top of page

Mətbəx çuğunduru bitkisinin xəstəlikləri

Kök çürümələri (Pythium de baryanum Hesse betae Fr., Rhiz. Aderholidii Kol. Fusarium spp., erwinia spp., Pseud sp.)

 

Bu xəstəliyi müxtəlif torpaq göbələkləri törədir. Göbələklər çuğundurun cücərtilərini yoluxdurur. Xəstə cücərtilərin gövdəsi qaralır, nazikləşir və torpağa yatır. Bu  cücərtilər inkişaf edib torpaq üzərinə çıxmamış məhv olur. Bitkilərin kütləvi yoluxduğu dövrdə sahələrdə seyrəklik yaranır. Bu xəstəliyə ağır torpaqlarda sahələrin çökək və su duran yerlərində daha tez-tez təsadüf edilir (şəkil 1).

Torpağın düzgün becərilməməsi nəticəsində sahələrdə olan kəsəklik, torpağın havalanmaması, əmələ gələn qaysaq, həmçinin belə torpaqlarda turşuluğun artıqlığı  xəstəliyin inkişafına şərait yaradır.Xəstəliyin yoluxma mənbəyi toxum və torpaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Torpağı düzgün becərməli, torpaqda qaysağı məhv etməli.

2. Növbəli əkin sisteminə əməl etməli.

3. Sahələrdə bitki qalıqlarını məhv etməli.

4. Toxum materialını 80 %-li tiram  (Hektaş Hektiram Forte) - 3-5 q 1 kq, 25 q/l fludoksanil+10 q/l mefonaksam (2-3 q/kq) preparatları ilə dərmanlamalı.

 

Serkosporoz (yarpaq ləkəliliyi) xəstəliyi (Cercospora beticola Sacc.)

 

Ən geniş yayılmış xəstəlikdir. Xəstəlik tam formalaşmış yarpaqlar üzərində dairəvi açıq-qonur rəngdə, 2-3 mm diametrdə qırmızı-qonur haşiyəli ləkələr şəklində olur. Köhnə yarpaqlar üzərində böyük və haşiyəli dağınıq ləkələr olur. Rütubətli havada bu ləkələrin üzərində bozumtul-ağ rəngində məxmərvari örtük əmələ gəlir (şəkil 2).

Xəstəlik yarpaq saplağında və gövdədə də  müşahidə olunur. Onların üzərində uzunsov, azca basıq ləkələr əmələ gəlir. Göbələyin mitselləri hüceyrə aralarında və xəstələnmiş toxumalarda yerləşir. Yarpaqda əmələ gələn ləkənin alt və üst tərəfində əvvəlcə tək-tək, sonradan isə topa şəklində açıq qəhvəyi rəngində göbələyin konidi daşıyıcıları görünür. Bitkinin bu xəstəliyə tutulması göbələk liflərinin ağızcıqlar vasitəsi ilə daxil olması yolu ilə baş verir. Xəstəliyin gizli inkişaf dövrü temperaturdan asılı olaraq yayda 1-2 həftə, payızda isə 30-40 gün davam edir.

Xəstə yarpaqlar həddindən artıq quruyur, məhv olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək, həmin sahəyə bir neçə il çuğundur əkməmək.

2. Yoluxma mənbəyi olan bitki qalıqları sahədən yığılıb çıxarılmalı və dərin şum aparılmalıdır.

3. Sahələrdə  75 %-li  sinebin 0,3 %-li, 50 %-li benomilin 0,15 %-li və 70 %-li titofhanat metilin (Hektaş Quartte) - 0,16 %-li məhlulu ilə çiləmə aparmaq lazımdır.

 

 Yalançı unlu şeh  xəstəliyi (Perenospora schactii Fusk.)

 

Xəstəlik cavan yarpaqlar və çiçək zoğlarının üzərində müşahidə edilir. Xəstə yarpaqların rəngi solur, kənarları aşağıya doğru əyilir, kobudlaşır və kövrək olur. Yarpağın alt tərəfində boz-bənövşəyi örtük əmələ gəlir. Xəstə yarpaqlar qaralır və məhv olur (şəkil 3). Çiçək zoğları zəif inkişaf edir, eybəcərləşir və inkişafdan qalır. Vegetasiya müddətində xəstəlik sporlar vasitəsilə yayılır. Sərin və rütubətli havada xəstəlik sürətlə inkişaf edir.

