Kələmin xəstəlikləri
Qaraayaq xəstəliyi (Olipidium brasicae Wer., Rhizoctonia aderholidii Kolosch., Pythmde Baryanum Hesse).
Bu xəstəliyin törədicisi fitium, rizoktoniya, fuzarium və botritis cinsindən olan göbələklərdir. Geniş yayılmış xəstəlik olaraq, bütün kələm növlərinə, həmçinin digər tərəvəz bitkilərinə şitilliklərdə, istixana və açıq sahələrdə yoluxur. Xəstələnmiş bitkilərin kök boğazı nazilir, gövdə zədələnir və orada qara ləkələr əmələ gəlir. Yoluxmuş bitkilər kök boğazından əyilir, soluxur və məhv olur. Bu xəstəlik bitkilərdə 5-6 yarpaq əmələ gələnə qədər inkişaf edir (şəkil 1).
Qaraayaq xəstəliyinin inkişafı şitilliklərdə torpağın uzun müddət dəyişdirilməməsi, nəmliyin artıq olması, şitillərin sıxlığı və tez-tez havalandırılmaması ilə əlaqədardır.
Qaraayaq xəstəliyinə qarşı profilaktik tədbirlər kimi şitilliklərin torpağı dəyişilməli, müntəzəm havalandırılmalı, torpaqda optimal nəmlik yaradılmalı, toxum cərgə ilə səpilməli, yerdəyişmə vaxtında aparılmalıdır. Yoluxmuş şitillərin dibinə qum səpmək lazımdır. Şitilliklərin torpağı səpindən 20-25 gün qabaq dezinfeksiya edilməlidir. Kimyəvi mübarizə tədbirləri kimi 3 kq/ha dozasında 50%-li mis oksixlor (Funguran), 45%-li mankozeb+ 5%-li symoxonil (Hektaş Experteam) - 2 kq/ha, 36,1% mishidroksid 50%-li benomil - preparatları ilə 0,6 kq/ha normasında çiləmə aparmaq lazımdır. Xəstəliyi məhv etmək üçün hər kvadrat metrə 1-2 kq əhəng tozu səpmək tövsiyə olunur.
Unlu şeh xəstəliyi (Erysihe communif f. bras. gerv).
Xəstəliyin ilk əlamətləri yarpaqlar üzərində gözlə çətin görünən ağ mitsel örtüyünün əmələ gəlməsidir. Bu örtük bütün yay boyu yayılaraq, qışlama dövrü üçün kleystokarpiləri yaradır. Xəstəlik külək və həşəratlar vasitəsilə yayılmaqla bitki qalıqları üzərində qışlayır. Xəstəlik vegetasiyanın ikinci yarısında daha çox ziyan vurur (şəkil 2).
Mübarizə tədbirləri sağlam toxum materialı tədarük etmək və onların dezinfeksiyası, istixana şəraitində şitillərin havalandırılması, növbəli əkin sisteminə riayət olunması, bitki qalıqları və alaq otlarının məhv edilməsi, xəstəliyə davamlı sortların əkilib becərilməsindən ibarətdir. Kimyəvi preparatlardan 0,4 kq kq/ha normasında 50%-li karbandazim (Hektaş Takistin), 0,6 l/ha -100 q/l penkanazol (Iqc Almaz), 4 kq/ha normasında 80%-li kolloid kükürd (Basf Kumulus) preparatlarının çilənməsi tövsiyə olunur
.
Yalançı unlu şeh xəstəliyi (Peronosporo brassicae Caum).
Xəstəliyi peronospora cinsindən olan göbələklər törədirlər, geniş yayılıb kələm şitillərini və toxumluqları çox yoluxdurur. Yarpaqların üst tərəfində sarı, yaşıl və boz ləkələr, alt tərəfində isə ağ örtüklər əmələ gəlir. Xəstələnmiş yarpaqlar quruyub tökülür. Yoluxmuş şitilləri açıq sahəyə əkəndən sonra xəstəliyin inkişafı dayanır. Havalar rütubətli keçdikdə isə xəstəliyə aşağı yarpaqlarda təsadüf olunur.
