Bibər bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Bibərin fitoftorozu (fitoftoroz çürüməsi) (Phytophthora capsici Leonian)
Bitkinin bütün orqanları yoluxa bilir. Köklərin yoluxması adətən bitkinin tezliklə xəstələnməsinə səbəb olur. Sirayətlənmiş köklər tünd-qəhvəyi rəng alır və kökün xarici qabığı asanlıqla qatlara ayrılır və düşür. Kök boğazının yoluxma əlamətləri əvvəlcə tünd-yaşıl sulutəhər xəstələnmiş sahələr şəklində meydana çıxır. Lakin belə ləkələr iriləndikcə tünd-qəhvəyi rəng alır. Yarpaqlarda zədələr qeyri, düzgün formalı kiçik sulu zədələr formasında əmələ gəlməyə başlayır. Xəstəlik göstərilən bitkilər üçün real təhlükə mənbəyidir. Yoluxma nəticəsində məhsuldarlıq aşağı düşür, istehsal olunan məhsulların keyfiyyət göstəriciləri azalır, əmtəəlik qabiliyyəti xeyli pisləşir. Patogen üçün əlverişli illərdə məhsuldarlıq 30-40 % və daha çox aşağı düşür (şəkil 1 və 2).
Mübarizə tədbirləri.
Bitkilərin normal böyüməsini və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Növbəli əkinə əməl edilməli, kartof bibər plantasiyaları və pomidor əkinlərindən 0,5-1 km kənarda yerləşdirilməlidir. Fungisidlərlə çiləmələr hələ parnikdən başlamalıdır. Şitillərin 50 %-li mis oksixlor preparatının 0,3-0,4%-li işçi məhlulu ilə dərmanlanması vacibdir. Bu məhlulla şitil yetişdirilən substrat da suvarıla bilər. Yağmurlu keçən illərdə tarla şəraitində xəstəliyin ilkin simptomları göründükdə 6-10 q/kq mankozeb +80 q/kq mefonaksam 2,5 kq/ha, 20 %-li Bordo bulaması 3 kq/ha, 250 q/l azoksistrobin 0,5 l/ha preparatlardan biri ilə işçi məhlulun məsarifi 350-400 litr/ha olmaqla birinci çiləmə aparılmalıdır. Sonrakı çiləmələr xəstəliyin inkişafı və meteoroloji şərait nəzərə alınmaqla 10-14 günlük intervalla təkrar edilir və işçi məhlulun miqdarı 500 l-ə çatdırılır.
Bibərin unlu şehi (Leveillula taurica Am)
Yarpaqların üst səthində açıq sarıdan şəffaf sarıya qədər dəyişən rəngli dağınıq ləkələr əmələ gəlir. Müəyyən zamandan sonra sirayətlənmiş sahələr nekrozlaşır. İnfeksiyaya uğramış yarpaqlar kənarları boyunca yuxarıya doğru qatlanırlar, yarpaqların alt səthində isə ağ unlu örtük görünür. Yarpaq səthində yoluxmuş toxumaların miqdarı artdıqca onlar birləşir və yarpaqların ümumi xlorozuna səbəb olur. Bu qaydada olan yarpaqlar tökülürlər. Bibərin unlu şeh xəstəliyi açıq sahədə daha fəal inkişaf edir (şəkil 3). Havanın nisbi rütubətinin 60-70 % və gündəlik orta temperaturun 18-220 C həddində olması törədicinin kütləvi yayılmasını təmin edir. Xəstəlik əsasən yarpaqlarda əmələ gəldiyi üçün fizioloji proseslər zəifləyir, transpirasiya güclənir, fotosintez prosesi zəifləyir, nəticədə məhsuldarlıq aşağı düşür. Xəstəliyin kütləvi inkişaf etdiyi illərdə məhsul itkisi 15-20 %-ə çatır.
Mübarizə tədbirləri.
Yüksək aqrofonda xəstəliyin ilkin əlamətləri göründükdə 50 %-li krezoksim metil preparatının 0,24 %-li işçi məhlulu ilə çiləmə həyata keçirilir. Bu preparat sistem təsirlidir və törədicidə 1-2 çiləmədən sonra ona qarşı davamlılıq əmələ gələ bilir. Bunu aradan qaldırmaq üçün tərkibində 80 %-li kolloid kükürd olan preparatın işçi məhlulundan istifadə etmək mümkündür.
Bibərin qara kif xəstəliyi (Alternaria Capsici annui Sav.)
