top of page

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Ramil Nəbiyev Tayland Beynəlxalq Əməkdaşlıq Agentliyi (TİCA) tərəfindən Tailand Krallığının Fitsanulok şəhərində yerləşən Naresuan Universitetində (Kənd təsərrüfatı, təbii ehtiyatlar və ətraf mühit fakültəsi) 14-27 may 2019-cu il tarixdə “İnkişaf etməkdə olan ölkələr üçün meyvə və tərəvəz bitkilərinin emalı texnologiyası” mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişdir. Təlim kursuna Naresuan Universitetinin rəhbərliyi tərəfindən giriş nitqi ilə start verilmişdir. Təlim kursunda iştirak etmək məqsədi ilə 18 nəfər 18 ölkədən (Türkiyə, Azərbaycan, İran, Argentina, İordaniya, Vyetnam, Myanmar, Banqladeş, Nepal, Şri-Lanka, Nigeriya, Burundi, Malavi, Samoa, Mavriki, Zimbabve, Kenya, Uqanda) müxtəlif təşkilatlardan dəvət olunmuşdur. İştirakçılar ilkin olaraq Naresuan Universitetinin Kənd təsərrüfatı, təbii ehtiyatlar və ətraf mühit fakültəsi haqqında təqdimatla məlumatlandırılmışdır. Təlim kursu Tayland Krallığının Fitsanulok (Naresuan Universiteti, Fitsanulok Provensiyası), Bangkok şəhərlərində, Fetçabun və Çianq May provensiyalarında təşkil edilmişdir. Kursun gedişatı zamanı, Naresuan Universitetinin və Krallığın digər universitetlərinin professorları tərəfindən kursun tələbatına uyğun çərçivədə çoxlu sayda mühüm əhəmiyyətə malik “Meyvə və tərəvəzlərin emal keyfiyyətini müəyyən edən əsas amillər”, “Meyvə və tərəvəzlərin yığımdan sonrakı itkiləri və sağlamlıq effektləri”, “Davamlı iqtisadiyyatın fəlsəfəsi” (Tayland Krallığı tərəfindən əsası qoyulmuşdur), “Keyfiyyətin qiymətləndirilməsi”, “Emal keyfiyyətinə təsir edən yığımdan əvvəlki amillər”, “Tərəvəzlərin yığımdan sonrakı fiziologiyası”, “Meyvə və tərəvəzlərin dadı və ətri”, “Tropik meyvələrin yığımdan sonrakı fiziologiyası”, “Standartlaşdırma və inspeksiya”, “Keyfiyyətin qiymətləndirilməsi və nəzarət”, “Soyuq saxlama və refrijiratorlu daşınmanın fizioloji və texniki aspektləri”, “Yeni saxlama sistemləri, temperatur və etilenin idarə olunması”, “Meyvə və tərəvəzlərin yığımdan sonrakı xəstəlikləri”, “Yığımdan sonra zərərvericilərlə mübarizə”, “Müxtəlif əmtəəlik məhsulların yığımı və emalı sistemləri”, “Saxlanma şəraiti, qablaşdırma metodları və keyfiyyət əlamətlərinin ölçülməsi”, “Daşınma: sistemlər, yükləmə nümunələri və ətraf mühitə nəzarət” mövzularında mühazirələr dinlənilmiş, mövzulara uyğun laborator-praktik məşğələlər keçirilmişdir.
 Təlim zamanı Krallığın Fetçabun provensiyasında yerləşən Long Rak Thai, B.N. farm (meyvə bağları və meyvə məhsulunun satışı), həmin provensiyanın Khao Kho rayonundakı hidroponika fermer təsərrüfatlarına səfərlər təşkil olunmuşdur.
Sonra Çianq May provensiyasında yerləşən Fəxri Layihə Fondu, həmin fondun nəzdində fəaliyyət göstərən qablaşdırma məntəqəsi, Anqhanq Fəxri Kənd Təsərrüfatı Stansiyası, stansiyanın meyvə və tərəvəz istehsalı sahəsi və qablaşdırma məntəqəsi, Fanq rayonunda yerləşən Doi Kham Food Product, Hua Luk Royal Project və Fəxri Layihə Fondunun (Royal Project Foundation) satış mərkəzi ilə tanışlıq olmuşdur.
Növbəti səfər Banqkok şəhərində yerləşən Kasetsart Universitetinin nəzdində fəaliyyət göstərən qablaşdırma məntəqəsinə təşkil edilmişdir.   
Beləliklə, kursun sonunda Banqkok şəhərində Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən iştirakçılar sertifikat ilə təltif olunmuşdur.

bottom of page