Toxumluq sahələrdə bitkilərin gövdələrində, yarpaqlarında və toxum qınlarında qırmızı, sarı ləkələr əmələ gəlir ki, bu da göbələyin sporlarıdır. Həmin gövdələr eybəcərləşir və quruyur.Xəstəlik toxum və bitki qalıqları ilə keçir. Bu xəstəlik havanın nisbi rütubəti yüksək olduqda daha yaxşı inkişaf edərək, bitkilərə böyük ziyan vurur (şəkil 3).
Mübarizə tədbiri kimi, şitilliklərdə seyrək səpin aparmaq, şitillərə aqrotexniki qaydada qulluq etmək, mineral gübrələrlə yemləmək, torpaqda nəmliyin çox olmasına yol verməmək, şitilləri müntəzəm havalandırmaq lazımdır.
Toxumluq sahələrdə xəstəliyin əlamətləri aşkar edilərsə, 64%-li mankozeb +8%-li mefonoksam (2,5 kq/ha), 45%-li mankozeb +8%-li mefonoksam (2 kq/ha), 50%-li mis oksixlor (Funguran) - 4 kq/ha fungisidləri ilə çiləmələr həyata keçirilməlidir.
Alternarioz və ya qaraləkəlilik (Alternaria brassical Sacce).
Xəstəliyin törədicisi alternariya cinsinə mənsub olan göbələkdir. Kələmçiçəklilər fəsiləsi bitkilərinin yarpaqlarını, buynuz meyvələrini və toxumluqları zədələyərək qara örtüklü ləkələr əmələ gətirir. Xəstələnmiş toxumlar yüngül, içi boş, cücərmə faizi aşağı olur. Toxumlar nəm, rütubətli anbarlarda saxlanarkən törədici daha çox ziyan vurur. (şəkil 4)
Bu xəstəlik toxum və bitki qalıqları ilə yayılır. Göbələk qışı mitselilər və konidilər halında toxum materialı və bitki qalıqlarında keçirir.
Mübarizə tədbiri kimi bitki qalıqları sahədən çıxarılmalı, yandırılmalıdır. Toxum materialı yaxşı qurudulmalı, dərmanlanmalı və quru anbarlarda saxlanmalıdır.
Xəstəliyin əlamətləri müşahidə edildikdə 50%-li benomil (0,6 kq/ha), 36,1%-li mis hidroksid (2 kq/ha) preparatlarından istifadə etmək məqsədə uyğundur.
KƏLƏMİN ZƏRƏRVERİCİLƏRİ
Adi danadişi (Qryllotopalpa gryllotopalpa L).
Uzunluğu 50 mm-ə çatan, boz-qonur rəngli tükcüklərlə örtülü bədənə, gəmirici ağız aparatına, qazıcı və çox güclü ön ayaqlara malik həşəratdır.
Respublikanın hər yerində tərəvəz, bostan və kartof bitkiləri ilə qidalanaraq, onların yeraltı hissələrini gəmirərək kəsir. Rütubətli, peyin və çürüntülü torpaqlarda sürfə halında, 1m-dək dərinlikdə isə yaşlı halda qışlayırlar. Havanın temperaturu 10-150C olduqda torpağın becərilən qatına qalxaraq 300-350 ədəd yumurta qoyurlar. Yumurtanın embrional inkişafı 15 günə qədər davam edir. Cavan fərdlər aktiv qidalanaraq böyük zərər vururlar. Danadişinin olmasını rütubətli torpaqda açdığı müxtəlif ölçülü (2 sm-dək) novların (izlərin) olması ilə müəyyən etmək olar (şəkil 5).Payızda dərin şum aparılması, həmçinin cərgəaralarının becərilməsi bu ziyanvericinin sayının azalmasına səbəb olur. Danadişilərin isti yerdə qışlamasını nəzərə alaraq sahələrin müxtəlif yerlərində 60-70 sm dərinliyində 50-60 sm enində çalalar qazılır. Onlar peyinlə doldurulur, yanvar-fevral aylarında burada toplaşan danadişilər yığılıb məhv edilir
Bu zərərvericiyə qarşı mübarizə üçün aldadıcı yemlərdən istifadə olunur. Bunun üçün 1 kq kəpəyə 100 q 25%-li xlorpirifos və ya 50 q 65 %-li malation (Hektaş Hekthion) əlavə edilir, su ilə qarışdırılır. Sonra həmin yem cərgə aralarına səpilərək 1-2 sm dərinliyə basdırılır.
