top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və “İntergeo-Tetis” Beynəlxalq Elmi-Texniki Kompleksi arasında əməkdaşlıq müqaviləsi imzalandı

19 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsi və “İntergeo-Tetis” Beynəlxalq Elmi-Texniki Kompleksi arasında elmi-texniki əməkdaşlığa dair müqavilənin imzalanması ilə bağlı tədbir keçirilmişdir. İnstitutun direktoru Elmar Allahverdiyev tədbiri giriş sözü ilə açaraq institut əməkdaşlarından ibarət tədbir iştirakçılarına Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, g.-m.e.d., professor Elçin Xəlilovu, "İntergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin icraçı direktoru Həsən Şəfiyevi və kompleksin marketinq-menecment departamentinin direktoru Anar Xəlilovu təqdim etdi.


Elmar Allahverdiyev əməkdaşlıq müqaviləsinin "Tərəvəz bitkilərinin məhsulunun əsas kəmiyyət və keyfiyyət göstəricilərinə suvarma suyunun maqnit emalının təsirinin eksperimental tədqiqatı" mövzusunda aparılacaq birgə innovativ elmi-tədqiqat işlərinin həyata keçirilməsi məqsədilə bağlandığını qeyd etdi. O, həmçinin bağlanılacaq əməkdaşlıq müqaviləsinin dünya elminə inteqrasiyada böyük rol oynayacağı, həmçinin gələcəkdə oxşar tədqiqatların şoranlaşmış torpaqlarda da aparılması, elmi-tədqiqatların nəticələri əsasında birgə məqalələrin və monoqrafiyaların, metodik göstərişlərin və sairənin dərc etdirilməsi, elmi məruzələrlə konfranslarda ediləcək çıxışlar və ixtira patentlərinin alınması haqqında da qeyd etdi.


E.Allahverdiyev sözü professor Elçin Xəlilova verdi. O, dəvətə görə təşəkkür etdi və rəhbərlik etdiyi kollektiv adından tədbir iştirakçılarını salamladı. Beynəlxalq Elmlər Akademiyasının dünyanın ən məşhur akademiyalarından biri olduğunu vurğulayan Elçin Xəlilov onun tarixi haqqında məlumat verdi. O, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını bildirdi. Akademiyanın təsis edilməsində Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası, Dövlət Universitetləri və bir çox iri təşkilatların yaxından iştirak etmələrini və bölmənin dünya miqyasında keçirdiyi beynəlxalq simpozium və konfranslar haqqında tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, Tərəvəzçilik ET İnstitutu ilə bağlanacaq əməkdaşlıq müqaviləsində praktiki əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin aparılmasının planlaşdırıldığını və maqnitləşdirilmiş suvarma suyunun unudulmuş sahə olduğunu bildirdi. Hələ 35-40 il bundan əvvəl maqnitləşdirilmiş suvarma suyunun müsbət nəticələrə yol acması artıq o dövrdə məlum idi. Bu texnologiya hal-hazırda bir çox ölkələrdə, Yaponiyada, Amerikada, Çində, Almaniyada tətbiq olunduğunu və alınmış nəticələr çox yüksək olduğunu bildirdi. Şoranlaşmış torpaqlarda istifadə olunan maqnitləşdirilmiş suyun kənd təsərrüfatında yüksək nəticələr əldə edilməsinə də müsbət təsir etdiyini qeyd etdi. Sonra "İntergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin icraçı direktoru Həsən Şəfiyev öz çıxışında gördükləri işlərdən, zəlzələyə davamlı inşaat materiallarının, konstruksiyaların hazırlanması, onların tədqiqi, yerin təkində gedən tektonik proseslərin, zəlzələlərin öyrənilməsi və bu sahədə beynəlxalq layihələrə qoşularaq, İndoneziyada, Ukraynada tədqiqat işləri aparılması və s. haqqında ətraflı toxundu.


Sonda növbəti iki il üçün elmi-texniki əməkdaşlığa dair üçtərəfli müqavilə imzalandı.



Comments


Commenting has been turned off.
footer-logo-az.png

(C)Bütün hüquqlar qorunur

Saytın hazırlanması: birsayt.az

bottom of page