Bu xəstəlik meyvələr üzərində ləkələr şəklində olur. Ləkələr sulu və ya tutqun rəngdə olub, üzəri qara kiflə örtülür. Göbələyin sporları zəncirvari, uzunsov formada olub, boz rəngdədir (şəkil 4).
Mübarizə tədbirləri.
1. Toxum üçün sağlam meyvələr seçilməli.
2. Məhsul yığıldıqdan sonra sahədən bitki qalıqları yığılıb məhv edilməli.
Bibərin cənub vertisillioz çürüməsi (Verticillium dahliae Kleb.)
Bibər bitkisində vertisillioz soluxmanın simptomları yavaş inkişaf edir. Yoluxmanın xarakterik əlaməti yaşlı yarpaqların uclarında V-şəkilli zədələrin görünməsidir. Yarpaq uclarında təsvir edilən ləkələr müəyyən zaman keçəndən sonra ölçücə böyüyür və bütün yarpağı əhatə edir. Bibərin yoluxmuş yarpaqları böyümədən qalır və alt yarpaqlarda zəif xloroz əlamətləri nəzərə çarpır. Xəstəlik inkişaf etdikcə bibər bitkisində böyümənin gecikməsi sürətlənir, gündüz yoluxma zamanı xloroz da güclənir. Sirayətlənmiş bitkilərin kök boğazında kəsiklər etdikdə boruların tünd qəhvəyi rəngi görünür, törədici özəyə və gövdəcik budaqlara keçir. Yoluxmuş bitkilərdə formalaşan meyvələr kiçik və deformasiyalıdır. Bibərdə vertisilliyoz soluxma törədən Verticillium cinsi göbələkləri geniş əhatəli bitkilərə yoluxur, bir neçə il müddətində torpaqda və bitki qalıqlarında saxlanılır. Xəstəlik törədən bu mikroorqanizmlər cərgəaraları becərilən zaman köklərdə əmələ gələn zədə yerlərindən bitkiyə daxil olurlar (şəkil 5).
Xəstəlik törədicisi ağır gilli torpaqlarda daha intensiv inkişaf edir. Havanın gündəlik orta temperaturunun 21-25 0C, nisbi rütubətin 70 %-dən yuxarı olması bitkilərin yoluxmasını sürətləndirir. Vertisillioz soluxması çox zərərli xəstəlikdir. Xəstəliyin zərəri bitkilərin yerüstü orqanlarının su təminatının pozulması ilə səciyyə edilir ki, bu da sonda onların soluxmasına və ölüşgəməsinə səbəb olur. Deformasiyaya uğramış, standartdan kənar bibər meyvələri əmtəəlik qabiliyyətini itirir, bəzi illərdə məhsul itkisi 50 %-dən çox olur.
Mübarizə tədbirləri.
Torpağın fumiqasiyası, onun günəş şüaları ilə şüalandırılması müasir mübarizə tədbirləri kompleksinə daxildir. Xəstəliyə qarşı davamlı sortların yoxluğunda növbəli əkinə əməl edilməsi sirayətlənməni zəiflədir.
Bibərin ağ çürüməsi (sklerotinioz) – (Sclerotinia sclerotiorum de Bary)
Xəstəliyin ilkin əlamətləri bibər bitkisinin yarpaq, gövdə və meyvələrində tünd-yaşıl sulu ləkələr formasında meydana çıxır. Bəzən gövdə, zoğ və budaqlarda, sağlam və xəstə toxumanın yaxşı seçildiyi şəkildə aydın görünən quru zədələr müşahidə edilir. Gövdədə olan yoluxma torpağın səthi səviyyəsində onu həlqəyə salır, bununla da bitkinin soluxmasına və məhvinə səbəb olur. Saplaq və ya tumurcuqların yoluxması tezliklə bitkinin aşağısına doğru yayılır. Torpaq səthi ilə əlaqə nəticəsində yoluxmuş meyvələr tez bir zamanda çürüyür və sulu kütləyə çevrilir. Xəstəliyin bu mərhələsində yoluxmuş orqanlar ağ xəzli örtüklə örtülür (şəkil 6). Bitkilərin yoluxması üçün optimal temperatur 15-18 0C-dir. Havanın gündəlik orta temperaturu 30 0C-dən yüksək olduqda yoluxma baş vermir.
Mübarizə tədbirləri.
