Qarpızın xəstəlikləri
Fuzarioz (Fusarium oxysporium Schl)
Bu xəstəliyi bostan bitkilərinin kök sistemində əmələ gələn göbələklər yaradır. İlk əvvəl köklərdə açıq-çəhrayı örtüklə örtülən kiçik narıncı ləkələr əmələ gəlir. Xəstəlik inkişaf etdikcə köklər tündləşir, əsas gövdə çürüyür, yarpaqlar saralır, quruyur və düşür. Kol zəifləyir və böyümür (şəkil 1).
Erkən mərhələdə fuzariozu təyin etmək mümkün deyil, çünki bitki kökdən yoluxur. Əgər qarpızda xəstəliyin xarici əlamətləri görünürsə, deməli, o, artıq başlayıb və müalicə olunmaz. Yalnız xəstə kolları yox eləmək və torpağı 1%-li mis kuporosu məhlulu ilə işləmək lazım gəlir. Qalan bitkiləri isə profilaktika üçün 50%-li benomil (0.8 kq/ha), 530 q/l propomicarb+310 q/l fosetil (4 ml/m2) fungisidləri ilə çiləmək lazımdır.
Antraknoz (Colletotrichum lagenarium(Pass) Ell.et Halst)
Xəstəliyi göbələklər əmələ gətirir. Onlar yarpaqlarda yayılmış sarı və qonur ləkələr şəklində əmələ gəlir. Sonradan onlar böyüyür və sarı-çəhrayı yastıqcıqlarla örtülür. Daha sonra ləkələr gövdə və meyvədə yayılan tünd xoraya çevrilir. Yarpaqlar quruyur, qarpız deformasiya olur, böyümə dayanır və çürüyür (şəkil 2).
Antraknozu, bitkiyə 20%-li bordo bulamasının 1%-li məhlulu ilə çiləməklə müalicə etmək olar. Preparat düşdüyü yerə təsir göstərir, ona görə də kolu bərabər işləmək lazımdır. Çiləmələri 7-10 gündən bir 3 dəfə təkrarlamaq lazımdır. Fungisidlərdən də 75%-li sineb (2-4 kq/ha), 50%-li misoksixlor (3-4 kq/ha) istifadə etmək olar. Torpaq 2%-li kalium permanqanat məhlulu (2 q maddə + 100 ml su) və ya mis kuporosu (1 xörək qaşığı preparat+10 l su) ilə dezinfeksiya olunmalıdır. Bir kola 1,5 l məhlul kifayətdir.
Kök çürüməsi(Fusarium spp., Rhizoctonia spp., Phytum spp.)
Bu göbələk xəstəliyinin yoluxmasına səbəb yüksək temperatur müxtəlifliyi, nəmlik, torpağın bol suvarılmasıdır. Xəstəliyin əlamətləri: gövdənin aşağısında və tumurcuqlarda yapışqan tünd qonur rəngli ləkələr meydana gəlir. Kök qalınlaşır, yarpaqlar saralır, soluxur, bitki məhv olur (şəkil 3).
Xəstəliyi yalnız onun əmələ gəldiyi vaxtlarda müalicə etmək olar, nəzarətdən çıxmış mərhələdə kolları məhv etmək lazımdır.
Bakterioz (Pseudomonas luchrymans Smth. Er Br Stopp)
Bu xəstəliyi həşəratların sahəyə gətirdiyi bakteriyalar yaradır. Onlar 30oC-dən yuxarı temperaturda və havanın 70% nəmliyində baş qaldırır. Xəstəliyin əlamətləri: sulu yaşılımtıl-sarı ləkələrin əmələ gəlməsidir. Sonradan onlar böyüyür, yarpaqlar qaralır, kol məhv olur. Qarpızlarda tünd dairəvi örtük nəzərə çarpır (şəkil 4).
Xəstəlik ilk yarandığı vaxtlarda kolu xilas etmək olar. Bunun üçün hətta yoluxmanın kiçik əlamətləri olan bütün yarpaqları kəsmək lazımdır. Yarpağın sağlam hissəsindən də (0,5 sm) kəsmək məsləhətdir. Hər kəsimdən sonra bıçağı spirtlə işləmək vacibdir. Belə prosedurlar heç bir nəticə verməzsə, onda bitkini məhv etmək və torpağı mütləq dezinfeksiya etmək lazımdır.