Xəstəliyi törədən göbələk toxumda, toxumluq ana bitkidə və bitki qalıqlarında qışlayır.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Sağlam əkin materialı (kökümeyvə) seçmək lazımdır, toxumluq sahələr başqa çuğundur sahələrindən azı 1 km məsafədə yerləşdirilməlidir.

2. Toxum materialı 80 %-li tiram (Hektaş Hektiram Forte)   -    3 q  1,0 kq toxuma,  35 %-li metalaksil (Hektaş Barrier ds) - 2 q / kq toxuma preparatları ilə dərmanlanmalıdır.

3. Sahələrdən bitki qalıqlarını yığıb məhv etmək.

4. Sahələrdə 640 q/kq mankezob+80 q/kq mefonaksam (2,5 kq/ha), 20 %-li Bordo bulamasının (Hektaş Bordo)  1 %-li məhlulu, 50 %-li misoksixlor (Funguran) - 4 kq/ha preparatı ilə çiləmə aparmaq.

 

Unlu şeh xəstəliyi (Erysiphe communis f.betae Jack.)

 

Bu xəstəliyə tutulmuş bitkilərin yarpaqlarının alt və üst tərəfində əvvəlcə zərif ağ tor əmələ gəlir, sonradan isə o, kütləvi ağ örtüyə çevrilir. Belə örtük bitkinin zoğlarında və çuğundurun kökümeyvələrində də əmələ gəlir. Sonralar bu ağ örtüklər qalınlaşır və elə təsəvvür yaradır ki, guya bitkinin üzərinə un səpilmişdir. Belə xəstə yarpaqları çırpanda elə bil “un ələnir” (şəkil 4). Yayın ikinci yarısında bu ağ örtüyün üzərində əvvəlcə boz, sonradan isə qara nöqtələr şəklində göbələyin kleytotsilləri əmələ gəlir. Bitkinin vegetasiyası dövründə xəstəlik göbələyin konidiləri vasitəsilə yayılır. Xəstəlik quru və isti havada daha sürətlə yayılır. Xəstəliyin təsiri nəticəsində bitkidə buxarlanma sürətlənir, yarpaqda fizioloji proseslər pozulur və bitki tez qocalır.

Göbələk yoluxmuş bitki qalıqları, çuğundurun kökümeyvəsində və torpaqda qışlayır.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Sahələrdən bitki qalıqlarını yığıb məhv etmək.

2. Məhsul yığıldıqdan sonra sahədə dərin şum aparmaq.

3. Bitkinin vegetasiya dövründə 100 q/l penkanazol 1 q (İqc Almaz) -  0,6 l/ha, 80 %-li  kolloid kükürd  (Basf Kumulus) məhlulu ilə (4,6 kq/ha) çiləmə aparmaq.

 

Fomoz xəstəliyi (Phoma betae Frank.)

 

Xəstəlik torpaqda bor elementi çatışmadıqda, xüsusən qələvililiyi çox olan torpaqda baş verir. Bu xəstəlik çuğundur bitkisinin bütün yerüstü hissəsini və kökü meyvələrini yoluxdurur. Bitkinin yarpağı və zoğları üzərində açıq boz və qara nöqtələri olan örtük əmələ gəlir. Bu göbələyin piknidiləridir. Saxlama dövründə xəstə çuğundurun kökümeyvəsinin daxilində qara rəngli kütlə əmələ gəlir. Xəstəliyin mənbəyi toxum, çuğundurun kökümeyvəsi və bitki qalıqlarıdır (şəkil 5).

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Sahədən yoluxma mənbəyi olan bitki qalıqlarını yığıb məhv etmək.

2. Toxumluq sahələr satış üçün əkilən sahələrdən aralı yerləşdirilməlidir.

3. Toxum materialı 80 %-li tiram (Hektaş Hektiram Forte)   - 3-5 q/ kq toxuma və ya 25 q/l fludoksanil+10 q/l mefonaksam (2-3 q/kq toxuma) preparatları ilə dərmanlanmalıdır.

4. Səpindən qabaq və ya yemləmə kimi hektara 15-20 kq hesabı ilə bor birləşməli gübrə verilməlidir.

 

Pas xəstəliyi (Uromyces betae Lev.)