Kələm mənənəsi (Brevicoryne brassicae L.).
Bərabərqanadlı xortumlular dəstəsinə aid olub sorucu ağız aparatına malikdir. Böyük qruplar halında yaşayaraq, Azərbaycanda geniş yayılmışlar, kələmçiçəklilər fəsiləsindən olan bütün yabanı və mədəni bitkiləri zədələyirlər.
Əmtəəlik və toxumluq baş kələmin məhsuldarlığını 25 %-dək aşağı salır. Bədən ölçüləri 1,9-2,3 mm təşkil edir.
Respublikamız şəraitində yumurta, sürfə və yetkin mərhələdə alaq otları və kələm bitkiləri üzərində qışlayır. Erkən yazda ayılan fərdlər qidalanaraq çoxalır, bir qanadsız dişi fərd 40-a qədər diri sürfə qoyur. Bir il ərzində 15-16 nəsil verir, 2-3-cü nəsli alaq otları, 7-8-ci nəsli toxumluq kələm, 3-16-cı nəsli isə əmtəəlik baş kələm üzərində inkişaf edir. Bir nəslin inkişafı 10-15 günə başa çatır. Aprel-iyun aylarında toxumluq, may-noyabr aylarında isə əmtəəlik baş kələm əkinlərinə ziyan vurur (şəkil 6).
Kütləvi surətdə çoxaldıqda kələmin yarpaqlarını tam örtə bilirlər.Bitkinin şirəsini sorduğuna görə, o, inkişafdan qalır, eybəcər şəkil alır, hətta quruyur. Ona görə də məhsul yığıldıqdan sonra sahədən bütün alaq otları, xüsusilə də kələmçiçəklilər fəsiləsinin yabanı nümayəndələri məhv edilməli və dərin dondurma şumu aparılmalıdır.
Zərərvericiyə qarşı mübarizə tədbiri bitki üzərində kiçik mənənə koloniyası əmələ gələndə aparılmalıdır. Odur ki, yazlıq kələmlər üzərində mayın, yaylıq kələmlər üzərində isə sentyabrın əvvəlində mənənəyə qarşı mübarizə aparmaq lazımdır. 2 l/ha normasında 40%-li dimetoat (Basf Bi-58), 25%-li deltametrin (Hektaş Deltharin) - 0,3 1/ha , 90%-li metamil (lannat) - 0,8 kq/ha, 0,3 1/ha normasında 35%-li imidakloprid (Hektaş Hekvidor 350sc) preparatları ilə çiləmə aparmaq tövsiyə olunur.
Kələm güvəsi (Plytella macylipennis Curt).
Azərbaycanda kələm güvəsi baş kələmin və kələmçiçəklilər fəsiləsinin digər növlərinin təhlükəli və geniş yayılmış zərərvericilərindən biridir. Kəpənəyi kiçik olub, qanadlarının uzunluğu açıq halda 14-17 mm təşkil edir. Aprel ayının əvvəllərində havanın temperaturu 8-12 0C-yə çatdıqda qışlayan puplardan kəpənəklər əmələ gəlib uçur və yumurta qoymağa başlayırlar (şəkil 7).
Bir kəpənək 350 yumurta qoyur. Yumurta 3-7, tırtıllar 9-23, pup isə 6-9 gün ərzində inkişaf edir. Bir nəsil öz inkişafını 18-44, orta hesabla 22 günə başa çatdırır. Azərbaycanda kələm güvəsi 6-8 nəsil verir.