Səpin optimal müddətdə geniş cərgəli yaxşı hazırlanmış torpaqda aparılmalıdır. Suvarma icazə verilən normada səhər saatlarında edilməlidir. Bütün bitki qalıqları sahədən kənarlaşdırılmalıdır. Üzvi gübrələrdən istifadə edilməlidir. Toxumlar səpin qabağı 80 %-li tiram (3 qr/kq), 35 %-li metalaksil (2 ml/kq) preparatları ilə dərmanlanmalı, sahələrdə yüksək aqrofon təmin edilməlidir.
Bibərin quru çürüməsi (fomopsis) – (Phomopsis vexans
(Sacc. et Syd.) Hart)
Bu göbələk cücərtilər əmələ gəldikdən dərhal sonra formalaşan toxmacarları yoluxdurur. Gövdədə torpağın səthindən qismən yuxarıda tünd qəhvəyi zədələr əmələ gəlir. Son nəticədə quru çürümə ilə yoluxmuş gövdələr, cavan bitkilər sınır və məhv olurlar. Daha yaşlı bitkilər yoluxan zaman bitkinin alt yarpaqlarında və gövdələrində həlqəvi və ya düzgün olmayan formalı zədələnmiş sahələr meydana çıxır. Onların rəngi bozdan qəhvəyiyə qədər dəyişir. Yoluxmuş sahələr ölçücə böyüyür və birləşirlər, nəticədə yarpaqların tam saralması baş verir və onların əksəriyyəti tökülür. Gövdələrin səthində yerləşən yaralar soluxmaya səbəb olmaqla, bitkilərin təpə hissəsini məhv edir. Meyvələrdə sirayətlənmə əvvəlcə yumşaq və şəffaf-qəhvəyi, basıq, oval formalı ləkələrlə zühur edir. Daha sonra meyvələrin səthində olan sirayətlənmiş sahələr dərinləşir, ölçüləri böyüyür, birləşir, yumşaq çürüməni əmələ gətirir (şəkil 7). Quru hava şəraitində yoluxmuş meyvələr büzüşür və mumiyalaşırlar. İnfeksiya çox zaman yağış damcıları və ya əkin suyu verilməsi ilə yarpaq və ya gövdəyə düşür və xəstəliyin yayılmasını təmin edir. Quru və rütubətli hava xəstəliyin yayılmasında mühüm əhəmiyyət kəsb edir. Havanın gündəlik orta temperaturu 18-20 0C olduqda, yüksək nisbi rütubət xəstəliyin inkişafına əlverişli şərait yaradır. Fitopatogen orqanizm turşuluğu neytrala yaxın torpaqlar üçün daha xarakterikdir. Quru çürümə və ya fomopsis nəinki bibər, eləcə də quşüzümü fəsiləsinə daxil olan digər bitkilər üçün də yüksək zərərlidir. Yoluxmuş sahələrdə seyrəklik əmələ gəlir, hektarda bitki sayı aşağı düşür, məhsuldarlıq göstəriciləri, eləcə də istehsal olunan əmtəəlik məhsulun keyfiyyət göstəriciləri mənfi istiqamətdə dəyişir. Bəzi illərdə xəstəliyin təsirindən məhsul itkisi 10-15 % və daha artıq olur.
Mübarizə tədbirləri.
Xəstəliyə qarşı elmi əsaslara söykənən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Davamlı sortlardan istifadə, quşüzümü fəsiləsinə daxil olan bitkilərin bir-birindən 1000 metr təcrid edilməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi xəstəliyin inkişafını minimuma endirir. Yoluxmuş bitki qalıqları toplanır və məhv edilir. Bitkilərin xəstəlik törədicisinə qarşı davamlılığını yüksəltmək üçün balanslaşdırılmış mineral gübrə dozalarından istifadə edilir. Bu baxımdan fosfor və kalium gübrələrinə üstünlük verilir.
Bibərin antraknozu
(Colletotrichum capsici Santhw.,
C.gloesporioides Penz)
Xəstəlik bibər becərilən bütün dünya ölkələrində geniş yayılmışdır. Antraknoz böyümə mərhələsindən asılı olmayaraq bibərin bütün yerüstü orqanlarına yoluxur. Toxmacarların yoluxması filqə yarpaqlarla məhdudlaşa bilir, bu zaman infeksiya uzaq məsafələrə yayıla bilmir (şəkil 8). Yarpaq və gövdələrdə nekrozlu ləkələr əmələ gəlir, burada da ləkənin rəngi bozdan qəhvəyiyə qədər dəyişə bilir. Yüksək iqtisadi itkilərlə səciyyə olunan forma meyvələrin sirayətlənməsidir.