 

Xəstəliyi törədən göbələyin bütün inkişaf mərhələləri çuğundur bitkisinin üzərində keçir. Yazda çuğundur cücərtiləri, xüsusən rüşeym yarpaqları və yarpaq saplaqları üzərində kiçik, sarı rəngli, yastıqcıqlar formasında göbələyin etsidisporları əmələ gəlir. Etsidisporlar yayılaraq iri yarpaqları örtür və belə yarpaqlar üzərində qəhvəyi rəngli yastıqcıqlar şəklində göbələyin uredo mərhələsi əmələ gəlir. Uredosporlar kütləvi şəkildə yayılaraq bitkini bütün vegetasiyası müddətində xəstələndirir. Payızda bitkinin yarpaqları quruyan dövrdə, uredosporlar əvəzinə, tutqun və qara rəngli yastıqcıqlar şəklində göbələyin teleytosporları əmələ gəlir ki, onlar da bitki qalıqları üzərində qışlayırlar. Xəstəliyin inkişafı isti və rütubətli havada sürətlə gedir, bu dövrdə yarpaqlar vaxtından qabaq quruyur. Bu xəstəlik birinci il toxumluq bitkiləri yoluxdurur (şəkil 6).

 

 

 

 

 

 

 

 

 

                      

 

 

Mübarizə tədbirləri. 

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Məhsul yığılandan sonra sahədən bitki qalıqlarını yığıb məhv etmək.

3. Toxumluq sahələri satış üçün əkilən sahədən aralı əkmək.

4. Toxum materialını 80 %-li tiram (Hektaş Hektiram Forte)  -3-5 q/kq toxuma və 25 q/l fludoksanil+ 10 q/l mefonaksam (2-3 q/kq) preparatları ilə dərmanlamaq.

5. Əkinlərdə 20 %-li Bordo bulamasının (Hektaş Bordo) - 1 %-li məhlulu, 75 %-li sineb (Agria Sineb)  preparatı (2-3 kq/ha) ilə çiləmə aparmaq.

 

Rizoktonioz (qırmızı çürümə) xəstəliyi (Rhizoctonia violacea Tul.)

 

Bu xəstəliyə tutulmuş bitkinin kökləri üzərində boz basıq ləkələr olur. Onların üzəri tutqun-qəhvəyi rəngli göbələk toru ilə örtülmüş olur. Sonradan göbələyin mitseliləri üzərində qırmızı-qəhvəyi rəngli, nöqtə kimi sklerotsidilər əmələ gəlir. Kütləvi yoluxma zamanı, xüsusən rütubətli havada köklər çürüyür, yarpaqlar soluxur, nəticədə bitki məhv olur. Göbələk təbii şəraitdə artıb, inkişaf edir və torpaqda uzun müddət qala bilir (şəkil 7).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

3. Sahələrdə dərin şum aparmaq.

4. Kimyəvi mübarizə: Bitkilər 50 %-li benomil (0,6-0,8 kq/ha), 35 %-li metalaksil, 530 q/l propamocarb+ 310 q/l fosetil (4 ml/m2) preparatları ilə çilənilir.

 

Qonur çürümə xəstəliyi (Rhizoctonia aderholdii Tfub.)

 

Bu xəstəliyə çuğundur yumrusunun aşağı hissəsi və ona yaxın nahiyə yoluxur. Bitki kütləvi yoluxduğu dövrdə boz rəngli keçəyə oxşar sıx örtük əmələ gəlir. Bu örtük bəzən yarpaq saplaqlarını əhatə edir, bəzən rütubətli torpağın üst qatında müşahidə edilir. Xəstəliyin törədicisi olan göbələk vegetativ yolla çoxalır və onun bazidial forması mövcuddur (şəkil 8). Bu xəstəlik adətən yayın sonunda sahənin çökək yerlərində talalar şəklində inkişaf edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Sahələrdə bitki qalıqlarını yığıb məhv etmək.

3. Sahələrdə dərin şum aparmaq.

4. Kimyəvi mübarizə: Mübarizə tədbirləri qırmızı çürümə xəstəliyində olduğu kimidir.

 

Fuzarioz çürümə xəstəliyi (Fusarium spp.)