Güvə kütləvi artanda qısa müddətdə kələm məhsulunu tam məhv edə bilirlər. Onlar bitkiyə ən çox mayın sonundan sentyabradək ziyan vurub, məhsulun 20 % azalmasına, keyfiyyətinin pisləşməsinə, fizioloji poseslərin pozulmasına gətirib çıxarırlar. Yoluxmuş bitkilər ya baş bağlamır, ya da kiçik məhsul başları əmələ gətirirlər. Tırtıllar ifrazatları ilə məhsulu çirkləndirdiyindən, məhsulun keyfiyyəti aşağı düşür.
Mübarizə üçün 10%-li emamektin benzoat (Hektaş Viaduckt) - 0,4 kq/ha, 65%-li malation, (Hektaş Hekthion) -1,5 l/ha, 50%-li primifos metil (2,5 l/ha), 15%-li indexocarb (Hektaş Gremlin) 250 q/ha, 2,5%-li deltametrin (Hektaş Deltharin) – 0,3 l/ha, 5%-li lambda siqaltron (Hektaş Maestro) - 0,4 l/ha preparatlarından istifadə olunur.
Kələm kəpənəyi (Pieris brassicae L.). Azərbaycanın bütün rayonlarında kələm kəpənəyinin tırtılları kələmin və digər kələmçiçəklilər fəsiləsi bitkilərinin təhlükəli zərərvericilərindən biridir. O, pup halında baş və toxumluq kələm qalıqları altında qışlayır. Aprelin əvvəllərində havanın temperaturu 10 0 C-ə çatanda kəpənəklər yumurta qoymağa başlayır. Dişi fərdlər 250-300 yumurta qoyur.
Yumurtanın embrional inkişafı 3-5, tırtılların inkişafı isə 14-15 günə qədər davam edir. Tırtıllar yarpaq toxumasını yeyir, yalnız damarlar qalır (şəkil 9). Bir nəslin inkişafı üçün 21-27 gün tələb olunur. Azərbaycanda 5 nəsil verir, II nəslin tırtılları iyun və oktyabr aylarına təsadüf etdiyindən çoxlu ziyana səbəb olur.
Kələm güvəsinə qarşı mübarizədə istifadə olunan preparatlardan istifadə olunur.
Kələm sovkası (Barathra brassicae L.)
Respublikamızda geniş yayılan bu zərərvericinin tırtılları bütün tərəvəz, bostan və kartof bitkilərinə böyük zərər vurur. Kəpənəyi bozumtul qəhvəyi rəngdədir. Torpaqda qışlayan puplardan aprelin axırı mayın əvvəllərində kəpənəklər çıxırlar (şəkil 10). Bir dişi kəpənək 1500-2500 yumurta qoyur. Təzə qoyulmuş yumurtalardan 4-12 gün ərzində tırtıllar çıxır. Yaşılımtıl-boz, qonur-qəhvəyi rəngli tırtılların bədəni çılpaq olur (şəkil 11).
Tırtılların inkişafı 30-35, pupun inkişafı 14-30 günə başa çatır. Respublikamızda 3 nəsil verir. Birinci və üçüncü nəsillər may, iyun, sentyabr, oktyabr aylarında kələmə və başqa bitkilərə daha çox ziyan vurur. Kələm sovkasının pupları sükunət (diapauza) halında torpaqda qışlayırlar.
Payızlıq sovka (Agrotis segetum schiff).
Azərbaycanın bütün rayonlarında çox geniş yayılan qorxulu zərərverici olub, tırtılları 36 fəsiləyə mənsub 147 növ bitki ilə qidalanır. Kəpənəyin ön qanadları tünd qonur və ya qara rənglidir, üzərində paxla, dəyirmi və paz şəkilli 3 ləkə olur. Dişiləri 1800-2200 yumurta qoya bilir. Kəpənəklər aprel ayının ortalarında və axırlarında uçurlar (şəkil 12).
Yumurtanın embrional inkişafı 3-10, tırtılların inkişafı 30-40, pupun inkişafı 23-30 gün çəkir. Tırtıllar boz-qonur rəngli şəffaf və yağlanmış kimi görünür. Puplar qırmızımtıl qonur rəngdə olub, ölçüsü 18-20 mm təşkil edir.
