Bostan bitkilərinin əhəmiyyəti çoxcəhətlidir. Qarpız və yemiş karbohidratlar (əsasən şəkərlər), mineral duzlar və vitaminlərlə zəngindir.
Bostan bitkiləri yüngül mexaniki tərkibli, münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Yüksək və keyfiyyətli məhsulun əsasını təmin etmək üçün isə yüksək aqrotexniki tədbirlər, optimal qida elementləri və su rejiminin düzgün tətbiq edilməsi çox vacibdir. Növbəli əkin sistemində onun əsas sələf bitkisi soğanaqlılar, çoxillik otlar, kartof və taxıl bitkiləridir.
Torpağın hazırlanması
Bostan bitkiləri əkilən sahədə sələf bitkilərin qalıqları təmizlənəndən sonra 25-30 sm dərinlikdə dondurma şumu edilir. Şum altına 20-30 ton peyin və 250-300 kq superfosfat verilir.
Səpinqabağı becərmə zamanı torpağın vəziyyətindən asılı olaraq o, 0,15-20 sm dərinlikdə yenidən şumlanmalıdır. Sonra cərgələr və su kanalları açılmalıdır.
Toxumun səpinə hazırlanması
Bostan bitkiləri istiliyə çox tələbkar olub, toxumları 16-170C istilikdə cücərməyə başlayır. Toxumları qızdırdıqda (termostatlarda), istiliyi dəqiq tənzimləyən və sabit saxlayan otaqlarda saxladıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Toxumların qızdırılması günəş vasitəsilə də aparıla bilər, yəni onları günəşli yerdə nazik qatla parça üzərinə sərib, arabir qarışdırmaqla 5-7 günə qədər saxlamaq lazımdır.
Toxumları cücərmə zamanı xəstəliklərdən qorumaq üçün TMTD (8q/kq) və ya merkuran (1q/kq) preparatları ilə dərmanlamaq lazımdır.
Toxumun torpağa səpilməsi
Torpağın temperaturu 14-160C-yə çatdıqda səpinə başlamaq olar.
Səpinə 2-3 gün qalmış sahədə arat aparılmalıdır. Qarpız bitkisində səpin cərgə və lent üsulu ilə aparıla bilər. Cərgəvi üsulla səpin sxemi 2,1×0,8-1,0 m-dir.
Toxumun hər hektara səpin norması sortlardan asılı olaraq 2,0-4,0 kq-a qədərdir. Toxumlar 4-5 sm dərinliyə basdırılmalıdır.
Yemiş bitkisində də səpin cərgəvi və ya lent üsulunda aparıla bilər. Cərgəvi üsulla cərgəaraları 1,4 m, cərgədə bitki araları isə 0,7 m olur. Lent üsulunda səpin aparıldıqda lent araları 2,1 m, lentdə cərgəaraları 0,7 m, cərgədə bitki araları da 0,7 m-dir. Hektara səpin norması 2-3 kq-dır. Toxumlar 2-3 sm dərinliyə basdırılır.
Səpini mərkəzi aran rayonlarında aprelin 10-dan 15-dək, Quba-Xaçmaz bölgəsində aprelin 25-dən 30-dək, dağətəyi rayonlarda mayın 1-dən 15-dək Abşeron yarımadasında aprelin 20-dən mayın 20-dək aparmaq lazımdır.
Bitkilərə normal qida sahəsi yaratmaq üçün 4-5 yarpaq əmələ gəldikdən sonra seyrəltmə aparılır və hər yuvada 2 ədəd sağlam və güclü bitki saxlanılır.
Qarpız əkinlərində arat nəzərə alınmazsa, birinci suvarma tam çıxış alındıqdan sonra və ya seyrəltmədən əvvəl aparılır.
Yemiş bitkisi çoxlu su buxarlandırır, lakin güclü kök sisteminə malik olduğu üçün quraqlığa davamlı bitkidir. Torpaq uzun müddət nəm olduqda yemişin kökləri çürüyür və bitki məhv olur.
Qulluq işləri cərgədə və cərgəaralarında torpağın yumşal-dılmasından, alaqlarla mübarizədən, seyrəltmədən, suvarmadan, gübrələ-mədən, xəstəlik və zərərvericicilərə qarşı mübarizədən ibarətdir.
Qarpız meyvələrinin həcmcə böyümə dövrü başa çatdıqda, yəni məhsulun yığımına təqribən 20-25 gün qalmış suvarmanın dayandırılması məsləhət görülür. Sahədən suyun tez buxarlanmasının qarşısını almaq üçün suvarmadan sonra əmələ gəlmiş qaysaqlar yumşaldılmalıdır.
Gübrələnməsi
Bostançılıq rayonlarının torpaq şəraitini nəzərə almaqla, hektara 20-30 ton peyin norması daxilində boz-qonur torpaqlarda təsiredici maddə hesabı ilə 120 kq azot, 120 kq fosfor və 120 kq kalium gübrəsi vermək lazımdır.
Yemiş torpağın münbitliyinə, xüsusən onun kaliumla zəngin olmasına tələbkardır. Fosfor gübrəsi peyinlə birlikdə səpinqabağı hazırlanmış yuvalara verilir. Azot və kalium iki dəfədə yemləmə şəklində verilir. Birinci yemləmə seyrəltmədən sonra 60 kq azot, 45 kq kalium, ikincisi isə birincidən 20-25 gün sonra çiçəkləmə fazasında 40 kq azot, 35 kq kaliumla birlikdə verilməklə aparılır. Yemləmədən sonra bitkilərin dibi yumşaldılır, azca doldurulur və bitkilər suvarılır.