Meyvələrdə xəstəliyin simptomları su ilə zəngin hissələrdə baş verir və meyvə tədricən sarıya bənzər qəhvəyi və ya tünd qəhvəyi rəng alır. Meyvə üzərində meydana çıxan zədələr kiçikdir, həlqəvidir. Sonda belə zədələr birləşir və meyvə toxumasının əhəmiyyətli bir hissəsini tutur. Rütubətli hava zamanı meyvələrin üzərində çəhrayı və narıncı rəngli spor kütləsi yerləşir. Göbələyin növündən asılı olaraq yoluxmuş sahədə qara və ya qəhvəyi sapa bənzər strukturlar fərqlənirlər. Antraknozla həm yetişməmiş yaşıl, həm də yetişmiş bibər meyvələri yoluxurlar. Lakin istənilən halda xəstəliyin simptomları meyvələr yetişib qızaran zaman meydana çıxır. İsti rütubətli hava yoluxmaya və simptomların inkişafına kömək edir. Yoluxma üçün optimal temperatur 20-270C həddindədir. Duman, səhər şehi xəstəliyin intensivliyini təmin edir. Xəstəliklə əsasən meyvələr yoluxduğundan istehsal olunan məhsulun keyfiyyət göstəriciləri aşağı düşür, əmtəəlik malın miqdarı azalır. Bütövlükdə patogenin inkişafı nəticəsində məhsuldarlıq 25 %-ə qədər aşağı düşə bilir.
Mübarizə tədbirləri.
Antraknoz xəstəliyi ilə mübarizədə müasir bitki mühafizəsinin bütün elementlərindən istifadə edilməlidir. İnteqrir mübarizə üsuluna üstünlük verilməlidir, ona görə ki, bu metod xəstəliyə qarşı davamlı sortların becərilməsinə, patogenlərə qarşı onların antaqonistlərindən istifadəyə, bioloji üsulun daha geniş tətbiqinə əsaslanır. Bütün bunlarla yanaşı, xəstəliyin ilkin simptomları göründükdə kontakt (20 %-li Bordo bulamasının 1 %-li məhlulu, 50 %-li misxloroksidin 0,4 %-li məhlulu və sistem təsirli 640 q/kq mankozeb+ 80 q/kq mefonaksam (2,5 kq/ha), 250 q/l azoksistrobin (0,6 l/ha) fungisidlərinin növbəli tətbiqinə ehtiyac duyulur.
Sulu selikli çürümə xəstəliyi (Erwinia carotovora Holl.)
Bu xəstəliyə yoluxmuş toxumalarda örtük təbəqəsi müşahidə edilmir. Yoluxmuş meyvənin təpə hissəsində tutqun-yaşıl və tutqun-boz rəngdə sulu ləkələr əmələ gəlir. Yoluxmuş hissə quruyur, meyvənin təpə hissəsi hamar və nisbətən basıq olur. Bu xəstəliyə yetişməmiş meyvələr tutulur. Xəstəliyə tutulmuş bitkilərin mərkəz yarpaqları saralır, soluxur və bükülür. Sonra isə bütün bitki soluxur. Gövdəsinin yuxarı hissəsində çox pis iy verən çürümüş boz kütlə əmələ gəlir (şəkil 9).
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək.