Respublikamızda payızlıq sovka üç nəsil verir. Onlar cavan bitkilərə, şitillərə ən çox may, iyun, avqust, sentyabr və oktyabr aylarında ziyan vururlar.
Mübarizə tədbiri kim kələmin normal inkişafını təmin edən bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir.
Böyük lentli sovka (Thiphaena pronuda L.).
Azərbaycanın Abşeron yarımadasında geniş, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində isə az yayılmışdır.
Kəpənəyin qanadlarının uzunluğu 50-60 mm-dir. Ön qanadları bozumtul qəhvəyi rəngdə olub 3 dalğavari zolağa malikdir. Arxa qanadın rəngi sarı, kənarı isə qara rəngli haşiyəlidir (şəkil 13).
Tırtıllar kiçik yaşlarda açıq yaşıl, iri yaşlarda bozumtul qəhvəyi rəngdə olub, bel hissəsində iki qara rəngli kəsik-kəsik zolaq vardır. Puplar qırmızımtıl-qəhvəyi, uzunluğu 17-23 mm-dir.
Tırtıllar martın axırı aprelin ortalarında qışlamadan çıxır. Bu zərərvericinin pupu 28-32 günə inkişaf edir. Mayın axırı iyunun əvvəllərində pupdan kəpənəklər əmələ gəlib uçur, qidalanaraq iyunun axırından avqustun axırına qədər sükunət (diapauza) halına keçirlər. Sentyabrda kəpənəklər aktivləşir, mayalanır, yarpaqların altına topa halında 500-1800-ə qədər (hər topada 100-500 ədəd) yumurta qoyur. Tırtıllar kələmin cücərtilərinə, şitillərinə daha çox ziyan vururlar. Bu zərəverici ildə bir nəsil verir.
Qamma sovkası (Phytometra gamma L.).
Kələmə böyük ziyan vuran bu sovkalar Azərbaycanın hər yerində geniş yayılmışdır. Tırtılları 100-dən artıq bitki növü ilə qidalanır. Böyük yaşlı tırtıllar kələmçiçəklilər fəsiləsi bitkilərinin qalıqları altında qışalyır. Puplaşan tırtıllardan martın əvvəllərində kəpənəklər çıxıb uçurlar. Həmin kəpənəklər 10-15 gün sonra yarpaqların alt hissəsinə topa halında yumurta qoya bilir. Tırtılların inkişafı 18-20, pupun inkişafı 9-10, bir nəslin inkişafı isə 31-36 günə başa çatır. Bu ziyanverici Azərbaycanda 5-6 nəsil verir. I və V nəsillərin tırtılları kələm üçün daha qorxulu olub, ən çox may və oktyabr aylarında ziyan vururlar (şəkil 14).
Qeyd etmək lazımdır ki, kələm sovkasına, payızlıq sovkaya və böyük lentli sovkaya qarşı mübarizə tədbirləri kələm güvəsində olduğu kimidir.
Yaz kələm milçəyi (Delia brassical Bouchee).
Pup mərhələsində kələmin kök boğazı ətrafında, torpağın üst qatında, toxumluq kələmin yarpaqları altında qışlayır. Aprelin əvvəlində havanın temperaturu 10-12 0 C olanda milçəklər pupdan çıxıb uçur və dağınıq halda yarpaqlar və başların üzərinə kiçik topalarla 5-10 yumurta qoyurlar. bir bitki üzərində 2000-3000 ədəd ağ rəngli yumurtaya rast gəlinir. May ayında çıxan sürfələr kələmin əsas kökünü, kök boğazını, özəyini zədələyir. Buraxdıqları şirə zədələnmiş hissələrin çürüməsinə, bakterioz xəstəliyinə tez yoluxmaya səbəb olur. Bitkilər çürüyür, kəskin iy verir, bitki tamamilə məhv olur (şəkil 15).
