top of page

Pomidor istixanalarının qanadlı kabusu

image-05-01-21-11-33-1.jpeg

Pomidor güvəsi (Tuta absoluta)

 Bu zərərvericinin vətəni Cənubi Amerika olub, 1980-ci illərdən böyük  sürətlə dünyanın bütün pomidor əkilən sahələrinə yayılmağa başlamışdır. 2006–cı ildən zərərverici İspaniyadan Avropa ölkələrinə keçmiş, Aralıq dənizi hövzəsində geniş yer almışdır. Böyük ehtimala görə, bu zərərverici Azərbaycana Türkiyədən keçmiş və hal-hazırda həm istixanalarda, həm də açıq sahələrdə geniş yayılmışdır.
Güvənin bitkilərə vurduğu ziyanı çəyirtkənin vurduğu ziyanla müqayisə etmək mümkündür, belə ki, o da bitkiləri 100 % məhv edə bilər. Minalayıcı güvələr (Tuta  absoluta  Povolny) bitkiləri istənilən inkişaf fazasında, istənilən vaxtda  və istənilən şəraitdə zədələyə bilir. Bitkilər balaca olduğu zaman güvə onları tamamilə yeyir. Böyük  bitkilərdə isə yarpağın və gövdənin içinə girərək qabığı zədələmədən nizamsız  dəhlizlər açır, yəni elə bil ki, onları minalayır. Belə yarpaqlar tezliklə quruyur və sıradan çıxır. Güvə,  həmçinin, bitkinin yuxarıdakı hissəsində olan qönçələri və çiçəkləri də məhv edir. Güvənin sürfələri həm yaşıl, həm də yetişmiş meyvələrin içinə daxil olaraq özünə yollar açaraq dərinliklərə kimi daxil olur. Belə meyvələr, ya xarab olur, ya da ki, əmtəəlik formasını itirirlər.
Yetişkin fərd: Bədəni 6-7 mm uzunluğundadır. Bığcıqları sap şəkillidir. Açıq-qəhvəyi üst qanadlarında irili-xırdalı qara nöqtələr var. Yetkin erkək fərdlərin ömrü 6-7 gün, dişi fərdlərin isə 10-15 gündür. 
Zərərvericinin həyat dövrü dörd mərhələdən ibarətdir; yumurta, sürfə, pup və yetkin forma