2. Həmin sahəyə bitkini 3-4 ildən sonra əkmək məsləhətdir.
3. Toxum materialını 80 %-li tiram preparatı ilə (1 kq toxuma 3-5 q preparat) dərmanlamaq.
Bibərin qara bakterial ləkəliliyi (Pseudomonas Syringae Van Hall.pv. syringae Van Hall)
Ədəbiyyatlarda göstərilir ki, qara bakterial ləkəlilik xəstəliyi Avropanın cənub, cənub-şərq, eləcə də ABŞ-ın cənub rayonlarında geniş yayılmışdır. Azərbaycanda da bu xəstəliyin qeydə alınması haqqında məlumatlar mövcuddur. Yoluxmuş yarpaq və ya ləpələrdə su ilə zəngin düzgün olmayan formalı zədələnmiş sahəciklər meydana çıxır. Bunun nəticəsində yoluxmuş orqanlar şəffaf mərkəzli tünd-qəhvəyi rəng alır. Zədələnmiş yerlər (ləkələr) qovuşa bilir, bu zaman nisbətən daha böyük nekrozlu ləkələr görünür. Xəstəlik güclü inkişaf edən zaman yarpaq toxumasının əhəmiyyətli hissəsi sirayətlənir və belə olduqda bütün yarpaq sarala və düşə bilir. Yoluxmuş meyvələrin səthində qəhvəyitəhər qarasulu zədələr əmələ gəlir, sonra onlar ölçücə irilənir və çürüyürlər (şəkil 10). Xəstəlik törədən bakteriya yüksək müsbət temperatur həddində 5,5-510C inkişaf edə bilir. Bakteriya günəş şüalarına qarşı həssasdır və qurumağa meyillidir. Vegetasiya vaxtı xəstəlik törədicisi külək və yağış damcıları ilə yayılırlar. Bakteriya bitkiyə təbii yollar və yara yerlərindən daxil olur. Yüksək rütubət və mülayim temperatur xəstəliyin yayılmasında və inkişafında həlledici rol oynayır. Xəstəlik törədicisinin inkişafı üçün optimal temperatur 33-340 C hesab edilir. Xəstəliyin zərəri onun inkişaf dərəcəsindən asılıdır. Məhsul itkisi bəzən 15-20 %-ə çatır. Xəstəliyə qarşı demək olar ki, davamlı sortlar yoxdur.
Mübarizə tədbirləri.
Sağlam, sirayətlənməmiş sahələrdən toxum materialı tədarük edilməli, səpin elit toxumlarla həyata keçirilməlidir. Toxum materialı yaxşı təmizlənməli, sortlaşdırılmalı, səpindən əvvəl toxum dərmanları ilə işlənməlidir. Bunun üçün fentiuram, taçiqaren kimi toxum dərmanlarından istifadə edilir.
Bibər meyvəsinin təpə çürümə xəstəliyi
(Bacterium lucopersici Bergw v. Capsici)
Bu xəstəliyə tutulmuş toxumalarda heç bir örtük əmələ gəlmir. Meyvənin baş hissəsində tutqun-yaşıl və tutqun-boz selikli ləkə əmələ gəlir, yoluxmuş toxuma quruyur, meyvə üzərində hamar və basıq səth əmələ gəlir. Xəstəliyi törədən bakteriya bibər bitkisinin qalıqlarında və yabanı bitkilərdə qışlayır (şəkil 11).
Mübarizə tədbirləri.
1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə bibəri 3 ildən sonra əkmək.
2. Toxumu mis kuporosunun 0,2 %-li məhlulunda dezinfeksiya etmək.
3. Əkilmiş bibər bitkisini hər 10 gündən bir 0,2 %-li kalsium xlorid məhlulu ilə çiləmək.
Bibərin gövdə və meyvə ayaqcıqlarının bakterial xərçəngi – (Erwinia carotovora)
Xəstəlik dünyanın bibər becərilən əksər ölkələrində yayılmışdır. Xəstəlik törədicisi bibər bitkisinin gövdə və meyvələrini sirayətləndirir. Patogenin təsiri altında gövdənin daxili hissəsinin rəngi dəyişilir ki, bu da xəstəliyin ilkin simptomları hesab edilir. Bundan sonra gövdədə özəyin boşalması baş verir və bitki soluxur. Yoluxmuş sahələr böyüdükcə xəstəlik gövdə boyu yayılır və belə şəraitdə budaqlar sınırlar. Məhsul yığımından sonra çürümənin simptomları su ilə zəngin toxuma sahələrində basıq ləkələr formasında meyvənin ayaqcığa birləşdiyi yerdə meydana çıxır (şəkil 12). Belə sahələr şəffaf və ya tünd rəngli olur, toxuma yumşalır, yoluxma yerləri getdikcə artır. Bu xəstəliyin törədiciləri olan bakteriyalar üçün optimal inkişaf temperaturu 25-260 C, maksimum 45-480 C-dir, 500 C-dən yuxarı temperaturda onlar məhv olurlar. Bitkiyə təbii yollar və mexaniki zədə yerlərindən daxil olan xəstəlik törədicisi maddələr mübadiləsinin pozulmasına səbəb olur. İnfeksiya toxumlarda və məhsul toplanışından sonrakı bitki qalıqlarında saxlanılır. Yağış zamanı su damcılarının ətrafa sıçrayışı bakteriyaların yarpaq və meyvələrə keçməsini asanlaşdırır. Meyvələrin yoluxması və onların əmtəəlik göstəricilərinin aşağı düşməsi ilə bibərin məhsuldarlığına ciddi zərər dəyir. Bəzi illərdə məhsul itkisi 20 % və daha artıq ola bilir.
