top of page

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Türkiyəli ekspert tərəfindən keçirilən beynəlxalq seminar uğurla başa çatdı

image-16-12-19-02-11-1.jpeg

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində Türkiyənin Üzvi Kənd Təsərrüfatının Təşkili Assosasiyasının idarə heyətinin sədri Uyğun Aksoy tərəfindən “Üzvi kənd təsərrüfatı” mövzusunda üzvi kənd təsərrüfatının ümumi anlayışları, tətbiq olunan texnologiyalar, standartlar, təftiş və sertifikatlaşdırma ilə bağlı nəzəriyyə və təcrübə , tədqiqat, yayım-məsləhət xidməti və məlumat mənbələrinə dair 09-13 dekabr 2019-cu il tarixdə beynəlxalq seminar keçirildi. Seminar İnstitutun İdarə heyətinin sədri Elmar Allahverdiyev tərəfindən açıq elan edilmişdi. Xarici ekspert seminar iştirakçılarını kənd təsərrüfatında mövcud müasir çətinliklər, davamlı idarə etmə sistemi kimi üzvi kənd təsərrüfatının rolu, dünyada və Azərbaycanda üzvi kənd təsərrüfatının vəziyyəti ilə bağlı məlumatlandırdı. Bununla yanaşı, iştirakçılarla üzvi təsərrüfatların idarəçiliyində əsas prinsiplər və təcrübələr, üzvi məhsulların satışa çıxarılması və aparıcı bazarlar, benəlxalq və milli standartlar, torpaq münbitliyinin idarə edilməsi, üzvi əkinçilikdə məhsulun inteqrasiyalı idarəçiliyi və icazə verilən mühafizə vasitələri, yabanı yığım, arıçılıq, yığım sonrası işlər və emal, təftiş, sertifikatlaşdırma və akkreditasiya, üzvi kənd təsərrüfatı yaratmaq üçün fermanın və sahənin planlaması məşğələsi, üzvi heyvandarlıq, davamlı sistemlər və üzvi kənd təsərrüfatı ilə bağlı ictimaiyyətə açıq məlumat mənbələrinə dair mövzular ətrafında bilik və təcrübəsini bölüşdü. Sonra fermerlərin üzvi əkinçiliyə keçidi, təftiş və sertifikatlaşmaya hazırlanması, üzvi məhsullar üçün bazarın inkişaf etdirilməsi, yerli bazar, idxal, həmçinin regionların, bitkilərin yaxud fermerlərin və eləcə də bazarların prioritetləşdirilməsi ilə bağlı qrup işləri təşkil olundu. Eyni zamanda, iştirakçılar Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun üzvi kənd təsərrüfatı istiqamətində gördüyü işlərlə tanışlıq məqsədilə müasir avadanlıq və cihazlarla təchiz olunmuş şöbə və laboratoriyalara baş çəkdilər. Sonda Azərbaycanda üzvi kənd təsərrüfatının inkişaf etdirilməsi mövzusunda müzakirələr aparıldı və təlimin qiymətləndirilməsi prosesi həyata keçirildi. Seminarda Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Aqrar Xidmətlər Agentliyi, AMEA Genetik Ehtiyatlar İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları iştirak etdilər.

bottom of page