Unlu şeh (Erysiphe cichoracearum, Sphaerotheca fuligiena)
Əgər yarpaq və meyvələrdə una oxşar ağ ləkələr örtüyü görünürsə, deməli, bitki unlu şehlə yoluxub. Bu xəstəliyi həmçinin göbələk yaradır. Tədricən örtük qəhvəyi rəng alır, ləkələrdən isə bulanlıq maye ayrılır. Kolun yoluxmuş hissəsi saralır. Meyvələr deformasiya olur və çürüyür (şəkil 5).
Mübarizə tədbirləri: bitki qalıqlarının sahədən təmizlənməsi, növbəli əkinlərin tətbiq edilməsi, bitkilərə yüksək aqrotexniki qulluğun göstərilməsi.
Müalicə: vegetasiya dövründə xəstəliyin ilkin əlamətləri göründükdə 250 q/l azoxistrobin (0,6 l/ha), 80%-li kolloid kükürd (4 kq/ha), 100 q/l penkonozol (0,4-0,6 l/ha), 70%-li tiofanat metyil (40 q/100 l suya) fungisidlərindən biri ilə növbələşdirələrək 7-10 gün fasilə ilə çiləmələr aparılmalıdır.
Yalançı unlu şeh (Pseudoperenospora cubensis )
Göbələk xəstəliyidir. Yarpaqlar üst tərəfdən yağlı açıq sarı rəngli dairəvi ləkələrlə örtülür. Alt tərəfdən isə onlarda boz-bənövşəyi örtük əmələ gəlir. Yarpaqlar soluxur. Meyvələr böyüməni dayandırır, görünüşü dəyişir, dadsızlaşır, rəngini itirir (şəkil 6).
Müalicə: 50%-li mis oksixlor (500 q/100 l suya), 100 q/l penkonozol (0,4-0,6 l/ha) çilənilir. Hazır məhlulu yarpağın həm alt, həm də üst tərəfinə çiləmək lazımdır. Xəstəliyin ilkin mərhələsində, ləkələr lokal xarakter daşıyanda yalnız yoluxmuş zonaya məhlulu istifadə etmək olar. Məhsulun yığılmasına 20 gün qalmış çiləmələr dayandırılmalıdır.
Ağ çürümə (Sclerotinia sclerotiorum D.By)
Xəstəliyin əmələ gəlməsinə səbəb Sclerotinia sclerotiorum göbələyidir. O, soyuq havada və yüksək nəmlikdə yayılır. Aşağı yarpaqlar sulu, yarışəffaf olur. Kol soluxur, tumurcuqlar yumşalır, çürüyür (şəkil 7).
Xəstəliyin profilaktikası: xəstəlik aşkar olunduqda kolun bütün yoluxmuş hissələri iti, dezinfeksiya olunmuş bıçaqla kəsilir. Kəsilmiş hissələrə kolloid kükürdü və ya aktivləşdirilmiş kömür səpmək lazımdır. Növbəli əkinə düzgün riayət etmək; torpağı dərin şumlamaq; toxumları 70%-li tiram(3qr/kq toxuma) preparatı işləmək.
Müalicə: xəstə bitki qalıqlarını kənarlaşdırmaq; torpağı 20%-li Bordo bulamasının 1%-li məhlulu ilə işləmək.
Boz çürümə (Botritis cineria)
Bu xəstəliyi yaradan göbələk bir neçə il bitki qalıqlarında, torpaqda yaşayır. Boz çürümə yalnız ona uyğun şəraitdə inkişaf edir: soyuqda və quruda. Meyvələrdə, tumurcuqlarda, yarpaqlarda yapışqan qəhvəyi rəngli, kiçik tünd nöqtələrlə boz örtüklə örtülən ləkələr əmələ gəlir (şəkil 8).
Xəstəliyin profilaktikası: növbəli əkinə düzgün riayət etmək; torpağı dərin şumlamaq; toxumları 70%-li tiram (3q/kq toxuma) preparatı ilə işləmək.
Müalicə: xəstə bitki qalıqlarını kənarlaşdırmaq; torpağı 1%-li mis sulfat məhlulu ilə işləmək, xəstəliyin ilkin əlamətləri göründükdə bitkilər fludoksanil+siprodinil (0,8-1,0 kq/ha) preparatı ilə dərmanlanır.
Mozaika (Cucumus virus 1)
Bu virus xəstəliyi yarpaqların açıq hissələrində müşahidə olunur. Sonradan yarpaq plastinləri deformasiya olur, quruyur, kol böyüməni dayandırır. Qarpızın meyvələrində şişkinlik, çıxıntı müşahidə olunur. Bu xəstəlik bitkilərə zərərvericilərdən, toxumlardan, calaq alətlərindən keçə bilər (şəkil 9).