Qarpız bitkisində fosfor gübrəsinin 60%-i 20-30 ton peyinlə birlikdə əsas şum altına, azot, fosfor və kalium gübrələrinin 10%-i 10 ton peyin cürüntüsü ilə birlikdə səpinqabağı yuvalara, yaxud cərgələrə, fosfor gübrələrinin 30%-i bərabər hissədə çiçəkləmə fazasında və meyvələr əmələ gəldikdən sonra yemləmə şəklində lentdə cərgəaralarına, yaxud bitkinin ətrafına səpilir və torpağa qarışdırılaraq suvarılır.
Yığım
Qarpız meyvələrinin yetişkənliyini müəyyən etməyin bir sıra nişanələri vardır, barmaqla vurarkən meyvə küt səs verir, onun səthində parlaqlıq əmələ gəlir, sıxarkən səs verir
Yemişin meyvələrinin saplağı və onun yanındakı bığcığı quruyur, meyvənin sorta məxsus naxışı tam aydınlaşır.
Yemiş bitkisində məhsul, meyvələr yetişdikdə seçmə yığılır. Yemişin yetişdiyini müəyyən etmək qarpıza nisbətən asandır.
Qarpız və yemişin xəstəlik və zərərvericiləri
Unlu şeh xəstəliyi–xəstəliyə qarpız və yemiş bitkiləri yoluxur. Sirayətlənmiş bitkilərin yarpaq və gövdələrində ağ və bozumtul örtüklər əmələ gəlir. Xəstəliyə tutulmuş yarpaqlar saralır, soluxur və tez məhv olur. Unlu şeh xəstəliyi bitkilərin çiçəkləmə və meyvə vermə dövründə də inkişaf edir. Xəstəlik nəticəsində bitkilərin məhsulu azalır və məhsul keyfiyyətsiz olur.
Fitoftora xəstəliyi–bostan bitkilərində rast gəlinən bu xəstəliyin törədiciləri göbələklərdir. Çox vaxt göbələyin mitselləri meyvənin içərisində inkişaf edir, hətta toxum da bu xəstəliyə yoluxur. Bu xəstəliyə tutulmuş meyvələrin üzərində açıq boz ləkələr əmələ gəlir. Meyvənin ətli hissəsi keçə kimi olur.
Antraknoz xəstəliyi– xəstəliklə bitkilərin kök boğazı, yarpağı və meyvələri zədələnir. Göbələk bitkinin toxumlarında, çox hallarda yarpaqlarında dəyirmi və sarı qonur ləkələr, meyvələrdə batıq yaralar əmələ gətirir.
Yemiş milçəyi–ən qorxulu zərərvericilərdən sayılıb, Azərbaycanda yemiş əkilən bütün rayonlarda geniş yayılmışdır.
Bu zərərverici torpağın 12-15 sm dərinliyində pup mərhələsində qışlayır.
Milçəklər yemiş bitkisi çiçəkləyən dövrdə uçurlar. Dişi milçəklər öz yumurtalarını təzə əmələ gəlmiş meyvələrin qabığı altına qoyurlar. Yemiş milçəyinin sürfələrinin meyvənin içərisində qidalanması nəticəsində sürfə yolları daşlaşır, nəticədə meyvələr çürüməyə başlayır.
Bostan çəyirtkəsi–bu zərərverici həm qarpız, həm də yemiş bitkisinə böyük ziyan verir. Bostan çəyirtkəsinin yetkin fərdlərinə iyul ayından başlamış sentyabra kimi rast gəlinir. Çəyirtkənin sürfələri və yetkin fərdləri bostan bitkilərinin yarpaqları və cavan zoğları ilə qidalanır.
Bostan bitkilərinin zərərverici və xəstəliklərdən mühafizəsi aqrotexniki və kimyəvi tədbirlərdən ibarətdir. Bütün aqrotexniki qaydalara riayət olunması bostan əkinlərində zərərverici və xəstəliklərlə uğurlu mübarizənin əsas şərtlərindəndir.
Növbəli əkin sisteminə ciddi riayət olunması, sahələrdən bitki qalıqlarının yığılıb məhv edilməsi, alaq otlarına qarşı, eləcə də torpaqda zərərvericiləri qışlama mərhələsində məhv etmək üçün dərin şumun aparılması vacibdir.
Bostan bitkiləri əkilən sahəyə həmin bitkini 5 ildən sonra əkmək məsləhətdir.
Üzvi və mineral gübrələrdən təlimata uyğun istifadə edilməsi xəstəlik və zərərvericilərə davamlı, sağlam bitkilərin yetişməsinə zəmin yaradır.
Mineral gübrələr, əsasən də kalium və azot gübrələri torpaqda olan məftil qurdlarının bir qisminin məhvinə köməklik edir, fosfor-kalium gübrələri və çürümüş peyin qarışığı bitkilərin antraknoz xəstəliyinə qarşı müqavimətini artırır.
Kök çürüməsi xəstəlikləri aşkar edildikdə peyindən istifadə edilməsi məsləhət deyildir.
Səpinqabağı toxumların mikroelementlərlə (bor, mis, dəmir, sink və s.) işlənməsi bitkilərin xəstəliklərə davamlılığını artırır.
Bostan əkinlərində zərərverici və xəstəliklərə qarşı kimyəvi mübarizə tədbirlərinə səpinə 1-2 ay qalmış toxumların dərmanlanması ilə başlanılır. Vegetasiya müddətində sovkalara qarşı sipermetrin, deltametrin tərkibli preparatlardan istifadə edilməsi tövsiyə olunur.
Bitkilərin ünlu şeh xəstəliyinə qarşı Tridimefon tərkibli (Bayleton) və dinokap tərkibli (karatan) preparatlarından istifadə etməklə mübarizə aparılması səmərəlidir.
Kimyəvi mübarizə məhsul yığımına 20 gün qalmış başa çatdırılmalıdır.