Mübarizə tədbirləri.
Xəstəliyə qarşı davamlı sortlardan istifadə edilməli, toxum materialı yalnız sağlam bitkilərin meyvələrindən tədarük edilməli, səpindən əvvəl toxumlar dərmanlanmalı və bitkilərin bakterioza qarşı davamlılığını yüksəldən aqrotexniki kompleksə əməl edilməlidir. Xəstəliyin ilkin simptomları göründükdə tərkibində mis birləşmələri olan (20 %-li Bordo bulamasının 1 %-li işçi məhlulu, 50 %-li mis-xloroksidin 0,4 %-li işçi məhlulu) preparatlardan biri ilə çiləmə aparılır.
Bibərin bakterial ləkəlilik xəstəliyi
(Xanthomonas campestris pv. Vesicatoria)
Dünyanın müxtəlif isti rayonlarında qeydə alınan bu xəstəlik şirin bibər əkinləri üçün təhlükəli xarakter daşıyır. Xəstəlik ölkəmizdə də qeydə alınmışdır. Xəstəliyin simptomları şirin bibərin yarpaq, gövdə və meyvələrində müşahidə edilir. Acı bibərdə simptomlar elə də hiss olunmur. Xəstəliyin ilkin əlamətləri kiçik, qeyri-düzgün formalı ləkələr şəklində yarpaqların alt səthində meydana çıxır. Müəyyən zaman keçdikdən sonra yoluxmuş toxuma sahələri ölçücə böyüyür, tünd qəhvəyidən tutmuş qara, mərkəzi isə solğun sarı-qəhvəyi rəng alır. Belə ləkələr yarımşəffaf sarı su ilə əhatə olunur. Yarpaqların üst səthində ləkələr adətən yüngülcə basıq, yarpaqların alt səthində isə nisbətən qabarıqdır. İnfeksiya ilə güclü yoluxmuş yarpaqlar didilmiş görkəm alır. Xəstəlik güclü inkişaf edən zaman yarpaqlar vaxtından əvvəl məhv olurlar. Gövdələr yoluxan zaman onların səthində dar (məhdud) şəffaf-qəhvəyi, nisbətən qabarıq uzunsov yaralar zühur edir. Meyvələrdə ləkələr zolaqlı səthə malik olmaqla partlayırlar (şəkil 13). Əsas infeksiya mənbəyi bitki qalıqlarıdır. Quru bitki qalıqlarında bakteriya 2 ilə qədər həyatilik qabiliyyətini saxlaya bilir. Bitki qalıqları çürüyəndə bakteriyalar da onlarla birlikdə məhv olurlar. Ədəbiyyat məlumatlarında göstərilir ki, şirin bibərin qalıqları gələn yaza qədər tam çürüyə bilmədiyindən onlarda xəstəlik törədicisi saxlanılır. Yay dövrü bakteriya bir bitkidən digərinə yağış damcıları ilə yayılır. Bu işdə külək amili həlledici rol oynayır. Bakteriya bitkiyə, əsasən ağızcıqla daxil olur. Bakterial ləkəlilik xəstəliyinin törədicisi olan bakteriyanın inkişafı üçün optimal temperatur 300 C-yə yaxındır. 28-290 C temperaturda bakteriya sürətlə inkişaf edir. Buna görə də bakterial ləkələr cənub ölkələri üçün daha xarakterikdir. Bitki yarpaqlarının səthində bir neçə saat qalan su damcısı xəstəliyin gedişini daha da intensivləşdirir. Buna görə iyun və iyul aylarında yağışlar xəstəliyin epifitotiya şəklində yayılmasına real zəmin yaradır. Xəstəlik nəticəsində məhsulun keyfiyyəti aşağı düşür, meyvələrin xarici görkəmi pisləşir. Bəzən xəstəliklə güclü yoluxan bitkilər meyvə vermir, bəzən də cılız, kiçik, dadsız meyvələr formalaşırlar.
Mübarizə tədbirləri. Bibərin bakterial xərçəng xəstəliyində olduğu kimidir.
Bibər bitkisinin zərərvericiləri
Aşağıda bibər bitkisinin zərərvericiləri haqqında geniş məlumat verilir.