Xəstəliyin profilaktikası: sağlam bitkinin toxumları 72 saat ərzində 510C –yə qədər qızdırılır, sonra temperatur 800C-yə qədər artırılır və daha 24 saat qızdırılır. Torpaq 120 dəqiqə müddətində 1000C-də dezinfeksiya olunur. Viruslar adətən bitki qalıqlarında yaşayır. Ona görə də bütün bitki qalıqları, o cümlədən alaqlar kökləri qarışıq sahədən çıxarılmalıdır. Virusları yayan mənənə, trips, gənə kimi həşaratlar məhv edilməlidir. Xəstəliyin ilkin əlamətləri müşahidə edildikdə bitki məhv edilməlidir.Virusa davamlı sortlar əkilməlidir.
Yarpaqlarda pas xəstəliyi
Bu xəstəliyi pas göbələyi yaradır. Xəstəliyin əsas simptomları – kolda müxtəlif forma və ölçüdə qəhvəyi çıxıntılar əmələ gəlməsidir. Sonradan onlar çatlayır və onlardan “pas” toz – göbələk sporları ayrılır. Xəstəlik yüksək nəmlikdə və azot gübrələrinin artıqlığında inkişaf edir (şəkil10).
Xəstəliyi 100 q/l penkonozol (0,4-0,6 l/ha), 500 q/kq kre-zoksim metil (0,2 kq/ha), 50%-li mis oksixlor (500 q/100 l suya) fungisidlərinin köməyi ilə müalicə etmək olar. Yoluxmuş yarpaq və tumurcuqları kəsmək lazımdır.
Zeytunabənzər ləkəlilik (Scolecotrichum melophthorum
Prill. et Del.)
Xəstəliyi göbələk yaradır. Ən çox ziyanı meyvəyə vurur. Onlarda çıxıntılı boz-zeytun rəngli ləkələr əmələ gəlir. Ləkə gövdə və yarpaqlarda yayılır, onlar kövrəkləşir. 5-10 günə kol məhv ola bilər (şəkil 11).
Xəstəliyin simptomları aşkar edildikdə kolu 1%-li bordo mayesi ilə işləmək lazımdır.
QARPIZIN ZƏRƏRVERİCİLƏRİ
Qarpızlar müxtəlif xəstəliklərlə yanaşı, həm də zərərvericilərlə yoluxa bilir. Bu zərərvericilər xəstəlik yaradırlar, ona görə də onlarla mübarizə aparmaq vacibdir.
Bostan mənənəsi (Aphis gossypii)
Yarpağın, güllərin, qarpızın içərisinə daxil olan həşəratdır. Onları görməmək mümkün deyil. Yarpaqlar tünd örtüklə örtülür. Yoluxmuş sahə deformasiya olur, quruyur, bitki məhv olur (şəkil 12).
Mübarizə tədbirləri: qışlamadan əvvəl bostan və sahədə bahar təmizliyi aparılır. Bu zaman 0,1 %-li superfosfat gübrəsi və ya 0,5% kalium xlorid məhlulundan istifadə edilir. Zərərvericiyə qarşı davamlı sortlar əkilməlidir. Alaqlar vaxtında təmizlənməlidir. Kimyəvi preparatlardan 20%-li asetamprid (0,4 kq/ha), 35%-li imidakloprid (0,25 l/ha) və başqalarından istifadə etmək olar.
Mənənəni “xalq” üsulu ilə qovmaq olar. Həşəratlar soğan, sarımsaq, tütün, xardal tozu, sitrus qabığı iyini xoşlamırlar. Kol həftədə iki dəfə işlənməlidir. Əgər mənənələr çoxdursa, onda istənilən insektisiddən istifadə etmək olar.
Məftil qurdları (Agrotis spp.)
Məftil qurdları şıqqıldaq böcəklərinin sürfələridir. Bu zərərverici meyvələrdə yayılır və onlarda deşiklər açır. Onlar çürüməyə başlayır (şəkil 13).
Mübarizə tədbirləri: toxum əkilməmişdən qabaq 35%-li tiametoksam və 60%-li imidakloprid ilə (2q/kq toxuma) preparatlarından biri ilə dərmanlanır. İstifadədən sonra onların uzun müddət təsiri qalır. Məftil qurdları ilə mübarizə aparmaq üçün alaqları təmizləmək, torpağı əhəngləmək, külləmək lazımdır.
Bu zərərvericidən tələnin köməyi ilə xilas olmaq olar: torpaqda bankalar qoyulur və onların içərisinə kartof, kök tikələri yerləşdirirlər. Həftədə bir neçə dəfə onları təzələri ilə əvəz etmək lazımdır. Cərgələrarası xardal yarpağı, lobya əkmək lazımdır. Onlar mənənəni uzaqlaşdırır.