Yumurta: uzunluğu 0,4 mm, eni 0,2 mm silindirşəkilli, qəhvəyi-sarı rəngdədir. Yetkin tuta absoluta yumurtalarını əsasən yarpaqların alt hissəsinə qoyur. Lakin bu o demək deyil ki, pomidor minalayıcı güvənin yumurtaları yalnız yarpaqlarda olur. Hesablamalara görə pomidor bitkisində bu zərərvericinin yumurtalarının 73 faizi yarpaq, 21 faizi zoğ, 5 faizi tumurcuq yarpaqları və 1 faizi yaşıl meyvə üzərində olur. Yumurta mərhələsinin müddəti 7 gün davam edir.
Sürfə: Yumurtadan çıxan sürfələrin bədəni qəhvəyi rəngli, başı isə qaradır. Sürfə dörd mərhələ keçirir. I mərhələsində 0,9 mm, IV mərhələsində 8,0 mm uzunluğunda olur. Yetkinləşən sürfənin bədəni yaşıl, başı isə qəhvəyi rəngə çevrilir. Sürfənin başının arxasında görünən tünd rəngli xətt ən fərqləndirici  xüsusiyyətlərindəndir.
Pup: Pup ilk başlarda yaşılımtıl olsa da, yetkinliyə mərhələsinə yaxınlaşanda açıq şabalıdı rəngə dönür və uzunluğu 6-8 mm olur. Puplara əsasən yetişdirmə səthində (torpaq və ya substratda), yarpaqlarda və zərərvericinin əmələ gətirdiyi minalarda rast gəlinir. Çox az hallarda bitkinin çiçək, meyvə və zoğlarında pup yaşayır. Pup mərhələsinin müddəti 9-11 gün davam edir.
Həşərat (yetkin forma): Ziyanvericinin yetkin forması gümüşü-sarı rənglidir və qanadlarının üstündə qara nöqtələr var. Əsas fərqləndirici xüsusiyyəti sapşəkilli antenasının olmasıdır. Bədən uzunluğu 6-7 mm, qanadının açıq haldakı uzunluğu isə 10-12 mm-dir. Xarici görünüş cəhətdən kartof güvəsinə xatırlatsa da, ölçü olaraq kartof güvəsindən kiçikdir. Bundan başqa xarici görünüşü zərərvericinin meyvə və bitkilər arasında aşkarlanmasını çətinləşdirir.
Sahib bitkilər: Zərərverici daha çox pomidor bitkisini sirayətləndirir. Bundan başqa həmçinin badımcan, bibər, lobya bitkilərini və alaq otlarından isə it üzümü, tarla sarmaşığı və şeytan alması da bu qrupa daxildir. Pomidor güvəsi açıq və istixana şəraitində yetişdirilən pomidorun əsas zərərvericilərindəndir. Sürfələri pomidor bitkisinin kökündən başqa bütün hissələrinə müxtəlif inkişaf mərhələlərində çox ziddi ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır. Sürfənin yarpaqda açtığı lağımlar geniş olub şəffaf boşluqlar şəklində özünü biruzə verir. Bu lağımlar daha sonra nekrotik (çürümə) qəhvəyi ləkələrə çevrilərək quruyur. Yarpaqda və meyvədə açılan lağımlarda zərərvericinin qara rəngli ifrazatını topa şəklində görmək mümkündür. Bitkinin yaşıl hissəsində açılan lağımlar nəticəsində bitki bütünlüklə quruya bilir. Zərərverici daha çox yetişməmiş pomidor meyvələrinə üstünlük verərək, kasa yarpaqları dəlib keçirlər. Zərərvericinin meyvədə açdığı lağımların görüntüsü qarışıq olub, meyvənin hər tərəfindən görülə bilir. Meyvədə açılan lağımlara fərqli mikroorqanizmlərin daxil olması ilə çürümələr meydana gəlir. Kütləvi çoxalma zamanı pomidorda, məhsulun 50-60% -i itkiyə səbəb olur.  
Mübarizə tədbirləri
1. Aqrotexniki tədbirlər
- Zərərverici ilə sirayətlənmiş ştillər istifadə edilməməlidir.
-İstehsal sahəsində və ətrafında zərərvericiyə sahiblik edən əsasən də badımcançiçəklilər fəsiləsinə (Solanaceae) aid alaq otlarına qarşı mübarizə aparılmalıdır.
-Zərərvericinin sürfə və pupları tarlada qalan bitki qalıqlarında yaşaya bildikləri üçün onları yığıb məhv etmək lazımdır.
-Növbəli əkin (Badımcankimilər fəsiləsinə (Solanaceae) aid olmayan bitkilər yetişdirilməli) tətbiq edilməlidir.
-Tarlada qalan sürfə və pupları məhv etmək üçün məhsul yığımından sonra dərin şum aparılmalıdır.
İstixanaların hər iki tərəfdən qapıları olmalı, giriş-çıxış və havalandırma qurğuları  zərərvericinin girə bilməyəcəyi incəlikdə tül ilə bağlanmalıdır.
2. Bioloji mübarizə
-Təbii düşmənlərdən Nesidiocoris tenuis pomidor güvəsinin sürfə və yumurtaları ilə qidalanır.
-İstixanalarda bioloji mübarizə vasitələrindən yumurta paraziti Trichogramma euproctidis Girault və ovçu həşərat N. tenuis birlikdə istifadə edilməlidir.
-Təbii düşmənlərinin qorunması və entomofoqların artırılması üçün zərərvericilərlə mübarizədə kimyəvi mübarizəyə alternativ metodlara üstünlük verilməli, əgər kimyəvi mübarizənin aparılması zərurəti yaranarsa, təbii düşmənlərə əks təsiri ən az olan pestisidlərdən istifadə edilməlidir.
3. Fiziki mübarizə tədbirləri
-Pomidor güvəsinə qarşı tutucularla mexaniki sürətdə yığılmasından, feromon+su tələləri ya da işıq+feromon+su tələlərindən istifadə olunmalıdır. Tələlər eyni ölçüdə, yerdən 20-30 sm yüksəklikdə yerləşdirilir. Tələdəki su azaldığında su əlavə edilməlidir.
-Yetkin fərdi aşkar etmək üçün əkindən dərhal sonra tarlada (1-2 tələ/ha) və istixanada (1 tələ) əks cinsə qarşı çəkici feromon tələlər istifadə olunur. Tələlərə həftədə bir dəfə nəzarət edilir və tələdə ilk yetkin fərd görüldükdə istixananın böyüklüyünə görə ən azı 100 bitki nəzarət edilərək, bitkinin çiçək, yarpaq, zoğ və meyvələrində yumurta, sürfə və pup axtarılır. 100 bitkidən 3-ü zərərvericinin hər hansı mərhələsində rast gəlinərsə, mübarizə tədbirlərinə qərar verilir. Dərmanlamadan 5-6 gün sonra bitkilərə təkrar nəzarət edilir. Lazım gəldikdə dərmanlanma təkrarlanır. Dərmanlanma bitkinin hər tərəfini əhatə etməlidir.
4. Kimyəvi mübarizə tədbirləri. Kimyəvi preparatlar vasitəsi ilə mübarizə aparılarkən təkcə bitki yox, bitki ətrafında olan ərazilər də dərmanlanmalıdır. Tuta absolutaya qarşı bir çox insektisidlər, məsələn, spinosin, indoxacarb, abamektin, kiromazin, emamektin benzoate və s. istifadə olunur.


Zərərverici əleyhinə bir çox pestisidlər olsa da, sürfələrin sirli təbiəti səbəbindən bir çox pestisidlər az və ya orta dərəcədə faydalı olur. Bundan başqa yüksək çoxalma potensialına malik olduğundan güvə sürətlə mutasiya edir və bu da pestisidin dözümlü populasiyaların inkişafına gətirib çıxarır. Bəzi ölkələrdə zərərverici orqanofosfat, piretroid, kartaq, permethrin və spinosad kimi pestisidlərə müqavimət göstərə bilir. Buna görə də müvafiq dövlət orqan və ya agentlikləri tərəfindən pestisidlərin effektivliyinin yerli qiymətləndirilməsinin aparılması vacibdir.

bottom of page