Danadişi (Gryllotalpa gryllotalpa L.)
Bədənin uzunluğu 50 mm-dir, boz rəngdədir. Qanadları qısadır, güclü qazıcı ayaqları var.
Yumurtaları girdə oval şəklində, böyüklüyü 2,0-2,5 mm-dir. Sürfələr yetkin fərdlərə oxşayır, lakin qanadsızdır. Danadişi adətən torpaqda yaşayır. Yetkin və sürfə mərhələsində torpaqda qışlayır (şəkil 14).
Yazda dişi fərdlər torpağın 10-30 sm dərinliyində xüsusi yuvalara topa halında yumurta qoyurlar. Yumurta qoyma prosesi avqust ayına qədər davam edir. Yumurtaların inkişafı iki həftə, sürfələrin inkişafı isə 13-14 ay davam edir. Danadişi aprel ayından başlayaraq bitkilərə zərər verir. Onlar torpaqda yollar açır, bitkilərin (xüsusən cücərti və cavan şitillərin) kök sistemini yeyib məhv edir. Kütləvi çoxalma illərində sahələrə əkilmiş şitilləri tamamilə məhv edir. Təsərrüfatçı çox vaxt təkrar əkin aparmaq məcburiyyətində qalır.
Mübarizə tədbirləri.
1. Danadişinin yuvalarını məhv etmək məqsədilə qış dondurma şumu aparılmalı, bitkilərin vegetasiyası dövrü cərgəaraları becərilməlidir.
2. Əkin sahələrinə veriləcək peyin əvvəlcə şadaradan keçirilməli və danadişilər yığılıb məhv edilməlidir.
3. Danadişilərin isti yerdə qışlamasını nəzərə alaraq, sahələrin müxtəlif yerlərində 60-70 sm dərinliyində 50-60 sm enində çalalar qazılır. Onları peyinlə dolduraraq yanvar-fevral aylarında burada qışlamağa toplanmış danadişiləri yığıb məhv etmək lazımdır.
4. Danadişini arpa və qarğıdalıdan düzəldilmiş (kütlənin 3 %-ə qədəri günəbaxan yağı, 1 kq-a 50 q sink-fosfid aldadıcı yemlə məhv etmək olar.
Payız sovkası (Agrotis segetum Schiff)
Kəpənəyin böyüklüyü 35-46 mm-dir. Qışı iri yaşlı tırtıl mərhələsində torpaqda keçirir. Qışlayan tırtıllar erkən yazda (martın sonunda) puplaşırlar. 15-20 gündən sonra puplardan kəpənəklər çıxır. Kəpənəklər bir müddət çiçəklərin şirəsi ilə qidalandıqdan sonra mayalanıb yumurta qoyurlar. Bir dişi kəpənək mövsümdə 1800-2000-ə qədər yumurta qoya bilir. Kəpənəklər yumurtalarını alaq otlarının, bitki qalıqlarının və torpağın üzərinə tək-tək qoyurlar. Rüşeymin inkişafı 7-8 gün, tırtılın inkişafı isə 30-40 gün çəkir. Azərbaycan şəraitində payız sovkası üç nəsil (yaz, yay, payız) verir. Tırtıllar torpaqda yaşayır və bitkilərin cücərtilərini, ləpə yarpaqlarını və bir qədər böyümüş gövdənin torpağa yaxın olan hissəsini gəmirir, nəticədə cücərtilərin çox hissəsi sıradan çıxır və buna görə də təkrar əkin aparılır. Bu sovkanın tırtılları, bir qayda olaraq, gecə fəaliyyət göstərirlər. Kütləvi çoxalma illərində, xüsusən iqlim şəraitinin əlverişli olduğu dövrdə bu zərərverici kənd təsərrüfatı bitkilərinə, xüsusən tərəvəz-bostan bitkilərinə böyük ziyan vurur (şəkil 15).
Mübarizə tədbirləri.
1. Əkin sahələrini və onların ətraflarını alaq otlarından təmizləmək.
2. Toxumlar optimal müddətdə səpilməli.
3. Toxumlar əkindən qabaq 65 %-li fentiuram-molibidatın islanan tozu ilə dərmanlanmalıdır.
4. Sahələrdə sovkanın tırtılları görünən zaman tərəvəz sahələrini 65 %-li malation (1,5 l/ha) çiləmək lazımdır.
Murdarça mənənəsi (Aphis nasturtii Kalt.)