 

Çuğundur bitkisi bu xəstəliyə yayın başlanğıcında tutulur. Xəstə yarpaqlar soluxur, yarpaq saplağı isə qaralır. Bitkinin  kökü inkişafdan qalır və əlavə köklər əmələ gətirir, kökümeyvəni kəsdikdə bozarmış və ağ rəngli ölmüş sapvari göbələk mitselləri aydın görünür (şəkil 9). Xəstəlik sürətlə inkişaf etdikdə çürümə kökümeyvənin xarici toxumasını əhatə edir. Kökümeyvənin aşağı hissəsi çürüyür, çürümə bəzən çuğundur kökümeyvəsinin boğaz və baş hissəsində də yayılır, ağ keçəvari örtüyü olan çatlar əmələ gəlir. Xəstəlik, zədələnmiş bitki köklərinə çox asanlıqla daxil ola bilir. Bundan əlavə xəstəlik köklərlə qidalanan mənənələrin əmələ gətirdiyi zədələnmiş yerlərdən də asanlıqla bitkilərin kökünə daxil ola bilir. Fuzarioz xəstəliyinə tutulmuş toxumluq sahələrdə bitki və ondan  əmələ gələn toxumlar çox cılız olur.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

Qırmızı çürüməyə qarşı aparılan kimidir.

Quru sklerioz xəstəliyi (Sclerotium bataticola Taub.)

 

Bu xəstəliyə tutulmuş bitkinin kök hissəsinin yuxarı nahiyəsində boz quru ləkələr əmələ gəlir. Xəstə kökümeyvələr uzununa çatlayır. Xəstələnmiş toxumlar üzərində kiçik, qara rəngli göbələyin sklerosidiləri əmələ gəlir (şəkil 10).

Bu xəstəliyə çuğundurdan başqa, yonca və digər paxlalı bitkilərin kökləri də tutulur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

Qırmızı çürüməyə qarşı aparılan kimidir.

 

Dəmgil xəstəliyi (Actinomyces scabies Cussow. Act. Eretacue Kr., Act. Nigricans. Woll)

 

Bu xəstəlik çuğundurun kökümeyvələrinə xasdır və onların müxtəlif yerlərində tutqun-bozumtul rəngdə çatlar əmələ gətiririr. Bu çatlar tez bir zamanda bitişir və üzəri mantar toxuması ilə örtülür. Bu xəstəlik sahələrə çoxlu küləşi olan peyin verildikdə daha çox müşahidə olunur. Xəstəliyə tutulmuş kökümeyvələr həddindən çox bərkiyir, onu kəsmək çox çətin olur. Belə yumrularda çoxlu azot toplanır. Nəticədə çuğundurun şirinliyi azalır (şəkil 11).

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

Qırmızı çürüməyə qarşı aparılan kimidir.

 

Kök xərçəngi xəstəliyi (Pseudomonas tumefasciens. Stew.)

 

Xəstəliyə tutulmuş kökümeyvələr üzərində çıxıntılar əmələ gəlir ki, onlar da öz aralarında bir-biri ilə çox böyük olmayan düyünlərlə birləşir. Bu çıxıntıların üzəri hamar və quru olur. Xəstəliyin inkişafına mexaniki zədələnmə səbəb olur (şəkil 12).

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

Səpin üçün sağlam toxumlar və toxumluq üçün isə sağlam əkin materialı (kökümeyvələr) seçilməlidir.

 

Mozaika (alabəzəklilik) xəstəliyi (Betamozaic virus. Smith.)

 

Bu xəstəliyə tutulmuş bitkilərin yarpaqları üzərində müxtəlif böyüklükdə sulu-şəffaf ləkələr əmələ gəlir. Ləkələr cavan yarpaqlar üzərində daha aydın seçilir. Mozaika xəstəliyinə tutulmuş yarpaqlar burulur və quruyub tökülür. Xəstəliyi törədən virus çuğundurun kökümeyvələrində qışlayır (şəkil 13).

Mozaika xəstəliyini sorucu ağız aparatına malik olan cücülərdən mənənələr, yarımsərtqanadlılar və cırcıramalar yayırlar.

Bu cücülər kütləvi çoxaldığı illərdə xəstəlik daha geniş yayılır.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Növbəli əkin sisteminə əməl etmək.