Yaz kələm milçəyinin yurmutası 4-5, sürfəsi 18-20, pupu isə 9-10 günə inkişaf edir. Bu zərərvericinin bir nəslinin inkişafı üçün 30-35 gün vaxt sərf olunur.
Respublikamızda yaz kələm milçəyi 4 nəsil verir. Kələmi ən çox iyun, sentyabr və oktyabr aylarında zədələyir.
Ziyanvericini məhv etmək üçün faraş kələm üzərində aprelin sonu mayın əvvəlində, digər əkinlərdə isə iyun, avqust, sentyabr və oktyabrın əvvəlində 65%-li malation (Hektaş Hekthion) - 1,5 l/ha, 40%-li dimetoat (Basf Bi-58) - 2 l/ha, 5%-li lambda siqaltron (Hektaş Maestro) - 0,6 l/ha, 48%-li xlorpirifos etil (Hektaş Priban 4) - 2 l/ha preparatları ilə çiləmə aparılmalıdır. Mübarizə tədbiri kimi bitoksibasilin (3 kq/ha), lepidosid (2 kq/ha) bioloji preparatlarından da istifadə etmək olar.
Yay kələm milçəyi (Delia floralis Pile.).
Yaz kələm milçəyinə oxşayır, lakin ondan bir qədər iri, bədəninin sarımtıl-boz rəngli olması ilə fərqlənir. Sürfələrinin bədəninin son buğumunda 4 ədəd konusvari çıxıntı vardır. Bunların pupu boçkaşəkilli, sarımtıl və ya qırmızımtıl qəhvəyi olur. Pupdan milçəklər mayın sonu və iyunun əvvəllərində çıxaraq uçub, kələmin üzərinə və torpağa 30-50 ədəd yumurta qoyurlar (şəkil 16). Əmələ gələn sürfələr kələmin kökünü və özəyini zədələyərək, orta və gecyetişən baş kələm əkinlərinə çox ziyan vururlar. Ziyan çəkmiş bitkilərin kökləri və özəyi çürüyür, bitkilər qida maddələrinin daxil olmasının pozulmasından zəifləyir, inkişafı gecikir və məhv olurlar.
7-12 gündən sonra yumurtadan sürfələr çıxır. Onların inkişafı 25-40, pupun inkişafı 10-15 gün çəkir. İldə bir nəsil verir.
Mübarizə tədbirləri yaz kələm milçəyində olduğu kimidir.
Çılpaq ilbiz (Limax tigris talyschanus Boottq).
Kələm və digər tərəvəz bitkiləri üçün qorxulu ziyanvericidir. Bütün tərəvəzçilik bölgələrində geniş yayılmışdır. Qışı sürfə halında keçirərək martın sonu aprelin əvvəllərində hər topada 10-30 yumurta olmaqla, 200-ə qədər yumurta qoyurlar. Yumurtalardan torpaq çatlarına və bitki qalıqlarının altına 15-20 gün ərzində körpə ilbizlər çıxır. Onlar 2-3 aydan sonra cinsi yetişkənliyə çataraq ikinci nəsil verirlər. İlbizlər il ərzində iki nəsil verirlər. Onların olmasını buraxdıqları parlaq selik izləri ilə müəyyən etmək olar. İlin rütubətli keçən aylarında (mart-may, sentyabr-dekabr) kütləvi surətdə çoxalaraq böyük ziyan vururlar (şəkil 17).
İlbizlər ot topaları, küləkdən, günəş şüalarından qorunan yerlərdə daha çox toplandıqlarından, belə yerlər təmizlənməlidir. Sahələrin kənarındakı alaq otları, həmçinin quru ot qalıqları məhv edilib kənara daşınmalıdır. Şitilliklərin, həmçinin əkinlərin kənarlarına ağac külü, kalium gübrəsi və superfosfat ilə kəmər çəkilir ki, onlar kəməri keçə bilməyib məhv olsunlar.
Onların çox yayıldığı sahələrə hektara 300 kq hesabı ilə superfosfat verilməsi məqsədə uyğundur. Həmçinin sahələrə 4%-li metaldehid (25 kq/ha) preparatı səpilir.