübrə norması hektara 30-35 ton peyin+təsiredici maddə hesabı ilə NPK 170 kq/ha-dır. Çıxışdan 10 gün sonra təsiredici maddə hesabı ilə 40 kq/ha NPK cərgələrə verilir.

Qönçələmə fazasında təsiredici maddə hesabı ilə 50 kq/ha NPK cərgəaralarına verilir, qarışdırılır. 4-cü yığımdan sonra təsiredici maddə hesabı ilə 50 kq/ha NPK cərgə aralarına verilir, torpaqla qarışdırılır.

Toxumların səpinindən 2-3 gün əvvəl sahə arat edilir, cücərmiş toxumlar yuvalara (4-5 ədəd olmaqla) səpilir və üzəri örtülərək mulçalanır.  Çıxış verdikdən sonra seyrəltmə aparılır. 3-4 əsas yarpaq əmələ gəldikdən sonra birinci yemləmə, 10-15 gün sonra isə ikinci yemləmə aparılır və s.

Gübrələrin mərhələlərlə verilməsi bitkinin torpaqdan səmərəli istifadə etməsinə və məhsulun keyfiyyətinin yaxşılaşmasına şərait yaradır.

Xiyar bitkisinin xəstəlik və zərərvericiləri

Xiyarın ən çox yayılmış xəstəlikləri unlu şeh və yalançı unlu şehdir (perenosporioz).

Unlu şeh – Bu xəstəlik ən çox xiyar, bostan bitkilərini yoluxdurur və güclü ziyan vurur, bitkilərin çiçəkləmə və meyvə əmələ gəlmə dövründə daha sürətlə inkişaf edir. Bu xəstəliyə tutulan bitkilərin yarpaqlarının üst hissəsində, gövdələrində ağ və ya ona oxşar örtük əmələ gəlir. Sonradan bu örtük qalınlaşır, ağ-boz rəng alır. Həddindən artıq xəstələnmiş bitki orqanları kobudlaşır və məhv olur.

Mübarizə tədbirləri: növbəli əkin sisteminə əməl etmək, məhsul yığıldıqdan sonra bitki qalıqlarını məhv etmək, vegetasiya dövründə sirayətlənmiş bitkilərə müvafiq fungisidlərlə çiləmə aparılmalıdır.

 Topaz-0,125-0,15 kq/ha

 Tiavicet-2-3- kq/ha

 Kvadris-0,4-0,6 kq/ha

 Strobi-0,2-0,3 kq/ha

Yalançı unlu şeh (perenosporioz) – Bu xəstəlik respublikada rayonlaşmış xiyar sortlarını, o cümlədən Azəri sortunu açıq sahədə yoluxdurur. Xəstəliyə tutulmuş bitkilərin yarpağı üzərində sarı-yaşıl rəngli örtük əmələ gəlir. Tədricən yarpaqlar bozarır, quruyur və ovxalanıb tökülür. Yaxşı havalanmayan və kölgəli sahələrdə xəstəlik daha sürətlə inkişaf edir.

Mübarizə tədbirləri: növbəli əkin sistemini tətbiq etmək;

-torpaqda gübrələmə sistemini düzgün aparmaq;

-xəstəliyə qarşı müvafiq preparatlardan istifadə etmək;

-aqrotexniki qaydalara düzgün əməl etmək.

 Kimyəvi mübarizə tədbirləri məqsədi ilə aşağıdakı preparatlardan istifadə edilməsi tövsiyə olunur:

Ridomil – 2,5 kq/ha

Metaksil – 2,5 kq/ha

Ordan – 2,5-3 kq/ha

Previkur – 2-3 kq/ha

Bravo – 2,2-2,5 kq/ha

Kvadris – 0,4-0,6 kq/ha

Strobi – 0,2-0,3 kq/ha

Xiyarın ən geniş yayılmış zərərvericiləri bostan mənənəsi və tor gənəciyidir.

Bostan mənənəsi: buna pambıq mənənəsi də deyilir. Çox kiçik (1-2mm) ölçülü olub sarı, yaşıl, bəzən tutqun-boz rəngdə olur. Mənənələrin bitkilər üzərində qidalanması nəticəsində yarpaqlar deformasiyaya uğrayır, bükülür, çiçəklənir və ilk meyvələr  quruyub tökülür. Kimyəvi mübarizə tədbirləri məqsədi ilə aşağıdakı preparatlardan istifadə edilməsi tövsiyə olunur:

Desis-0,004 kq/ha

Arrivo-0,6-0,8 kq/ha

Bi-58-0,5-0,9 kq/ha.

footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page