2. Toxumu ancaq sağlam bitkilərdən götürmək.

3. Toxum materialını 1 %-li kalium permanqanat məhlulunda 30 dəqiqə ərzində dərmanlamaq lazımdır.

4. Səpindən qabaq toxum materialını 80 %-li tiram (Hektaş Hektiram Forte) - 3 q/kq toxuma, 250 q/l metalaksil (Hektaş Barrier ds) - 2 q/kq  preparatları ilə dərmanlamaq.

5. Bitkinin vegetasiya dövründə 0,05 %-li bor turşusu mikroelementi ilə çiləmə aparmaq.

 

ÇUĞUNDUR BİTKİSİNİN ZƏRƏRVERİCİLƏRİ

 

Çuğundur mənənəsi (Aphis fabae Scop.)

 

Kiçik cücü olub, parlaqdır, qara və bulanıq rəngdə olur. Sentyabr ayında mayalanmış yumurtalarını gərməşöv, yasəmən və yabanı zəfəran bitkiləri üzərinə qoyub, qışlayırlar. Bu yumurtalardan yazda, havanın temperaturu 7-9 0C  olduqda sürfələr çıxır və 2-4-cü nəsli yuxarıda göstərilən bitkilər üzərində yaşayır. Sonra qanadlı fərdlər çuğundur bitkisi üzərinə keçərək partenogenetik yolla çoxalır. Yayda bu zərərvericinin bir nəslinin inkişafı 8-9 gün çəkir. Beləliklə, yay dövründə 10-a qədər nəsil verə bilir. Mənənələrin çuğundur yarpağı üzərində kütləvi qidalanması nəticəsində yarpaqlar bükülür, bitki inkişafdan qalır, kökümeyvələr kiçik olur (şəkil 14). Toxumluq sahələrdə qidalandıqda isə toxumun məhsuldarlığı aşağı düşür. Çuğundura, lobyaya, çöl noxuduna, xaşxaşa, bəzi hallarda isə yerkökü və kartofa da zərər verir.

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Sahələrdə mənənə görünməyə başladığı zaman 65 %-li   malation, (Hektaş Hekthion)  - 1,5  l/ha,   35 %-li imidakloprid, (Hektaş Hekvidor 350 SC) - 0,3 l/ha, 20 % asetamprid, (Hektaş Hekplan) - 0,4 kq/ha, 5 %-li lambda siqaltron,  (Hektaş Maestro) - 0,6-0,8 l/ha preparatları ilə çiləmə aparmaq lazımdır. Hektara işçi məhlulu 400-500 litr sərf olunmalı, çiləmə məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır.

 

Çuğundur taxtabitisi (Polymerus cognatus Fied.)

 

3-5 mm böyüklükdə olub, sarımtıl-boz rəngdədir. Bu zərərverici yumurta mərhələsində qışlayır. Dişilər yumurtasını müxtəlif bitkilərin yarpaqları üzərinə qoyur. Yumurtanın inkişafı 5-6 gün davam edir. Sürfələr 5 dəfə qabıq dəyişdikdən sonra yetkin mərhələyə çevrilir. Bir nəslin inkişafı 30 gün çəkir. İldə 2-4 nəsil verir.

Əsasən çuğundura, eləcə də soyaya, noxuda, çöl noxuduna, mərciməyə, günəbaxana, yabanı zəfərana, xardala, yaz çiçəyinə, gənəgərçəyə, küncütə, xaşxaşa, dağ keşnişinə zərər verir (şəkil 15).

 

                   

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Çuğundur sahələrində 65 %-li malation (Hektaş Hekthion) - 1,5 l/ha, 2,5 %-li deltametrin, (Hektaş Deltharin) - 0,3 l/ha, 5 %-li lambda siqaltron (Hektaş Maestro) - 0,6-0,8 l/ha preparatları ilə çiləmə aparmaq.

 

Qalxanlı çuğundur yarpaqyeyəni (Cassida nebulosa.)

 

Böyüklüyü 6-7 mm-dir. rəngi boz-sarı olub, üzərində balaca qara ləkələr vardır. Böcək mərhələsində qışlayır. Qışdan çıxmış böcəklər yazda yumurtalarını tərə və sirkan bitkiləri yarpaqlarının üst və alt tərəfinə topa halında qoyurlar. Topaların üzəri maye ilə örtülür. Bir dişi fərd 180-200-ə qədər yumurta qoyur. Sürfələr çuğundur və digər bitkilərlə qidalanır. Puplaşma yarpaq üzərində gedir. İldə iki nəsil verir (şəkil 16).