Tor gənəciyi (Tetranuchus urticea)
Yarpaqlarda aşağı tərəfdən diametri tədricən böyüyən qəhvəyi nöqtələr nəzərə çarpır. Bütün bitki nazik şəffaf tor ilə əhatələnir. Sonradan kol quruyur və məhv olur (şəkil 14).
Mübarizə tədbirləri: yarpaqların əmələ gəlməsi mərhələsində 40%-li demetoat (2 l/ha), 18 qr/l abamektin (0,25-0,5 l/ha), 110q/l etoxazol (0,4 l/ha) preparatlarından istifadə edilir. Tor gənəciyini məhv etmək üçün “Fitoverm”, “ Aktofit” bioloji preparatları da yüksək səmərə verir.
Tripslər (Trips spp.)
Bostan bitkisinin yarpaqlarında kiçik tünd - qəhvəyi rəngli cizgilər görünür ki, bu, əslində, elə zərərvericidir. Onlar bitkinin şirəsi ilə qidalanır. Yoluxmuş yer rəngsizləşir. Nəzarətdən çıxmış mərhələdə gövdələrin görünüşü dəyişir, çiçəklər tökülür.
Tripslər isti və quru havada yayılır (şəkil 15).
Zərərvericilərlə mübarizə aparmaq üçün “xalq” üsulundan da istifadə etmək olar. Dəmrovotu, sarımsaq və pomidorun gövdə hissələrindən hazırlanmış məlhəmlər yaxşı kömək edir: əgər parazitlərin sayı çoxalarsa, onda bitkiləri 5%-li lambda siqaltron (0,6 l/ha), 240 q/l spinosad (0,5 l/ha), Fitoverm (2 l/ha) preparatları ilə işləmək lazımdır. Preparatlardan 3-4 dəfə 1-2 həftə interval ilə istifadə etmək vacibdir.
Qalla nematodu (Meloidagyna ingosnita F.W.)
Bu zərərverici 1-2 mm ölçüdə olan dairəvi qurddur. Parazitlər torpağın orta nəmliyində və 20-30 oC temperaturda inkişaf edir. Onlar bitkinin kökünü yoluxdurur. Kol soluxur, elə bil ki, onda nəmlik və qida maddələri çatışmır. Yarpaqlar qıvrılır, qarpız meyvəsinin böyüməsi dayanır və məhv olur (şəkil 16).
Nematodlarla mübarizə aparmaq üçün 0,02%-li merkaptofos məhlulu və ya fosfamid kimyəvi maddələrindən istifadə etmək lazımdır. İşləməni 2-4 dəfə 3-5 gün intervalı ilə aparırlar.
Kəpənək sovkalar (Helicoverpa armigera)
Bostan bitkilərinin zərərvericisi kəpənək sovkasının tırtılıdır. Onlar torpaqda yaşayır, gecə vaxtı isə yuxarı qalxır və bitkinin yarpaqlarını, tumurcuqları gəmirir (şəkil 17).
Mübarizə tədbirləri: sovkaya qarşı mübarizə aparmaq üçün 2,5%-li deltametrin (0,3 l/ha), 150 q/l indexocarb (0,4 l/ha), 65%-li malation ( 2 l/ha) preparatlarından istifadə oluna bilər.
Qarpızı tırtıldan xilas etmək etmək üçün çiçəklənən yovşanla çiləmək olar: 300 q yovşan xammalı, 1 stəkan ağac külü, 1 xörək qaşığı maye sabun 10 l qaynar suya tökülür və 5-6 saat saxlanılır. Soyuyandan sonra kollar işlənir.
Çəyirtkə
Qarpızın zərərvericilərindən biri də çəyirtkədir. Bu həşərat bitkinin bütün hissələri ilə qidalanır, onun sürfələri isə kökü yeyir (şəkil 18).
Sahədə əgər bir neçə çəyitkə aşkar edilibsə, onda mexaniki üsulla mübarizə aparmaq olar. Çoxluq təşkil etdikdə isə kimyəvi maddələrlə: 2,5%-li deltametrin (0,3 l/ha), lambda siqaltron (0,8 l/ha) mübarizə aparmaq lazımdır.
Quşlar
Bostan sahəsini quşlardan qorumaq üçün plastik və ya toxuma torlardan istifadə etmək olar. Lakin bu metoddan çox da böyük olmayan sahələrdə istifadə etmək olar (şəkil 19).