Bədənləri zəif xitin örtüklü cücülərdir. Qanadsız fərdlər 1,8-2,9 mm, qanadlı fərdlər isə 2,4-2,5 mm böyüklükdə olur (şəkil 16). Yumurta mərhələsində qışlayır. Martın axırları aprelin əvvəllərində yumurtadan çıxan sürfələr cavan yarpaqlar üzərində qidalanaraq 10-15 gündən sonra yetkin mərhələyə çatırlar. Əmələ gələn fərdlərin hamısı qanadlı olur. Cavan yarpaqlar və zoğlar üzərində qidalanaraq koloniyalar əmələ gətirirlər. Mənənələrin kütləvi qidalanması nəticəsində yarpaqlar deformasiya olur (bükülür) və bitkidə fotosintez prosesi pozulur. Bitkinin inkişafı zəifləyir, mənənənin çiçək salxımlarının üzərində qidalanması nəticəsində qönçələr quruyub tökülür.
Mənənələr bitki üzərində kütləvi qidalanan zaman onların şirin yapışqanlı ifrazatları yarpağı, çiçəkləri və bitki zoğlarını çirkləndirir. Belə çirklənmiş yarpaqların üzərində, kütləvi surətdə his göbələkləri inkişaf etdiyindən yarpaq ayası qara hislə örtülür. Belə bitkilərin inkişafı tamamilə zəifləyir, onlardan meyvə əmələ gəlirsə də çox cılız, xırda olur. Mənənələr bitkilərə verdiyi birbaşa zərərlərdən başqa virus xəstəliklərinin yayılmasında da böyük rol oynayırlar.
Mənənələr bitki üzərində bir neçə (5-6) nəsil verir.
Mübarizə tədbirləri.
Mənənə ilə yoluxmuş sahələrdə karbofosun 0,1-0,2 %-li (hektara 0,6-1,2 kq hesabı ilə), aktellikin 0,2 %-li (hektara 0,5-1,5 kq hesabı ilə), 35% İmidokloprid (0,3-0,4 l/ha) ilə çiləmə aparılmalıdır. İşçi məhlul hektara 600-800 litr hesabı ilə sərf edilməlidir. Çiləmələr 7-10 gündən bir təkrar olunmalıdır.
Fır nemotodu (Meloidogyne incognita Kol.)
Bu növün erkəkləri qurd şəkilli olub ölçüsü 1,2-1,5 mm-dir, dişiləri armud formasında olub, daralan tərəfdə ağız aparatı yerləşmişdir. Bəzən böyüklüyü 0,8-1 mm-dir, torpaq zərərvericisidir. Bütün həyatı torpaqda keçir. Dişiləri çox məhsuldar olub, 2500-ə qədər yumurta qoyur. Sürfələr bitkilərin kök sisteminin daxilinə keçir, köklə qidalanaraq şişlər əmələ gətirir (təsbehvari və s.) ki, buna da “fır” deyilir. Fır nemotodu ilə yoluxmuş bitkilərin kök sistemində su və qida maddələrinin bitkiyə daxil olması çətinləşir, nəticədə bitki zəifləyir, normal inkişaf etmir və məhsuldarlıq çox aşağı düşür (şəkil 17).
Çılpaq ilbizlər (Limax tiqris talyschanus Boottq.)
Növündən asılı olaraq, ilbizlər yetkin sürfə və yumurta mərhələsində qışlayırlar. Onların bədən ölçüləri 50-70 mm arasında dəyişilir (şəkil 18). İlbizlərin yumurtaqoyma prosesi yazdan iyul-avqust ayına qədər davam edir. Bir dişi fərd 2100-ə qədər yumurta qoya bilir. Onlar yumurtanı bitki qalıqlarının, kəsəklərin altına və s. gizlənmə yerlərinə topa halında qoyurlar. Sürfələrin inkişafı 12-20 gün çəkir. Növ mənsubiyyətindən asılı olaraq ildə 1-2 nəsil verirlər. İlbizlər 1-3 il yaşaya bilir. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər kütləvi çoxala bilirlər.
Mübarizə tədbirləri.
1. Cərgə aralarına 5 %-li dənəvər metaldehid preparatı (hektara 30-40 kq hesabı ilə) səpmək lazımdır.
2. Bitkilərin arasına 50 %-li metaldehid ilə (hektara 25-40 kq) səpmək lazımdır.