Kütləvi çoxalma ilində çuğundur bitkisinə böyük zərər verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri.

1. Sahələrdə və onun kənarlarında olan alaq otlarını məhv etmək.

2. Səpindən qabaq toxumları 350 q/l tiametaksam, (Hektaş Pusula)  preparatı ilə (1 kq toxuma 10-14 ml preparat hesabı ilə) dərmanlamaq.

3. Sahələri 65  %-li malation, (Hektaş Hekthion) -  1,5 l/ha), 100 q/l alfa-sipermetrin (Hektaş Supertakimetrin) -0,5 l/ha  preparatları ilə çiləmək.

 

Cənub çuğundur birəciyi (Chaetocnema breviuscula Faid.)

 

Böyüklüyü 1,5-2,0 mm-dir. Yetkin mərhələdə bitki qalıqları altında qışlayır. Böcəklərin uçuşu may-iyun aylarında müşahidə edilir. Böcəklər çuğundur və əvəlik bitkiləri üzərində qidalanır. Cütləşdikdən sonra torpağın 5 sm dərinliyinə 4-6 ədəd yumurta qoyurlar (şəkil 17). Yumurtanın inkişafı 11-13 gün çəkir. Sürfələr bitki kökləri ilə qidalanır və torpaqda puplaşırlar. Quraqlıq illərdə böcəyin çuğundura vurduğu zərər daha böyük olur. İldə 1-2 nəsil verir.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Qalxanlı çuğundur yarpaqyeyəninə qarşı aparılan kimidir.

 

Adi çuğundur uzunburunu (Bothynoderes punctiventris nebulosuc Gyll.)

 

Böcək boz-qonur rəngdədir, 12-16 mm-dir. sürfələri ağ rəngli olub, qövsvari əyilmişdir. Uzunluğu 30 mm-ə qədər olur. Böcək torpağın 15-30 sm dərinliyində qışlayır  (şəkil 18).

Şum qatının temperaturu 8-100 C olanda qışlama yerlərindən (adətən aprelin ortalarında) çıxan böcəklər uçmur, qida axtarmaq üçün hərəkət edirlər. Havanın temperatuuru 25 0C-yə yüksələndə onlar çuğundur sahələrinə uçur, qidalanır və bitkinin kökünə yaxın yerdə torpağa yumurta qoyurlar. Bir dişi fərd 100-200, bəzən isə 700-800 ədəd yumurta qoyur.

Yumurtanın inkişafı 10-12 gün çəkir. Sürfələr çuğundur bitkisinin kökləri ilə qidalanır və onların inkişafı 45-90 gün davam edir. Sonra sürfələr torpaqda puplaşırlar. Bu növün həm yetkin fərdləri, həm də sürfələri zərər verir. Böcəklər cücərtilərlə qidalanıb onları məhv edir, nəticədə sahədə seyrəklik əmələ gəlir. Bəzən isə təkrar səpin keçirmək lazım gəlir. Sürfələr bitkilərin kök meyvələri ilə qidalanır. Nəticədə onlar eybəcərləşir və bəzən bitki məhv olur. Böcəklər payızda torpaqda qışlayırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Çuğundur sahələrində 40 %-li demetoat (Basf Bi-58)  - 1,5-2,0 l/ha, 65 %-li malation (Hektaş Hekthion) - 1,0 l/ha dozasında  preparatları ilə çiləmə aparmaq. Axırıncı çiləmə məhsul yığımına 20-30 gün qalmış aparılmalıdır.

Qara çuğundur uzunburunu (Psalidiun maxillosum F.)

 

Bədəninin uzunluğu 6,5-9,0 mm-dir. Rəngi parıldayan qaradır. Böcək mərhələsində torpaqda qışlayır. Böcəklər erkən yazda, Kür-Araz düzündə isə əlverişli şəraitdə mart ayının axırında qışlamadan çıxır. Dişilərin yumurta qoyması mayın birinci yarısında müşahidə edilir. Bir dişi fərd 250-300 yumurta qoya bilir (şəkil 19). Yumurtaların inkişafı bir aya qədər davam edir. Sürfələr bitkinin kökü və cavan cücərtiləri ilə qidalanırlar və gələn ilin iyun ayında puplaşırlar. Bir aydan sonra bunlardan çıxan böcəklər həmin yerdə də qışlayırlar. Böcəklər iki ilə qədər yaşaya bilir. Hər il də yumurta qoyurlar. Böcəklər çuğundurdan başqa qarğıdalıya, yoncaya, noxuda, lobyaya, günəbaxana, xiyara, pambığa və s. bitkilərə də zərər verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Adi çuğundur uzunburununa qarşı aparılan kimidir.

 

Boz çuğundur uzunburunu

(Tanymecus palliatus F.)

 

Bədəninin uzunluğu 8,5-11 mm-dir. böcək və sürfə mərhələsində torpaqda qışlayır. Aran rayonlarında böcəklər martın axırında qışlama yerlərindən çıxır. Yetkin fərdlər yarpaqlarla, sürfələr isə bitkinin kökləri ilə qidalanırlar (şəkil 20). Dişilər may-iyun aylarında yumurta qoyurlar. Sürfələrin inkişafı 13-14 ay davam edir. Sürfələr qışladıqdan sonra iyul-avqust aylarında puplaşırlar. Əmələ gələn böcəklər torpaqda uzun müddət qalır və qışlamadan sonra yazda torpaqdan çıxırlar. Bir nəslin inkişafı 2 ilə başa çatır. Müxtəlif bitkilərlə qidalanan növ olub, çuğundurdan başqa, kartof, turşəng, yonca, tütün, qarğıdalı və pambığa zərər verir.

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Adi çuğundur uzunburununa qarşı aparılan kimidir.

 

Ağımtıl çuğundur uzunburunu (Chromoderus decliis Ol.)

 

Bədəninin uzunluğu 9-11 mm-dir. bioloji və ekoloji xüsusiyyətləri qara çuğundur uzunburunu kimidir. Əlverişli iqlim şəraitində böcəklər bütün il boyu, ən çox isə may-iyun aylarında müşahidə olunurlar. Bu növün Lənkəran-Astara zonasında və Abşeronda çuğundur bitkisinə zərər verdiyi müşahidə edilmişdir. Dodaqçiçəklilər fəsiləsinə mənsub olan alaq otları ilə qidalanırlar (şəkil 21).

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Çuğundur sahələrində 40 %-li demetoat (Basf Bi-58) - 1,5-2,0 l/ha, 65  %-li malation (Hektaş Hekthion) - 1,0 l/ha)  preparatları ilə çiləmə aparmaq. Axırıncı çiləmə məhsul yığımına 20-30 gün qalmış aparılmalıdır.

 

Çuğundur gövdəyeyəni (Lixus subtilis Sturm.)

 

Bədəni 8-11 mm böyüklükdədir. Yetkin mərhələdə torpaqda qışlayır. Böcəklər apreldə qışlama yerlərindən çıxıb, ilk dövrlərdə müxtəlif alaq otları üzərində qidalanır, sonradan isə çuğundur sahələrinə keçirlər. Dişilər yumurtalarını bitkinin yarpaq saplağı və gövdəsi üzərinə qoyurlar. Sürfələr yarpaq ayasını yeyərək, bitkinin soluxmasına səbəb olurlar. Quraqlıq illərdə böcək daha çox zərər verir. Azərbaycanda çox güman ki, iki nəsil verir (şəkil 22).

 

 

 

 

 

 

 

 

 

 

 

Mübarizə tədbirləri. Uzunburun böcəklərə qarşı aparılan kimidir.

Çuğundur.jpg
1.1.jpg
2.jpg
2.1.jpg
3.jpg
3.1.jpg
4.jpg
5.jpg
5.1.jpg
6.jpg
7.jpg
7.1.jpg
8.jpg
9.png
9.1.png
11.jpg
11.1.png
10.jpg
10.1.jpg
12.jpg
13.jpg
14.jpg
15.jpg
15.1.jpg
16.1.jpg
16.jpg
17.1.jpg
17.jpg
18.jpg
19.jpg
19.1.jpg
20.jpg
21.jpg
22.jpg
22.1.jpg
bottom of page